Hüseyn Abdullayevin həbsi “söyüş müxalifəti”ni bitirdimi...

Hüseyn Abdullayevin həbsi “söyüş müxalifəti”ni bitirdimi...

Niyaməddin Orduxanlı: "Həmin şəxslər hazırda çaşqınlıq içindədirlər”

Türkiyədə saxlanılaraq aprelin 22-də Azərbaycana ekstradisiya edilən sabiq deputat, "Quska” ləqəbli biznesmen Hüseyn Abdullayevin həbsindən sonra Avropadakı "söyüş müxalifəti” susub. Sanki "qurbağanın gölünə daş atılıb”. Yarım ay öncəyə qədər Azərbaycan hakimiyyətinin, onun rəhbərlərinin ünvanına təhqiramiz ifadələr işlədən, onların ailə üzvlərini aşağılayan bu adamlar "qeyb olub”.

"Söyüş müxalifəti”nin susqunluğu daha çox iz azdırmaqla əlaqələndirilir. Belə ki Avropadakı müxalifətin "Quska” tərəfindən maliyyələşdirildiyi barədə çoxsaylı iddialar var. Azərbaycan  daxilindəki müxalifətin bəzi qüvvələrinin də H.Abdullayevdən maliyyə dəstəyi aldıqları barədə vaxtaşırı xəbərlər dolaşır.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı "söyüş müxalifəti”nin susqunluğuna bu cür aydınlıq gətirdi: "Çox təəssüf ki, bir qrup natəmiz insanlar Azərbaycan siyasətinə heç bir mənəviyyata, insanlığa sığmayan söyüş epitetlərini gətirdilər. Bunu Avropada yaşayan bir qrup tərbiyəsiz insanların əli ilə etdilər. Və bu şəxslər özlərini ”söyüş müxalifətinin" aparıcı simaları sayırdılar. Məncə, bu, söyüş söyən şəxslərin ağılının məhsulu deyildi. Daha geniş dairələrdə hazırlanmış və Azərbaycan daxilində hesablanmış planın tərkib hissəsi idi. Həmin plan Azərbaycanda özünü doğrultmadı. Dəstək verənlər demək olar ki olmadı. Ölkənin siyasi rəhbərliyindən tutumuş, tanınmış dövlət adamlarına, partiya sədrlərinə, partiya sədrinin müavinlərinə, ziyalılara, mətbuat nümayəndələrinə, millət vəkillərinə qarşı böhtan, şantaj, təhqir etmək yolunu tutdular. "Quska”nın söyüş söyən şəxsləri maliyyələşdirməsi ilə bağlı hətta bir necə ay bundan öncə mətbuatda, sosial şəbəkələrdə geniş müzakirələr aparılırdı. Onun həbsindən sonra Orduxan, Tural, Məhəmmədin aktivliyi həddindən artıq azalıb. İlk gündən bu adamların kimlərinsə əlində bir oyuncaq olduğu bəlli idi. Uzun illərdir Azərbaycan ən çox sosial şəbəkədən, xüsusən də, facebookdan istifadə edənlərdən biri də mənəm. On minləri əhatə edəcək səhifəm mövcuddur. Günün böyük əksəriyyətində sosial şəbəkədə baş verənləri yaxından izləyirəm. Söyüş söyməklə internetdə fəallığı ilə seçilən şəxslər hazırda çaşqınlıq içindədirlər. Nə demək və hansı mövzudan danışmaq lazım olduğunu bilmirlər. Sanki təlimat ala bilmirlər. Bilirsiniz ki, bu adamların siyasi bilikləri çox aşağı səviyyədədir. Nəinki siyasi dünyagörüşləri hətta mədəni davranışlarında ciddi problemlər var. Onu da deyim ki, "Quska”nın həbs olunmasını ilk dəfə Orduxan özünün facebook səhifəsində yaydı. Bu məqamda sual doğur ki, ilk dəqiqələrdə "Quska”nın həbs olunması barədə Orduxan haradan xəbər tutmuşdu? Orduxanın statusundan sonra mətbuat orqanları həbs xəbərini yaydı".

Niyaməddin Orduxanlı ile ilgili görsel sonucu

N.Orduxanlı Azərbaycanda siyasətə söyüş və təhqirin AXCP sədri Əli Kərimli tərəfindən gətirildiyini də qeyd etdi:"Azərbaycanda Facebooka trolları, saxta profillərlə və ya açıq profillərlə insanları təhqir etmək, şantaj etməyi birbaşa AXCP sədri Əli Kərimli gətirib. Siyasətçilərin böyük əksəriyyəti mənim bu fikrimi təsdiq edə bilər. Xatırlayırsınısa, Əli Kərimlinin ətrafından istefa verib gedən insanların hər biri dediklərimi mətbuatda yayıblar ki, Əli Kərimlinin tapşırığı ilə hər bir nəfər azı 10 saxta profil açmalıdır və həmin saxta profillərlə ölkənin siyasi rəhbərliyini, tanınmış siyasətçiləri, dövlət məmurları haqqında xoşagəlməz rəylər yazmaq göstərişi verilir. Əli Kərimlinin trollarına rəhbərliyi Natiq Ədilov, Gözəl Bayramlı və ya digərləri edirdi. Bütün bunlar faktdır. Bir məqamı diqqətinizə çatdırım.

Bir necə gün bundan qabaq ölkənin tanınmış siyasətçilərindən biri Ermənistanda baş vermiş hadisə ilə bağlı status yazmışdı. Və mən də qısaca fikirmi bildirmişdim. Hər kəsin gözü qarşısında Əli Kərimlinin əmisioğlu İnqilab Kərimov mənim rəyimin altında öz mənəviyyatsızlığını , əxlaqsızlığını, ailə tərbiyəsinin olmadığını nümayiş etdirdi. Ünvanıma açıq şəkildə təhqirlər yağdırdı. Baxın, bu adam Kərimlinin doğmaca əmisi oğludur. Bu adamların əllərində hakimiyyət olsa nələr edərlər? Niyə Əli Kərimlinin qan qohumları mənə bu dərəcə nifrət bəsləyir? Bir insan bir faktı göstərə bilməz ki, bu günə kimi mən Əli Kərimlinin ünvanına söyüş deyəm və ya yazam, yaxud da başqasının. Sadəcə, onun siyasi mövqeyini tənqid etmişəm və bundan sonra da edəcəm. Hər dəfə saxta profillərlə məni təhdid edirlər ki, Əli Kərimlinin evinin qarşısında çıxış etdiyimə görə vaxtı çatanda " ən ağır formada” cəzamı alacam. Bilirsiniz, məni yaxından tanıyan adamlar bilir ki, 100 Əli Kərimli kimi insanların bir cümləsindən belə çəkinmirəm. Və istənilən məqam sözümü hər kəsin üzünə deməyi bacaran siyasətçilərdənəm. Adı bir siyasi tənqidimi bu adamlar söyüşlər, nifrətlə qarşılayırlar. Azərbaycanda facebook istifadəçilərinin sayı artıq 2 milyonu keçib. Bu çox böyük rəqəmdir. Söyüş söymək yolunu da buna görə seçdilər. Düşündülər ki, milyonlarla insan olduğu məkanda bu cür yollarla Azərbaycanda istədiklərini həyata keçirdə biləcəklər. Ancaq unutdular ki, cəmiyyətimiz küçə uşaqlarının təhqirinə heç zaman dəstək verməz".

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Xəbər 1665 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR