Ermənilər ümidlərini Ərdoğana bağlayıb - Bakıdakı diversantlar...

Ermənilər ümidlərini Ərdoğana bağlayıb - Bakıdakı diversantlar...

Politoloq: "Bu görüşün tarixi hadisəyə çevrilməsi Ermənistandan asılı olacaq”

"Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinə müsbət təsir göstərməsi üçün çox münasib məqamdır”. Bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri, hakim Mülki Müqavilə Partiyasından olan deputat Andranik Köçəryan deyib.

"Atılacaq addımlar təkcə bağlı sərhədlərin açılmasından ibarət olmamalıdır. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xoş niyyəti olaraq Azərbaycanda olan əsirlərimiz Türkiyənin vasitəçiliyi ilə azad oluna bilər. Bu, həm də münasibətlərin normallaşması istiqamətində humanitar addımlardan biri sayılar”, - Köçəryan bildirib.

Hraparak

Andranik Köçəryan

Xatırladaq ki, bu ayın əvvəlində Antalyadakı Diplomatik Forumda Türkiyənin Ermənistanla münasibətlər üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç erməni həmkarı Ruben Rubinyana bu dəfə İrəvanda görüşməyi təklif edib və az sonra bu haqda razılıq əldə olunub. Kılıç "bu səfər tarixi hadisəyə çevriləcək” deyib.

Belə bir görüş gerçəkdən tarixi ola bilərmi? Həm də o anlamda ki, münasibətlərin normallaşmasını sürətləndirmək üçün Ankaranın həmin görüşədək daha bir neçə diversantın azad olunmasını Bakıdan xahiş etməsi mümkünmü?

Yada salaq ki, indiyədək onların bir qismi Ermənistana verilib. Lakin Avropa Parlamentinin tələbi ilə yox, Bakının xoş niyyəti əsasında. Davamı mümkünmü?

Deputat Sona Əliyeva:

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva bu görüşün mümkün nəticələrinin Ermənistandan asılı olacağını qeyd etdi. Onun fikrincə, Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla erməni həmkarı Ruben Rubinyan arasındakı görüş doğrudan da tarixi hadisəyə çevrilə bilər: "Ankara regionda əsas nizamlayıcı faktor olmaq şansını əldən buraxmaq istəmir. Ankara və Moskva arasındakı münasibətlər də buna imkan verir. Ola bilsin ki, Kılıçla Rubinyan arasındakı görüşdən sonra İrəvanla Bakı arasında imzalanacaq sülh sazişinin çərçivə sənədləri və ya yol xəritəsi ilə bağlı ilkin razılıq əldə olunsun. Cinayət törətmiş, suverenliyimizə təhdid yaratmış erməni əsirlərin indiki mərhələdə azad edilməsi isə inandırıcı görünmür. Ən azından, işğal altındakı kəndlərimiz Ermənistan ordusu tərəfindən boşaldılmalıdır. Bundan başqa, Türkiyə bir NATO ölkəsi olaraq bu danışıqlarda Qərbi təmsil edəcək. Əsas məqsəd Kremlin quyruğunu tapdamadan sülh prosesində irəliləyişlərə nail olmaqdır. Türkiyə və Ermənistan rəsmilərinin görüşündəki məsələlər çox güman ki, protokol xarakteri daşıyır və Bakı ilə öncədən razılaşdırılıb. İstənilən halda bu görüşün tarixi hadisəyə çevrilməsi Ermənistandan asılı olacaq. Üstəlik, 5 aprel görüşündən sonra İrəvanın hansı duruşu sərgiləyəcəyi bütün region ölkələri üçün maraqlıdır. İqtisadi dalana dirənən Ermənistan Türkiyə ilə münasibətləri düzəltmək üçün tələsir. Çünki bunu ondan tələb edən Qərbdir. Qərbdə yaxşı anlayırlar ki, Ankara ilə münasibətləri normallaşdırmadan əbədi sülhə və tərəqqiyə nail olmaq mümkün deyil”.

Əhəd Məmmədli:

Əhəd Məmmədlin

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədlinin bu mövzuda fikirləri bir qədər fərqlidir:"Bu görüş baş tutsa belə, düşünmürəm ki, tarixi olacaq, çünki görüşən tərəflərin siyasi statusları o deyil. Yəni xüsusi nümayəndələrin bir-biri ilə görüşü dövlət başçıları səviyyəsində deyil ki, onu bir tarixi görüş də adlandıraq. Lakin diplomatik münasibətləri olmayan Türkiyə və Ermənistanın hansısa səviyyədə yaxınlaşmasında bu cür görüşlər rol oynaya bilər. O ki qaldı diversantların azad edilməsi məsələsinə, Türkiyə bunu onsuz da Azərbaycanla razılaşdırılmış vəziyyətdə həll edir. Türkiyə tərəfi dəfələrlə müxtəlif səviyyələrdə bəyan edib ki, Ermənistanla münasibətlərin yaxşılaşdırılması Azərbaycanla münasibətlərdən keçir. Bununla Ankara İrəvana mesaj verir ki, əgər mənimlə barışmaq istəyirsənsə, ilk öncə Bakı ilə barış. Bu yöndə Türkiyənin siyasəti dəyişilməz olaraq qalır. Ona görə mən sakitəm, çünki Türkiyə, ələlxüsus da Ərdoğan Türkiyəsi Azərbaycanın razılığı olmadan Ermənistan tərəfə heç yarımaddım da belə atmaz. 1990-lar artıq geridə qalıb, indi 2020-lərdir və Türkiyə də əvvəlkindən daha güclüdür, qərarlarını da müstəqil verir. Ən əsas da Azərbaycanın arxasında dağ kimi durur”.

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı isə indiki vaxtda Türkiyənin Ermənistanla əlaqələr qurmasını erkən sayır:"Türkiyənin prezidenti, hörmətli Ərdoğan açıq şəkildə mövqeyini ortaya qoyub ki, Azərbaycan Türkiyə üçün qırmızı xətdir, keçilməz xətdir. Bunu bütün Qərb, Fransa, Amerika və bütün erməniləri müdafiə edən qüvvələr bilir. Türkiyə məhz 32 ildir Azərbaycanın torpaqlarının işğalı səbəbi ilə Ermənistanla sərhədlərini bağlı saxlayır. Torpaqlarımız işğaldan azad olunandan sonra da Ərdoğan bəyan etdi ki, ermənilər xəstə təfəkkürlərindən və ərazi iddialarından imtina edəcəyi təqdirdə, normal münasibətlər, siyasi, iqtisadi, ticari əlaqələr qurula bilər. Sərhədlər açıla bilər. Bu gün Türkiyə öz ardıcıl mövqeyində qalmalıdır. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayana qədər heç bir əlaqə qurulmamalıdır. Bu, Azərbaycanın dövlət maraqlarıdır. Paşinyan hakimiyyəti bu haqda düşünməlidir. Yanlış davranışları ilə xüsusən Fransanın, Qərbin boş vədlərinə inanmamalıdırlar. Fikirləşməlidirlər ki, 30 il Rusiya pulsuz silahlandırdı, nəticədə nə baş verdi? 44 günlük müharibədə böyük itkilər verərək məğlub oldular. Revanşist düşüncələrdən əl çəkməlidirlər. Türkiyənin səmimi çağrışlarına qoşulub, Qafqazda sülhün təminatını əldə etməlidirlər. Bunun ən yaxşı yolu Türkiyənin vasitəçiliyindən istifadə etməkdir. Alternativ yol Ermənistanın böyük itkilərinə səbəb olacaq. Seçim özlərinindir”.

Xəbər 1010 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR