"Gürcüstanın xəyanətinə qarşı nədən başlamalıyıq?" - Millət vəkili yazdı


Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri tam tərkibdə sözdə "erməni əsirlərinin qaytarılması" formatında erməni deputatları tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verməklə birbaşa rəsmi Gürcüstanın mövqeyinin ifadə etmişlər. Burada məsələyə sadəcə bir qrup deputatın fərdi mövqeyi kimi yanaşmaq doğru sayılmaz. Buna bir həftə öncə Gürcüstan Prezidentinin erməni qəlbdaşının imzaladığı sənədin altında çəkdiyi Ağrı Dağının rəsmini fəxrlə mediada paylaşması kimi səviyyəsiz davranışının davamı olaraq baxmaq lazımdır.

Adam özünü anlamaz yerinə qoyub qosqoca Türkiyəyə qarşı ermənilərin ərazi iddialarını dəstəklədiyini nümayiş etdirməkdən çəkinməmişdir. Gürcüstanın Azərbaycana qarşı bu cür davranışı heç şübhəsiz ki, bəzi erməni himayəçisi olan Qərb dövlətləri tərəfindən stimullaşdırılan hərəkətdir və dərindən təhlil edərsək heç bu davranışın həmin dövlətin öz maraqlarına da uyğun gəlmədiyini görərik. Çünki Gürcüstanın illərdir həyat yolu kimi baxdığı Türkiyə və Azərbaycan kimi dövlətlərin dəstəyini itirməyin hansı nəticələr doğuracağını ayrıca izah etməyə zərurət yoxdur. İlk olaraq Gürcüstanın xəyanətinə qarşı nədən başlamalıyıq? Türkiyə ilə birlikdə beynəlxalq platformada Gürcüstana qarşı Rusiyanın mövqelərini açıqca dəstəkləməliyik. Beynəlxalq platformada Gürcüstanın "işğal olunmuş əraziləri" ifadələrini görməzdən gəlməliyik və bu ifadəni işlətməkdən çəkinməliyik. İqtisadi sahədə Gürcüstana qarşı Türkiyə ilə birlikdə müəyyən islahedici addımlar barədə düşünməliyik. Ağrı dağında Türkiyə və Azərbaycan bayraqlarının işıqlandırılmasını bir an öncə gerçəkləşdirməliyik ki, Salome də ermənilər kimi bu möhtəşəm tablonu seyr edib ürək ağrısı ilə paylaşa bilsin.

Bir sözlə, rəsmi Gürcüstan xəyanətkar davranış sərgiləyib, Azərbaycana qarşı AŞ PA-daki təmsilçiləri ermənilərlə birlikdə xüsusi canfəşanlıq göstərib, habelə qardaş Türkiyə üçün həssas mövzu olan Ağrı dağı məsələsində sayğısızlıq nümayiş etdirib. Həm də dəfələrlə bu cür davranışlara rəvac verib. Bunun mütləq cavabı olmalıdır. Təbii ki, qonşuluq münasibətlərini pozmadan, beynəlxalq hüquqa zidd davranmadan bunları etməliyik. Biz dəmir yumruğu işğalçı, faşist erməni başına endirərək onları az da olsa reallığa qaytardıq, indi bu yumruğu uzaqdan da olsa başqa bəd niyyətlilərin də görə biləcəyi məsafədən vaxtaşırı yuxarı qaldırmamız artıq zərurətə çevrilməkdədir. Bizim Dəmir yumruğumuz Osmanlı tokatı ilə birlikdə ayrı bir islahedici vasitədir.

Fazil Mustafa, Millət vəkili
Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR