ƏRDOĞANI TƏHDİD EDƏ BİLMƏZSİNİZ

ƏRDOĞANI TƏHDİD EDƏ BİLMƏZSİNİZ

Türkiyəyə və onun prezidenti Ərdoğana qarşı kəskin mövqeyi ilə tanınan Alman Xristian Demokrat Partiyası (CDU) 24 iyun seçkiləri ərəfəsində Türkiyəni növbəti dəfə Aİ üzvlüyü ilə təhdid edib. Belə ki, CDU partiyasından olan avropalı parlament üzvü Renat Sommer, Ərdoğanın seçkilərdə qələbə qazanacağı təqdirdə, Türkiyənin Avropa İttifaqının üzvlüyünə qəbul edilməsinin mümkün olmayacağını iddia edib. Seçkilərə az qalmış narazılığını gizləməyən Sommer deyib: "Belə olan halda, Avropa Parlamenti üzvlük müzakirələrinin dayandırılmasını tələb edəcəkdir".

R.Sommer daha sonra açıq şəkildə bəyan edib ki, "Ərdoğan seçkilərdə qələbə çalarsa, Türkiyəni Aİ üzvü olmağa qoymayacağıq”. Bu, artıq həqiqətən də birmənalı surətdə təhdiddir, hədədir. Almaniyanın baş naziri Angela Merkelin lideri olduğu Xristian Demokrat Partiyası (CDU) R.T.Ərdoğanı və onun yeritdiyi siyasəti həzm edə bilmədiyindən bu cür açıq-aşkar hədə-qorxu mövqeyini seçir və 24 iyunda seçki məntəqələrinə axın edəcək türk seçicilərinə dolayısı yolla təsir (əslində isə təzyiq) göstərməyə çalışır. Bu çox alçaq üsuldur. CDU-nun bu metodu həm də "qara piar" metodudur.

Ancaq işin ən qəribə, əcaib tərəfi də ondan ibarətdir ki, CDU-nun funksionerləri seçki ərəfəsində belə bir hərbə-zorbalıqlarıyla gündəmə gəldikləri halda, xanım Angela Merkel isə Ərdoğanın ünvanına bir kəlmə də artıq-əskik ifadələr işlətmir. Əksinə, A.Merkel seçkilərdən sonra Ərdoğanı Almaniyaya rəsmi səfərə dəvət edib.

Bəs bu cür təzadlı davranışlar nədən doğur, nəyin göstəricisidir? Birincisi, bu Qərb siyasətçilərinin ənənəvi və sevimli "ikili standartlar" taktikasının əyani təzahürüdür. Başqa sözlə desək, Qərb liderləri həmişə ikibaşlı siyasət yürütməyə üstünlük verirlər. Birdəki, Angela Merkel realist siyasətçidir. Bu dəqiqə həm daxili siyasi proseslərdə, həm də beynəlxalq müstəvidə özü də küncə sıxışan Angela Merkelə əslində R.T.Ərdoğan kimi güclü müttəfiqlər lazımdır. Xanım Merkel artıq bəri başdan türk xalqının 24 iyunda məhz Ərdoğana səs verəcəyini bilir. Odur ki, Ərdoğanın qələbəsini öncədən gördüyü üçün, ona qarşı belə bir sayğı jesti edərək, onu Almaniyaya dəvət edir. Merkel bu jesti ilə həm Almaniyanın türk əsilli vətəndaşlarının dəstəyini qazanacağına ümid bəsləyir, həm də ki, D.Trampın Avropaya qarşı aqressiv və qeyri-konstruktiv siyasətinə qarşı mübarizədə R.T.Ərdoğanı da öz yanında görmək istəyir.

Nəzərə alsaq ki, Merkeldən daha öncə D.Trampın administrasiyası Ərdoğanın Suriya siyasətindəki qətiyyəti, israrı sayəsində geri çəkilməli oldu və Türkiyənin Menbiçlə bağlı şərtlərini qəbul etmək məcburiyyətində qaldı, demək ki, Qərb liderləri artıq başa düşürlər ki, Ərdoğanla təhdid dili ilə danışmaq olmaz. Elə İngiltərənin baş naziri Tereza Mey də Türkiyə lideri ilə münasibətləri yaxşılaşdırmağın tərəfdarıdır. Qərb liderləri siyasətin qocaman qrossmeyestri ilə hesablaşmaq zorundadırlar. Geopolitik proseslərin indiki həssas dönəmində Türkiyə dünya gücləri üçün sözün əsl mənasında vazkeçilməz ölkə rolunu oynayır.


Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR