Energetika naziri: Bolqarıstana yalnız Azərbaycan qaz sata bilər

Energetika naziri: Bolqarıstana yalnız Azərbaycan qaz sata bilər

Azərbaycan Balkan bazarında da böyük perspektiv görür.

“Son zamanlar diqqətimizi Balkan ölkələrinə yönəltmişik. Biz Albaniyanın qazlaşdırılması ilə bağlı bu ölkə ilə saziş imzaladıq.

Bilirsiniz ki, Albaniyada qazlaşma səviyyəsi ürəkaçan durumda deyil. Ona görə Azərbaycanın iştirakı ilə Albaniyanın təsərrüfat subyektlərinin qazlaşdırılmasına qərar verildi. Plana əsasən, Albaniyada qaz anbarları, qaz şəbəkəsi yaradılacaq. 

Bununla yanaşı, Bosniya və Herseqovina hökuməti də müraciət edib. Ümumiyyətlə, Balkan ölkələri Avropanın ən zəif qaz şəbəkəsinə malik olan ölkələrdir. Biz burada böyük perspektivlər görürük. İxrac etdiyimiz qazın həcmi artdıqca bizim maraqlarımız Yunanıstan və İtaliyadan da uzağa, yəni Balkan ölkələrinə qədər uzana bilər. Bununla bağlı mütəmadi danışıqlar aparılır. Lakin biz quru bəyanatlarla deyil, düşünülmüş plana uyğun hərəkət etməliyik”.

Aktual.az  xəbər verir ki, bu sözləri Energetika naziri Natiq Əliyev APA-ya müsahibəsində deyib. 

Nazir müsahibəsində qeyd edib ki, Bolqarıstana yalnız Azərbaycan qaz sata bilər:

“Bolqarıstan “Balkan” qazpaylayıcı mərkəzin yaradılması üzərində aktiv çalışması ilə bağlı artıq 20 ildir bu cür söz-söhbətləri eşidirəm.

Lakin 20 il ərzində bu istiqamətdə heç bir qazpaylayıcı mərkəz yaradılmadı. Bunun üçün siyasi iradə lazımdır. Bir qədər də dəqiqləşdirsəm, qaz satan tərəfin siyasi iradəsi olmalıdır. Bu cür layihələrin anonsu hansısa siyasətçinin (Bolqarıstanın baş naziri Boyko Borisov - red.) bəyanatından yuxarı səviyyəyə çıxmır.

Reallıqla ayaqlaşmaq lazımdır. Boyko Borisov deyir ki, ölkəsini haba çevirəcək. Hansı qazın hesabına? Fərz edək ki, söhbət rus qazından gedir. Vaxtilə “Cənub axını” layihəsi var idi, onun icrası dayandırıldı. Bu gün Rusiya Türkiyə ilə tərəfdaşlığı genişləndirir. Deməli, Bolqarıstan yenə qaldı kənarda. Digər tərəfdən, axı Bolqarıstanın real kommunikasiyaları yoxdur. 

Hazırda rəsmi Sofiyanın həyata keçirə biləcəyi bircə yeganə layihə Bolqarıstan-Yunanıstan interkonnektorunun tikintisidir. Avropa İttifaqı da bu layihəni dəstəkləyir. Bolqarıstan-Yunanıstan interkonnektoru tikildikdən sonra Bolqarıstana kim qaz sata bilər? Qalır yalnız Azərbaycan variantı.

Bugünkü reallıq ancaq bundan ibarətdir. Maraqlı bir məqam da ondan ibarətdir ki, biz nəhəng layihələrin altına girdik və yalnız müvafiq sənədləri imzaladıqda bununla bağlı bəyanat verdik, lakin Bolqarıstanın nə qazı, nə infrastrukturu var, nə bir müqavilə imzalayıb, amma illərdir bu cür bəyanatlar verir”.

Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR