İstilik sistemləri niyə işə salınmır?

İstilik sistemləri niyə işə salınmır?

Bir neçə oxucu Milli.Az-a müraciət edərək havaların soyuq keçməsinə baxmayaraq, yaşayış binalarında istilik sistemlərinin hələ işə salınmamasından şikayət edirlər. Onların sözlərinə görə, sakinlər qızınmaq üçün əlavə elektrik qızdırıcılarından və digər vasitələrdən istifadə etmək məcburiyyətində qalıblar ki, bu, həm onların ailə büdcələrinə ziyan vurur, həm də yanğına səbəb ola biləcəyindən həyatlarını təhlükə altına qoyur. Bununla bağlı müvafiq qurumlara müraciət etdikdə isə istilik sistemlərinin yalnız noyabrın 15-dən işə salınacağını bildiriblər.

Bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib ki, havanın orta sutkalıq temperaturu 8 dərəcədən aşağı düşməyincə, istilik mövsümünə noyabrın 15-dən tez başlanmayacaq: "Hələ Sovet dövründən, 1969-cu ildə Bakı Şəhər İstilik İdarəsi yaranandan bəri Nazirlər Kabinetinin qərarı ilə respublika ərazisində istilik mövsümü 152 gün - noyabrın 15-dən aprelin 15-ə kimi, dağlıq ərazilərdə isə 182 gün nəzərdə tutulurdu. Amma orada bir bənd var idi ki, meteroloji şəraitdən asılı olaraq, payızda havaların kəskin soyuması baş verərsə və ya yazda havalar tez qızarsa, yerli icra hakimiyyətlərinin qərarına əsasən, istilik mövsümü vaxtından tez və ya gec başlaya, eləcə də tez və ya gec bitə bilər. Yəni Bakı şəhərində istilik mövsümünün başlanması Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının sərəncamı ilə tənzimlənir. İstilik mövsümü ilə bağlı norma və qaydalarda göstərilir ki, havanın orta sutkalıq temperaturu 5 gün dalbadal müsbət 8 dərəcə C-dən aşağı olarsa, yerli icra hakimiyyəti orqanları istilik mövsümünün tez başlanması barədə sərəncam verə bilərlər. Əgər temperatur 8 dərəcədən aşağı deyilsə, o zaman mövsüm noyabrın 15-dən tez başlamayacaq. Biz də bunu görə-görə gəlmişik.

Noyabrın 15-dən aprelin 15-dək olan vaxt sınaqdan çıxarılmış mövsümdür. Amma ötən il havalar tez soyudu və noyabrın əvvəlində, ilk növbədə, istilik verilməsi nəzərdə tutulan obyektlərə - uşaq və doğum evləri, xəstəxana və poliklinikalara, internat məktəblərinə istiliyin verilməsinə başlandı, daha sonra yaşayış binalarındakı sistem işə salındı".

Xidmətin rəisi bildirib ki, yeni istilik mövsümünə keçidlə bağlı sərəncam veriləndə qaz və işığın alındığı "Azəriqaz" İstehsalat Birliyi və "Azərenerji" ASC də payız-qış mövsümünə keçməlidir: "Yəni təkcə bizim vaxtından tez yeni mövsümə keçməyimizin heç bir mənası olmayacaq. Biz yalnız fərdi qazanxanası olan obyektlərdə, məsələn, internat məktəbi, xəstəxana və s. bizimlə birbaşa müqaviləsi olan obyekt varsa, onların xahişi ilə orada istilik sistemlərini vaxtından tez işə sala bilirik. Amma harada ki, istilik sistemi mərkəzi rayon istilik qazanxanalarına bağlıdır, artıq orada iş təkcə bizdən asılı olmur. Bunun üçün "Azəriqaz" da, "Azərenerji" də bizimlə paralel payız-qış mövsümünə keçməlidir. "Azəriqaz" qazın təzyiqini artırmalı, "Azərenerji" isə istilik enerji mənbəyindən istilik verməyə başlamalıdır".

Deməli, məntiqlə sakinlər hələ ya 3 həftə də birtəhər dözməli, ya da temperaturun 8 dərəcədən aşağı enməsini gözləməlidirlər. 

Xəbər 750 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR