“Azərbaycan Ermənistanın havadarlarına son xəbərdarlığını etməlidir” – Qüdrət Həsənquliyev

“Azərbaycan Ermənistanın havadarlarına son xəbərdarlığını etməlidir” – Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsi

- Qüdrət bəy, son vaxtlar Ermənistanın sərhəddə arəşkəsi pozması hansı məqsədlərə xidmət edə bilər?

- Məsələ burasındadır ki, bunu rəsmi İrəvan etməyə də bilər. Orduda Paşinyana tabe olmayan Qarabağ klanına bağlı qüvvələr qiyamçı keşişə dəstək vermək üçün belə təxribatlara əl ata bilər ki, insanlara göstərsinlər ki, delimitasiya işləri başlayıb, Ermənistan  "birtərəfli qaydada güzəştə gedir”, amma Azərbaycan dayanmır. Halbuki, Ermənistan işğal etdiyi torpaqları azad edir, burda hər hansı güzəştdən söhbət getmir.
Təxribatları Paşinyan da təşkil edə bilər. Erməni ictimaiyyətini yeni müharibə ilə qorxutmaq və revanşistləri dəstəkləməkdən çəkindirmək, COP29-u baykot təhdidi ilə Azərbaycana böyük güclərin təzyiq etməsinə əsas yaratmaq, onları yenidən danışıqlar prosesinə cəlb etmək, öhdəliklərini yerinə yetirməkdən və sülh müqaviləsini imzalamaqdan yayınmaq üçün. Baxır Paşinyanın və keşişin tərəfdarları ayrı-ayrılıqda bu barədə nə düşünürlər.
Bu təxribatların Azərbaycan tərəfindən törədilməsi barədə ermənilərin dediklərinin ciddi əsası yoxdur. Azərbaycan dünya miqyaslı tədbirə, COP29-a hazırlaşır. Biz marağındayıq ki, Ermənistan da daxil bütün dünya bu tədbirə qatılsın.

- Bu təxribatlar davam edərsə və Ermənistan öhdəliklərini yerinə yetirməzsə biz necə davranmalıyıq?

- Hesab edirəm, mümkün olduğu qədər təmkinli davranmalı, parlament seçkilərini və COP29 tədbirini uğurla keçirməli və bundan sonra Ermənistanla ciddi danışmalıyıq. Ermənistan Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməyə dair öhdəliyini yerinə yetirməsə Azərbaycan güc tətbiq etməklə buna nail olmalıdır. Paşinyan bunu etməkdən qorxur. Ona görə Azərbaycan bu işdə ona kömək etməlidir. Ermənistanın ordusunu Qarabağdan qovduğu kimi. Sülh sazişində Naxçıvana yol açılmasını nəzərdə tutan müddəa olmasa onun imzalanması yanlış olardı. Beynəlxalq şərtlər uyğun olacaqsa, düşünürəm, İlham Əliyev dövlətimiz üçün həyati əhəmiyyətli bu məsələnin həllini gələcək nəsillərə saxlamayacaq və şansı qaçırmayacaq. Nə qədər ki,Ukraynada müharibə davam edir Azərbaycan bu məsələni bitirməlidir. Sonra beynəlxalq şərait bizim üçün uyğun olmaya bilər. Azərbaycan qardaş Türkiyə ilə, qonşu dövlətlərlə, xüsusilə Rusiya ilə, KTMT üzvü olan dövlətlərlə bu istiqamətdə danışıqlar aparmalı, Ermənistanın havadarlarına ciddi və son xəbərdarlığını etməlidir.

- Yol açılmasa Naxçıvanın inkişafı üçün hansı addımlar atılmalıdır?

- Naxçıvan azad iqtisadi zona elan olunmalıdır. İlkin mərhələdə Türkiyə ilə Naxçıvan MR arasındakı sərhəd aradan qaldırılmalı, ümumi bazar yaradılmalıdır. Naxçıvanın sosial-iqtisadi inkişafına dair Prezident tərəfindən təsdiq olunmuş Dövlət Proqramının icrasına başlanılmalı, qanunun aliliyi təmin edilməli, əlverişli biznes mühiti yaradılmalıdır.

- Azərbaycanın İsveçrədə Ukrayna üçün sülh sammitinə qatılmamasına münasibətiniz necədir?

- Biz özümüz müharibə vəziyyətində olan ölkəyik. Ukrayna Ermənistan-Azərbaycan müharibəsinə qatılmadığı kimi, biz də Ukrayna-Rusiya müharibəsinə qatışmırıq, çünki hər iki ölkə ilə dostluq əlaqələrinə malikik. Bizim xalqımız çox ədalətlidir, amma bir hadisəni heç vaxt yadımdan çıxarmıram. Bir dəfə Avronestin büro iclasına qatılmışdım. Orda tam yerində Ermənistanın işğalından, şəhər və kəndlərimizi necə viran etməsindən, qaçqın və köçkünlərimizin acınacaqlı həyatından, Ermənistanı işğalçı dövlət kimi tanınmasının vacibliyindən danışdım. Bu zaman Ermənistanın nümayəndəsindən öncə Ukraynanı təmsil edən Boris Tarasyuk əsəbi formada özünü atdı ortaya ki, bu nədir sizlər hər dəfə yeri gəldi-gəlmədi bu mövzudan danışırsınız. Düşünürəm ki, Tarasyuk xarici ölkəyə işləyən agent deyilsə, indi bizi başa düşər. Biz çox şeyi bilmirik. Əgər dövlət maraqlarına cavab versəydi, əminəm ki, bu tədbirə də qatılardıq. Heç bizim kimi problemi olmayan 100-dən artıq dövlət bu tədbirə qatılmadı. Hər kəs bizi başa düşməlidir, bizim yerlə yeksan edilmiş Qarabağımız ola-ola Ukraynaya humanitar yardım edirik, ərazilərinin minalardan təmizlənməsində iştirak edir, uşaqlar üçün reabilitasiya proqramları həyata keçiririk. Bir neçə gün öncə Almaniyada Ukraynanın bərpasına dair konfransda xarici işlər naziri səviyyəsində iştirak etdik. Ceyhun Bayramov həmin tədbirdə bir daha bəyan etdi ki, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, müharibənin dərhal dayandırılmasının və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq.
Xəbər 754 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR