FRANSA MEHMANA GÖRƏ YOX, ÖZ VƏTƏNDAŞI ÜÇÜN NARAHAT OLSA YAXŞIDIR

FRANSA MEHMANA GÖRƏ YOX, ÖZ VƏTƏNDAŞI ÜÇÜN NARAHAT OLSA YAXŞIDIR

İstərdim ki, bu günki Fransaya bir nəzər salaq. Mövzuya məhz Fransadan başlamağım səbəbsiz deyil. Baxın, son 2 ayda sözügedən ölkədə "sarı jiletlilər”in aksiyalarında yüzlərlə vətəndaşa güc tətbiq edilib, insanların hüquqları kütləvi surətdə pozulur. Çoxsaylı həbslər həyata keçirilir. Artıq 1000 nəfərdən çox etirazçı tutulub. Həmçinin, KİV nümayəndələri də təzyiqlərə, polis zorakılığına məruz qalır. 20-yə yaxın fransalı jurnalist aksiyalarda polis tərəfindən təzyiqlərə məruz qalması barədə məhkəməyə müraciət edib. Fransanın güc strukturlarının nümayəndələri heç bir fərq qoymadan adamları yerə yıxıb döyürlər, güllə ilə vururlar, üzlərinə qaz sıxırlar. Atlı polislər nümayişçiləri atların ayaqları altında əzir və yaxud, onların üzərinə it buraxırlar, onları dəyənəklə döyürlər...

Bu siyahını uzatmaq da olar. Gördüyünüz kimi demokratiyanın beşiyi sayılan Fransa artıq bu imicindən imtina edib və demokratiyanın qatilinə çevrilib. Bütün bunlar azmış kimi Fransanın baş naziri ölkədə icazəsiz mitinq keçirənlərin sərt şəkildə cəzalandırılacaqları ilə bağlı açıqlama da verib. Hal-hazırda Fransada icazəsiz mitinqin qadağan edilməsi ilə bağlı yeni qanun layihəsinin hazırlanması üzərində qızğın iş gedir. Prezident E.Makronun komandası ölkədə qəsdən elə bir hüquqi əngəllər sistemi yaradır ki, yəni ki, bundan sonra ümumiyyətlə etiraz aksiyalarının keçirilməsi mümkün olmasın. Bu nə deməkdir? Əlbəttə ki, bu, insan hüquq və azadlıqlarının birbaşa və çox kobud surətdə pozulması deməkdir.

Ancaq indi orada insan hüquqları ilə bağlı acınacaqlı durum heç kimin - nə beynəlxalq təşkilatların, nədəki dünyaya "demokratiya dərsi" keçən ölkə kimi tanınmış ABŞ-ın, xüsusən də ABŞ-ın Dövlət Departamentində yuva salmış "demokratiya qırğı"larının, eləcə də "Vaşinqton Post" kimi onun-bunun sifarişi və "çirkli pul"ları ilə işləyən mürtəce qəzetlərin vecinə deyil. Sıravi fransızların adi insani hüquqları indi heç kimin yadlarına düşmür. Lakin işin ən əcaib cəhəti də budur ki, bu gün demokratiya qatilinə çevrilən Fransanın cari hakimiyyəti öz vətəndaşlarının hüquqlarının pozulmasına görə zərrə qədər də narahat olmadığı halda, birdən-birə durub Avropanın ən uzaq nöqtəsindəki Azərbaycanda hələ 2 il əvvəl həbs olunmuş blogger Mehman Hüseynovun müdafiəsinə qalxır. Gülməlidir, deyilmi? Hesab edirəm ki, Fransa hökumətinin bu addımı istənilən sağlam düşüncəli insanda gülüş doğurar. Fransa Mehmana görə yox, öz vətəndaşı üçün narahat olsa yaxşıdır.

Öz vətəndaşının haqqına, hüququna dəyər verməyən, Avropanın ən ziddiyyətli ölkəsi sayılan və daim "ikili standartlar" siyasəti yürütməsi ilə ad qazanmış Fransanın hökumət üzvlərinin və siyasi dairələrinin başqa ölkələrə, o cümlədən Azərbaycana demokratiya və insan hüquqları üzrə dərs keçməyə, mühazirə oxumağa heç bir mənəvi haqqı yoxdur. Fransa bu dərsi olsa-olsa öz sevimli "bacı"sına - Ermənistana keçə bilər. Küçədən hakimiyyətə gəlmiş və indi öz rəqiblərini təqib etməklə, həbs etdirməklə, ölkədən didərgin salmaqla məşğul olan Nikol Paşinyanın fransalı rəsmilərin "demokratiya mühazirələri"ni dinləməyə hava-su kimi ehtiyacı var.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR