“Hansısa dövlətlə əməkdaşlığımız başqa dövlətlərə qarşı yönəlməyib”-Qüdrət Həsənquliyev

“Hansısa dövlətlə əməkdaşlığımız başqa dövlətlərə qarşı yönəlməyib”-Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Aktual.az həmin müsahibəni təqdim edir.

-Qüdrət bəy, İranla hərbi təlimlər Azərbaycanın İsraillə və Qərb tərəfdaşları ilə münasibətlərinə zərər vurmayacaq ki?
 
-Azərbaycanın xarici siyasəti dövlətin təhlükəsizliyinə, onun iqtisadi və milli maraqlarının qorunmasına xidmət edir. Bizim hər hansı dövlətlə əməkdaşlığımız başqa dövlətlərə qarşı yönəlməyib. İsraillə əməkdaşlığımız İrana qarşı yönəlmədiyi kimi, İranla hərbi əməkdaşlıq da İsrailə qarşı yönəlməyib. Azərbaycanın maraqları tələb edir ki, qonşularımızla yaxşı münasibətlər saxlayaq. Biz İranla daha sıx əməkdaşlığın tərəfdarıyıq. ƏHD partiyasının mövqeyi həmişə ondan ibarət olub ki, İranla viza rejimi aradan qaldırılsın, sərhədlər açılsın, mədəni, iqtisadi, humanitar əlaqələr gücləndirilsin. Biz İran dövlətini həmişə çağırmışıq ki, İranda öz torpaqlarında yaşayan azərbaycanlılara və Azərbaycan dövlətinə münasibətini dəyişsin, Azərbaycan daxilində proksi (onun tərəfindən idarə olunan) qüvvələr yaratmaqdan, bizi terrorla təhdid etməkdən çəkinsin. İranda yaşayan azərbaycanlıların öz dillərində təhsil almasına, milli hüquqlarından istifadə etmələrinə mane olmasın. İranda əhalinin az qala yarısı Azərbaycan türkləri  olduğundan onu həm də bir türk dövləti hesab edə bilərik. Türk Dövlətləri Təşkilatı İran və Rusiya ilə birlikdə Avropa Birliyi modelində İttifaq yaradarsa, bu türk xalqlarının inteqrasiyasına, ümumi bazarın yaradılmasına, onların öz milli hüquqlarından istifadəsinə, özlərini yaşadıqları dövlətlərdə daha güvənli hiss etmələrinə geniş imkanlar aça bilər. İlham Əliyevin ixtisası beynəlxalq əlaqələrdir və o, Azərbaycanın maraqlarını böyük dövlətlərin maraqları ilə uğurla uzlaşdıra, Azərbaycanı böyük təhlükələrdən qoruya bilir. Ona görə İran-Azərbaycan əlaqələrinin inkişafından narahat olmağa dəyməz. Tərəfdaşlarımız da aparılan siyasətin mahiyyətini anlayırlar, anlamalıdırlar. Azərbaycan İsraillə əlaqələrini həmişə yüksək qiymətləndirib və ümid edirəm bundan sonra da qiymətləndirəcək. Biz tərəfdaşlarımızla münasibətdə həmişə səmimi olmuşuq, ölkəmizin maraqlarını əsas götürmüşük və bu siyasət davam etməlidir.

Xəbər 670 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR