Güclü Prezident- Güclü Dövlət

Güclü Prezident- Güclü Dövlət

Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla davam etdirir. Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır.
Dövlət başçısının göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yeniləndirilməsi və təkmilləşdirilməsi işinə uğurla xidmət edir. Qeyd etmək lazımdır ki, təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində birinci yerdə durur. Ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir. O konsepsiyanın tərkib hissəsində təhsilin bütün pillələri əks olunmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ali təhsilin inkişafı əsas prioritetə çevrilmiş, insan kapitalının inkişafı dövlət siyasətinin əsasını təşkil etmişdir. Məhz bu dövrdə ali təhsil müəssisələrinin şəbəkəsi daha da inkişaf etdirilərək genişləndirilmiş, onların sayı 2003-cü ildəki 46-dan hazırda 51-ə, təhsilalanların sayı isə 120 mindən 171 minə çatdırılıb.
Yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Ölkə iqtisadiyyatının pandemiya və qlobal böhranlara yüksək immunitetinin təmin edilməsi və bu böhranların mənfi təsirlərinin minimallaşdırılması məhz möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modelinin dayanıqlılığı ilə izah olunur.
20 il ərzində İham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər hər kəsi heyran etmişdir. Azərbaycan bu müddət ərzində özü-özünü təmin edə bilən dövlətə çevrilmişdir. Burada əsas məsələ heç şübhəsiz ki, daxili resurslardan düzgün və səmərəli istifadə etmənin təşkil ediməsilə bağlıdır. Biz dünyada təbii ehtiyatları ilə zəngin olan lakin, ehtiyac və səfalət içində yaşayan çoxlu sayda ölkələri misal göstərə bilərik. Təbii ehtiyatları ölkənin üstünlüklərinə çevirə bilmək, özü də bunu müharibə şəraitində həyata keçirməyi bacarmaq yalnız fenomen şəxsə aid ola bilər. Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi altında bir əlində silah tutmuş, digər əli ilə quruculuq və yaradıcılıq işi ilə məşğul olmuşdur. Prezident dünya investorlarında Azərbaycana etibar yaradaraq  ölkəmizə cəlb etməyi bacarmışdır. Təkcə belə bir faktı göstərmək kifayətdir ki, 1995-2023-cü illər ərzində ölkə iqtisadiyyatına 163,2 milyard dollar xarici investisiya cəlb edilmişdir. Bunun 152 milyard dolları 2004-2022-ci illərin payına düşür.
Görülən işlər nəticəsində iqtisadiyyatın strukturunda ciddi müsbət dəyişikliklərə nail olunmuşdur. Nef-qaz sahəsinin iqtisadiyyatdakı xüsusi çəkisi azalmış və qeyri- neft sektorunun payı artmışdır.  Neft sahəsində əldə olunan gəlirlərin qeyri-neft sahəsinin inkişafına yönəldilməsi təmin edilmişdir. Hər şeydən əvvəl emal sənayesi, kənd təsərrüfatı məhsullarının istehsalı, nəqliyyat, balıqçılıq, tikinti sahəsi, tikinti materiallarının istehsalı və turizm sahələrinin payı xeyli dərəcədə artmışdır. Bütün bu müsbət proseslər hətta rəqəmlər göstərmədən də adi gözlə görünür.
Digər tərəfdən İlham Əliyev böyük iqtisadi strateq kimi kiçik Azərbaycanın iqtisadiyyatını dünya iqtisadiyatının bir parçasına çevirə bildi. Təbii ehtiyatlarımızın ixracı ilə bağlı inşa edilən boru kəmərləri - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəməri, TAP, TANAP layihələri Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdə öz yerini tapmasını təmin etdi. Bakı-Qars dəmir yolu xətti isə Şimal-Cənub, Şərq-Qərb arasında əlaqələrin qurulmasına xidmət edir. Bütün bu layihələr Azərbaycanı dünyanın mühüm enerji və nəqliyyat qovşağına çevirmişdir. İndi bölgədə həyata keçirilən heç bir layihə ölkəmizdən yan keçə bilməz. Bütün həyata keçirilən layihələr vasitəsilə Ermənistan dalana salındı. Məhz buna görədir ki, dünya investorları bölgədə sabitliyin olmasının tərəfdarıdırlar. Biz iqtisadi layihələri həyata keçirməklə ölkəmizi təhlükəsizlik bölgəsinə çevirə bildik. Bugünkü ağır beynəlxalq siyasi şəraitdə "Orta Dəhliz” bütün dünyanı birləşdirən əsas quru yoluna çevrilmişdir.
 Prezident İlham Əliyevin qeyd olunan diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır. 2011-ci ildə Azərbaycan postsovet məkanında ilk dəfə olaraq BMT TŞ-nin qeyri -daimi üzvünə çevrildi. Bu, bizim ən böyük siyasi uğurlarımızdan biri sayıla bilər. Bu, Qarabağın azadlığına gedən uzun yolun siyasi sahədə başlanğıcı idi. Azərbaycanın problemləri ilk dəfə olaraq 90-cı illərdən sorna təkrar BMT TŞ-nin kürsüsünə çıxarıldı və dünya səsimizi duymağa başladı.

Belə unikal və uzaqgörən siyasi məqsəd daşıyan addımlardan biri də Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin iyun ayında atılmışdır. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Bir sıra siyasi- radikal qruplar bu mövcud addımı iqtidarın Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşması kimi qiymətləndirirdi. Bəzi naşı şəxslər isə bu addımı az qala dövlətçiliyimizin itirilməsi kimi dəyərləndirirdilər. Sonralar həmin şəxslər etiraf etdilər ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətləb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanı nəhəng və universal beynəlxalq təşkilata daxil etməklə 193 dövləti təmsil edən BMT-dən sonra, sayca ikinci mövqedə dayanan və 120 dövləti təmsil edən Qoşulmama Hərəkatı vasitəsilə Qarabağın işğaldan azad edilməsinin reallaşması üçün əlavə və geniş imkanlara pəncərə açırdı.
Qoşulmama Hərəkatına daxil olmaq və ona 2019-2023-cü illər ərzində rəhbərlik etməklə Azərbaycan nə əldə etdi?
Bu çox vacib və xalqımızın bilməli olduğu məqamdır. 44 günlük müharibənin gedişatını saxlamaq məqsədilə erməni tərəfdarlarının qəbul etmək istədikləri qətnamələrin qarşısı məhz Qoşulmama Hərəkatı üzvləri tərəfindən alındı. Başqa sözlə, 193 BMT dövlətindən 120-si (Qoşulmama Hərəkatı üzvləri) ərazilərimizin işğaldan azadbetmə hüququnu tanıdı və Qərbin təklif etdiyi anti Azərbaycan qətnaməsini rədd etdi.Bu təşəbbüslərin məhz müəllifi böyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı "məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və "Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.
Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan böyük strateq, Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə verdiyi müsahibələr dünya diplomatiya tarixinə qızıl həriflərlə yazılmış və diplomatiya nəzəriyyəçiləri tərəfindən geniş təhlil edilməkdədir. Həmin müsahibələrdə Azərbaycana qarşı yönəlmiş bütün
təxribatçı və qərəzli suallar Prezident tərəfindən məharətlə, tarixi faktlar və dəlillərlə rədd edilmişdir.   Müsahibələrin birində Qarabağın azad edilməsini bütün həyatının əsas məqsədi kimi dəyərləndirən Prezidentin sözləri ürəyimdə indi də duyğulu fəxr hissi yaradır.
Azərbaycanın çoxvektorlu siyasi kurs seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə böyük hörmət və sayğı formalaşdırmışdır.
 O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə etmiş və heç bir halda ölkəmizin maraqlarına uyğun olmayan məsələlərdə, hətta kiçik güzəştə getməmişdir. Bu danılmaz tarixi faktdır.
 Ötən ilin sentyabrında keçirilmiş bir günlük antiterror əməliyyatı nəticəsində   separatçı rejimin özünü buraxdıqdan sonra Xankəndidə keçirilən paradda ötən illərin acı hadisələrinə işarə edərək İlham Əliyev bunu ölkənin suverenliyinin tam bərpası və 35 illik işğal dövrünə son qoyan epoxal bir hadisə kimi qiymətləndirmişdir.
Bu doğrudan da böyük bir tarixin başa çatması və yeni dövrün başlanmasıdır. Ona görə də biz saatları və vaxtı yoxlamalı, bir millət olaraq keçmişi bir daha dəyərləndirərək qarşıda duran vəzifələrimizi və ona çatmağın yollarını müəyyənləşdirməliyik. Onu da bilməliyik ki, zirvəyə çıxmaq çətindirsə, zirvədə dayana bilmək ondan da çətin məsələdir. Buna görə də bu yolu kiminlə gedəcəyimizi bir xalq olaraq məhz indi müəyyənləşdirməliyik. Çünki qarşıda yenə çətin və mürəkkəb yol dayanır. Bu yolu yalnız Azərbaycanı keşməkeşli yollardan çıxara bilən, güclü şəxsiyyətlə davam etmək olar. Belə bir şəxs isə yalnız İlham Əliyevdir və bunu bütün xalqımız bilir.
Yolumuz aydın və uğurlu olsun!
 
Nigar Hüseynova,
Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və menecment
fakültəsinin dekan müavini,
iqtisad üzrə fəlsəfə doktoru

Xəbər 117 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR