Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş uğurla başa çatıb.
Mətbuat Xidmətindən verilən məlumata görə, artıq ənənəyə çevrilən yürüşdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) idmançılarının bir qrupu çətin hava şəraitinə baxmayaraq 10 dekabr tarixində zirvəyə qalxaraq Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə qızılgül dəstələri qoyaraq Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.