Fiziki şəxslər üçün gəlir vergisi azaldıla bilər

Fiziki şəxslər üçün gəlir vergisi azaldıla bilər

Azərbaycanda illik dövriyyəsi 50 min manatı keçməyən təsərrüfat subyektləri üçün verginin yeni – üçüncü kateqoriyasının tətbiqi təklif edilir.


Aktual.az “Report”a istinadən xəbər verir ki, bunu Xəzər Avropa Klubu (Caspian European Club, CEİBC) İdarə Heyətinin üzvü, Hüquq Komitəsinin sədri Mustafa Abbasbəyli Klub tərəfindən Prezident İlham Əliyevə iqtisadiyyatın bir sıra sahələrində islahatların aparılması ilə bağlı göndərilən təkliflər haqqında danışarkən deyib.
M.Abbasbəyli qeyd edib ki, CEİBC illik dövriyyəsi 50 min manata qədər olan şirkətlərin birinci il üçün heç bir vergi ödəməməsini təklif edir: “Vergi sistemi üzrə bir neçə bənd təklif hazırlamışıq. Onlardan birincisi ƏDV üzrə dərəcələri müəyyənləşdirməkdir. İnkişaf etmiş ölkələrdə ƏDV-nin bir neçə kateqoriyası mövcuddur. Azərbaycanda isə bu, 0% və ya 18%-dir. İnkişaf etmiş xarici dövlətlərdə isə bu verginin dərəcəsi kateqoriyadan asılı olaraq 21%-dək yüksələ bilir. Gündəlik tələbat malları üçün bu faizlər olduqca aşağıdır. ƏDV sahəsində məhz analoji formanın tətbiqini təklif edirik".
"Bu sahə ilə bağlı irəli sürülən təkliflərdən biri də vergilərdə üçüncü kateqoriyanın yaradılmasıdır. Hazırda Azərbaycanda əsasən iki vergi rejimi var: sadələşdirilmiş və normal. İkinci kateqoriyaya aid olan şirkətlərin gəlirlərinin 20%-i vergiyə cəlb olunur. Təklif edirik ki, illik dövriyyəsi 50 min manatı keçməyən şirkətlər üçün verginin yeni kateqoriyası tətbiq edilsin. Belə olan halda, qeydiyyatdan keçdiyi andan hesablanmaq şərtilə birinci il ərzində illik dövriyyəsi 50 min manatadək olan şirkətlər heç bir vergi ödəməyəcək. Dövriyyəsi 50 min manata çatanda və ya bir il tamam olanda isə həmin şirkətə sadələşdirilmiş vergi sistemi tətbiq ediləcək ki, bu da illik gəlirin cəmi 4%-ni təşkil edir”, - deyə Komitə sədri əlavə edib.
Klubun təklifləri sırasında fiziki şəxslərin gəlir vergisindən azad edilməsi ilə bağlı müddəalar da var: “Vergi sistemi üçün nəzərdə tutduğumuz yeniliklərdən biri də fiziki şəxslərin gəlir vergisinin sadələşdirilməsi və ya azaldılması ilə bağlıdır. Hazırda sosial sığorta haqları ilə birgə bu məbləğ 39-50% təşkil edir. Əmək haqqısı 2 500 manatadək olan fiziki şəxslər 39%, 2 500 manatdan çox məvacib alanlar isə 50% vergi ödəyir. Şirkət üçün gəlir vergisi 20% təşkil edir. Bu sxemə nəzər yetirsək görərik ki, gəlir vergisini ödəmək şirkət üçün fiziki şəxslə müqayisədə daha sərfəlidir. Təəssüflər olsun ki, bu gün şirkətlər vergidən yayınmaq üçün əmək haqlarının məbləğini azaldır. Fiziki şəxslərlə şirkətlərin gəlir vergisinin eyni səviyyədə olması üçün fiziki şəxsə tətbiq olunan vergini azaltmağı təklif edirik. Bu məsələdə də xarici təcrübəni nəzərə almışıq. Məsələn, Gürcüstanda fiziki şəxlərin maaşından 20% vergi tutulur. Gəlir vergisi dividentlərlə birgə 20% təşkil edir. Bu səbəbdən şirkət əməkdaşların məvaciblərini olduğundan az göstərməkdə maraqlı deyil. Çünki hər iki halda ödənilən veriginin həcmi eynidir”.

Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR