İqtisadçı ekspert: "Hökumət bu addımı atmalıdır..."

İqtisadçı ekspert:

2015-ci ildə Azərbaycan manatı dollar və avroya nisbətdə iki dəfə kəskin ucuzlaşdı.

21 fevral 2015-ci il devalvasiyasından sonra 21 dekabr 2015-ci il tarixində manat ikinci dəfə dəyərdən düşdü. Birinci devalvasiyada manat 33% dəyərdən düşmüşdürsə, ikinci devalvasiya milli valyutamızı 50%-ə yaxın ucuzlaşdırdı.

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, Mərkəzi bankın üzən valyuta sisteminə keçid siyasətini və ikinci devalvasiya dalğasını iqtisadçı ekspert Vüqar Bayramov şərh edib:

"Mərkəzi bank neftin dünya bazarında qiyməti aşağı düşdükdən sonra üzən valyuta siyasətinə keçidi surətləndirib. Güman olunurdu ki, gələn ildən Mərkəzi bank üzən valyuta rejiminə keçəcək, ancaq bütün hallarda neftin dünya bazarında qiymətinin aşağı düşməsi prosesini sürətləndirdi. Mərkəzi bank praqnozlaşdırılandan bir neçə gün öncə üzən valyuta siyasətinə keçdi. Mərkəzi bank dövlət rezervlərini, xarici valyuta ehtiyatının azalmasının qarşısı manatın məzənnəsini qoruyub-saxlamaqla ala bilmirdi. Bu sürətlə Mərkəzi bankın müəyyən müddətdən sonra xarici valyuta ehtiyatı sıfıra enəcəkdi. Bu baxımdan Mərkəzi bank üzən valyuta siyasətinə keçməklə xarici valyuta rezervlərinə qənaət etməyə çalışdı. Digər tərəfdən isə Mərkəzi bank artıq kursun müəyyənləşdirilməsində bazarın rolunu artırmağa çalışdı və bu da təbii ki, manatın məzənnəsinin aşağı düşməsində özünü göstərdi. Bu proqnozlaşdırılan idi. Çünki üzən valyuta siyasətinə keçid manatın məzənnəsinin aşağı düşməsinə gətirib çıxarmalı idi və buna da gətirib çıxardı.

Manatın məzənnəsi artıq bazar tərəfindən müəyyənləşdiriləcək. Əgər neftin dünya bazarında qiyməti aşağı olarsa, bu manatın məzənnəsində azalmalarla müşahidə olunacaq. O zaman manatın məzənnəsi möhkəmlənə bilər ki, neftin dünya bazarında qiymətində artımlar müşahidə olunsun. Bütün xarici faktorlar manatın əleyhinə işləyirdi. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi, o cümlədən dünya bazarında dolların möhkəmlənməsi manata təzyiqi artırdı. Mərkəzi bank da manatın məzənnəsinin qorunub saxlanmasında ciddi çətinliklərlə üzləşirdi. Bu da üzən valyuta siyasətinə keçidlə nəticələndi.

Manatın məzənnəsinin kəskin aşağı düşməsi idxal edilən malların qiymətinin qalxmasına gətirib çıxaracaq. Mərkəzi bank büdcədən əməkhaqqı alan vətəndaşların əməkhaqqlarını ideksasiya etməlidir ki, məzənnənin aşağı düşməsi və idxal olunan məhsulların qiymətlərinin artması fonunda onların əməkhaqqları kəskin dəyərsizləşməsin. Bu baxımdan manatın üzən valyuta rejiminə keçidi ilə bağlı olaraq birmənalı şəkildə kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var ki, əmanətlərin, eləcə də əməkhaqqlarının dəyərsizləşməsinin qarşısını almaq mümkün olsun.

Üzən valyuta rejiminə keçid əslində gözlənilirdi. Onun üçün də həm kreditlərin qaytarılması, eyni zamanda əməkhaqqlarının dəyərsizləşməməsi üçün Mərkəzi bank və hökümət çalışmalıdırlar ki, dəyərsizləşmənin qarşısını alsınlar. Burada əsas məqsəd ondan ibarətdir ki, manatın məzənnəsinin aşağı düşməsi fonunda digər təsirləri minimumlaşdırsın. Hökumət bu istiqamətdə ciddi fəaliyyətlər həyata keçirməlidir ki, həm əmanətlərə, əməkhaqqı və digər sosial öhdəliklərə mənfi təsirləri minimumlaşdırsın.

Güman etmirəm ki, manatın məzənnəsinin dəyərdən düşməsi böhrana gətirib çıxarsın. Bu praktika qonşu ölkələrdə də müşahidə olunub. Bunun mənfi fasadları var. İndiki məqamda mənfi fəsadları minimumlaşdırılmasına çalışılmalıdır ki, manatın məzənnsinin kəskin aşağı düşməsi sosial sahələrə və bank sektoruna ciddi təsir etməsin".

Qeyd edək ki, manatın 21 fevral devalvasiyası nəticəsində Azərbaycanda 0.78 manata bərabər olan dolların dəyəri 1.05 manata qalxmışdır.

Xəbər 644 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR