Başımız devalvasiyaya qarışdı, onu unutduq. Devalvasiya günü ikisini də itirdik - ümidlərimizi və Ələsgəri. Kinomuzun “Çelentanosu”nu deyirəm. Ya da 3-cü rolların mahir ifaçısı olan, Şabanımız olmağa iddialı, amma kölgədə bilərəkdən və ya bilməyərəkdən qoyulan sənətkar.
Əslində, yeni nəsil onu gecənin bir qaranlığında başını yastığa qoyduğu zaman həyətdə var-gəl edən “07” sürücüsünün siqnallarından tanıyır. “Ələsgəər” deyə müraciətə, “Nə var e, Ələsgər-Ələsgər” deyə cavab verən siqnal səsi. Köhnəlmiş kadrdan çıxarılan gənc Ələsgərin etiraz səsini bir xatırlayın. Gülməli, bir az da məsum bir gəncin etirazı.
Bu səsi işdən evə yorğun gəlib dincəlmək üçün divana uzananda, həftə sonları gəzintiyə çıxmaq üçün sakit bir parka üz tutanda və ya lap xəstələnib mısmırığımızı töküb hər kəsi acılamağa başlayanda qulağımız mütləq eşidib. Bəlkə də, təkcə o səsi eşidən kimi siqnalı basan şəxsi söymək yerinə gülümsəmişik. Hamımızın üzünü güldürən bir etiraz və bu etirazı sevən böyük bir xalq.
Sakit, təmkinli, səmimi və sadəlövh xarakteri ilə son dəfə teatrdakı sənət yoldaşları ilə görüşür Ələsgər Məmmədoğlu. Onlara “nə edirsiniz, edin, amma xəstələnməyin” deyərək öz xəstəliyinin acısını ifadə edir. Özündən sonrakıları ölümdən qorumaq üçün xəstəliklə bağlı bildiklərini bölüşür, onlara sağlamlıq arzu edir. Və bir neçə gün sonra vəfat edir Ələsgər.
Özündən öncə gedənlər kimi gedir o da. Siyavuş Aslan, İlham Əsgərov, Nuriyyə Əhmədovaya göstərilən oxşar diqqətsizlik ona da nümayiş olunur. Əbülfəz Qarayev onu da diqqətdən kənarda saxlayır.
Mənim xatırladığım kimi siz də xatırlamağa çalışın. Nədənsə Siyavuş Aslan, İlham Əsgərov, Nuriyyə Əhmədova kimi sənətkarlar son mənzilə yola salınarkən xalqına və onlara qayğı göstərməli olan Mədəniyyət Nazirliyinə təşəkkür edərək gözlərini yummadılar. Biz daha çox səfalət içində, kasıbçılığın qıtlağa dayandığı bir məkanda, tör-töküntü evlərdə arvadların başlarına bağladıqları güllü şalların görüntüsündə yaşanan ölümlərin şahidi olduq. O evlərdə ölənlərin məşhurluğu, milli mədəniyyətin inkişafı üçün göstərdiyi xidmətlər yalnız yas yerinə gələn adamların sayının çox olmasına şərait yaradırdı. O ölülərin ümidsizlikləri ölüm qorxusundan deyil, geridə qalanların aqibətindən yaranırdı.
Azərbaycan mədəniyyətində Əbülfəz Qarayevin başlatdığı qorxunc bir ənənə çoxdan sürətlə böyüməyə başlayıb. Mədəniyyətimizdəki devalvasiya hələ çoxdan özünü göstərir. Məhz bu gün bir daha bunun şahidi olduq. İlham Əsgərov, Nuriyyə Əhmədovanın ölümündən sonra Ələsgər Məmmədoğlunun nəşi də Akademik Milli Dram Teatrından deyil, yaşadığı mənzildən ölüm mənzilinə yola salındı.
Bu dəfə nazirlik Aygünə, İlhaməyə, Namiqə çevirdiyi başını tapa bilmədi və simalı “Çelantano”dan o başını gizlətdi. Bu dəfə bu məmur başları Ələsgərin siqnalını eşidib diksindilər. Dirisinin istedadından qorxub diksindikləri kimi.
Aktual.az