Ermənistan iqtisadiyyatı çökür

Ermənistan iqtisadiyyatı çökür

Dağlıq Qarabağ da daxil, Azərbaycan ərazilərinin işğalına görə haqq elədiyi izolyasiya ilə üzləşən Ermənistanda iqtisadi-sosial durum aydan-aya ağırlaşır. Bunu hakimiyyət açıq etiraf eləməsə də, yerli iqtisadçılar və politoloqlar, erməni publisistləri açıq şəkildə bəyan edir, bu minvalla nəinki ölkə iqtisadiyyatının, bütövlükdə ölkənin gələcəyinin olmadığı haqda həyəcanlı xəbərdarlıqlar edirlər.

 Yaranmış vəziyyətdə xilas yolunu bütünlüklə Rusiya tərkibinə girməkdə görənlər də var. Ancaq məsələ ondadır ki, beynəlxalq sanksiyalar altında olan Rusiyanın özünün durumu hazırda acınacaqlıdır. Çünki o da Ermənistan kimi öz qonşusunun - Ukraynanın bir parçasını işğal etməsinin ağır bədəlini ödəyir.
 
Kəsəsi, işğala son vermədən hər iki təcavüzkar üçün optimal çıxış yolu və qurtuluş variantı görünmür. Erməni analitik Susanna Petrosyanın bu xüsusda “Vestnik Kavkaza” portalında dərc olunmuş məqaləsi Qarabağ məsələsinə görə illərdir blokada şəraitində yaşayan Ermənistandakı daxili iqtisadi-sosial durum haqda təsəvvürləri dolğunlaşdırır. 
 
Petrosyan yazır: “Ermənistanın Milli Statistika Xidməti  bu ilin birinci yarım illiyinin acınacaqlı iqtisadi göstəricilərini dərc edib. Böhranlı 2009-cu ildən üzü bəri ilk dəfə xarici ticarət dövriyyəsinin həcmi 20.6% azalıb. İlk dəfə olaraq son 6 ildə daxili ticarət sferasında 5,1% azalma baş verib. Cari ilin 6 ayında hökumətin vergi yığımı ötən ilin analoji dövrü ilı müqayisədə 13,5% azalıb. Xarici məhsulların idxalı, demək olar 25% düşüb. Həmçinin, yerli istehsalda eniş qeydə alınıb. Ən böyük geriləmə isə çörək və un məmulatları, bitki yağları istehsalında baş verib - 1,8%. İdxalın azalması fonunda yerli istehsalın da azalması ilk baxışda bazar məntiqinə zidd görünür. Ancaq konkret halda bunun dəqiq izahı var: səbəbin kökündə həm əhalinin sayının, həm də insanların istehlak qabiliyyətinin azalması dayanır”.
 
Analitik daha sonra yazır: “Hakimiyyətin iqtisadi yüksəliş haqda vədlərinə rəğmən, rəsmi göstəricilərə əsasən, orta aylıq əməkhaqqı son aylar 6% artsa da, qiymətlər də 4,2% artıb, digər mühüm göstəricilər ondan xəbər verir ki, iqtisadiyyatda ciddi problemlər yaşanır. 
Hakimiyyət iqtisadi fəallıqdan, ÜDM-in artımından  danışır, di gəl, ticarət göstəriciləri aşağı düşür. Belə şey ola bilməz axı, insanlar az alver eləsin, amma iqtisadiyyatda artım olsun.
“Bu halda heç olmasa, vətəndaşların əmanətləri artmalı idi. Axı əgər insanların əlinə vəsait düşürsə, onu ya xərcləməli, ya da saxlamalıdırlar. Amma bizdə həm əmanətlər, həm də ticarətin həcmi azalıb. Ayrı sözlə, biz konkret olaraq əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinin şahidiyik” - hesab edir iqtisadçı BabkenTunyan".
 
Təhlilçi ardınca digər, yeni problemlərə də toxunur: “Ermənistan iqtisadiyyatının qismən yeni bir problemi transfertlərin həcminin azalmasıdır. Birinci yarım ildə transfertlər 682,6 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,4% azdır. Pul köçürmələrinin azalması səviyyəsi də 2009-cu il böhranından sonra ən yüksək olub. 
İqtisadçı Vilen Xaçatryanın sözlərinə görə, Rusiya iqtisadiyyatında yaşanan istənilən təlatüm, o cümlədən neftin qiymətinin düşməsi ölkəyə transfert edən erməni miqrantların gəlirlərinin də azalmasına gətirir. Bəzi ekspertlərin proqnozlarına görə, transfertlərin azalması 40%-i keçə bilər ki, bu da Ermənistan iqtisadiyyatlına ciddi zərbədir, nədən ki, ÜDM cəmi 10 milyard dollardır və onun da 2 milyardını özəl  transfertlər təşkil edir.
 
Situasiyanın mühüm göstəricilərindən biri kimi daşınmaz əmlak bazarındakı mənzərəni göstərmək olar. Belə ki, birinci yarım ildə orada fəallığın azalması qeydə alınıb - alqı-satqı halları azalıb, mənzilin qiyməti 15% düşüb (bir kvadrat metr üçün). Bundan əlavə, ölkədə kiçik və orta biznesin inkişafı ilə bağlı köhnə problemlər dərinləşmədkədir. Rusiya iqtisadiyyatındakı böhran, dolların kursunun qalxması, ümumi alıcılıq qabiliyyətinin aşağı düşməsi kiçik biznesə adi əksər obyektlərin bağlanmasına gətirib".
 
Müəllif məqaləsinin sonuncu hissəsində yazır: “Ermənistan İşəgötürənlər İttifaqının keçirdiyi təhqiqatlara əsasən, orta və kisik biznes nümayəndələri bu sahənin inkişafında əsas maneələr qismində qanunların tez-tez dəyişməsini, vergi yükünün ağırlığını, bürokratçılığı, korrupsiyanı, ədalətsiz rəqabəti göstəriblər. Rəyi soruşulanların 69%-i bu sahənin inkişafına əsas maneə kimi yüksək faizli kreditlər də daxil,  maliyyə vəsaitlərinin əlçatmazlığını qeyd edib. 
 
“Banklarda kreditlərin alınmasında çətinliklərin nəticəsində biznes kredit götürə bilmir. Faktiki surətdə kiçik və orta biznes müəssisələrinin, demək olar, 70%-i üçün maliyyə əlçatmazdır. Əgər bu problem həllini tapmasa, hökumətin islahatları heç bir nəticə verməyəcək” - deyir qurumun sədri Qaqik Markaryan.  
 
Maraqlıdır ki, bu fonda hökumət üzvləri iddia eləməkdə davam edirlər ki, ölkədə iqtisadi artım var. Bu yaxınlarda Gümrüdə jurnalistlərlə görüşündə baş nazir Ovik Abramyan bir neçə qəribə açıqlama verdi: dedi ki, birinci yarım ildə ÜDM-nin artımı 4,5% olub ki, bu da büdcədə nəzərdən tutulandan artıqdır (1 %). Onun sözlərinə görə, ikinci yarım ildə iqtisadi artımı bir neçə faizə çatdırmaq mümkün olacaq. “Aykakan jamanak”ın iqtisadçı icmalçısı bu xüsusda istehzalı şəkildə qeyd edib: “Əgər iqtisadi işlərimiz bu minvalla getsə, ola bilsin ili ikirəqəmli iqtisadi artımla basa vuraq. Burada məsələ onda deyil ki, hökumət faizlərdə bir azca yanlışlığa yol verir - ya o tərəfə, ya bu tərəfə. Hamımız başa düşürük ki, ölkədə iqtisadi artım nəinki 4,5% deyil, hətta onun sıfırdan yuxarı olması olduqca şübhəlidir. Sadəcə, sual ondan ibarətdir ki, hökuməti daim belə yuxarı rəqəmlər söyləməyə nə vadar edir?”
 
Əgər ölkədə hər şey belə yaxşıdırsa - iqtisadi artım təmin edilibsə, əməkhaqqı artımı qiymət artımını üstələyirsə, daim iqtisadi fəallıq qeydə alınırsa, orta və kiçik biznesin problemi hökumətin diqqət mərkəzindədirsə, o zaman niyə ölkədə işsizlik artır, insanlar Ermənistandan getməkdə davam edirlər?! Yeri gəlmişkən, son 5 ildə ölkəni 200 mindən çox insan tərk edib".
 
***** 
Bu faktlar bir daha sübut edir ki, Ermənistan iqtisadiyyatı artıq “kliniki ölüm” mərhələsinə girib və Azərbaycanla, Türkiyə ilə əlaqələr təcili qaydaya salınmayınca, nəinki iqtisadi vəziyyət düzəlməyəcək, üstəlik, Ermənistanın bir dövlət olaraq varlığı böyük sual altına düşəcək. Vəziyyətdən çıxış yolu isə çoxdan bəllidir - işğal siyasətinə təcili son qoyulması, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünün qeyd-şərtsiz tanınması. (Musavat.com)
 
Xəbər 989 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR