Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya səfər edəcək.
Aktual.az Anspress-ə istinadən xəbər verir ki, İlham Əliyevin Berlin səfəri iyunun 7-nə planlaşdırılıb.
Prezident İlham Əliyevin səfəri barədə ilk dəfə Almaniya kansleri Angela Merkel məlumat vermişdi. O, aprelin 6-da Ermənistan prezidenti Serj Sarkisyanla Berlində keçirdiyi görüş zamanı İlham Əliyevin iyun ayında Almaniyaya səfər edəcəyini demişdi.
Merkel İlham Əliyevlə səfər barədə razılığa gəlindiyini desə də səfərin dəqiq gününü açıqlamamışdı. “Biz onun nöqteyi-nəzərindən problemləri müzakirə edə bilərik”, - deyə Merkel İlham Əliyevin səfəri barədə danışarkən bildirib.
Prezident İlham Əliyev Almaniyaya son dəfə bu ilin fevral ayında səfər edib. Həmin vaxt o, Münhen Təhlükəsizlik Konfransında iştirak edib.
İlham Əliyev səfər çərçivəsində iştirak etdiyi “Neftin qiymətinin aşağı düşməsi geopolitikası üzrə enerji siyasəti” mövzusunda “dəyirmi masa”da maraqlı çıxışı ilə yadda qalmışdı.
"Bizim üçün bu, müstəqilliyimizin gücləndirilməsi və ölkəmizin müvəffəqiyyət qazanmasının yollarının tapılması mənasını daşıyırdı. O vaxtdan bəri iyirmi il ötüb və biz nəinki neft-qaz sahəsinə böyük investisiyaları cəlb etməyi və önəmli neft və tezliklə təbii qaz istehsalçısına və ixracatçısına çevrilməyi bacardıq, eyni zamanda neft-qaz sahəsindən əldə etdiyimiz gəlirləri əsasən qeyri-neft sektoruna, xüsusilə infrastruktura yatıra bildik.
Buna görə də bizim neft amilindən asılılığımız ötən 5-10 il ərzində əhəmiyyətli dərəcədə azalıb", - deyə dövlət başçısı vurğulayıb.