Aktual.az "Bizim Rusiya” adlı rubrikanı davam etdirir.
Hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələcək rubrikada Rusiyada fəallığı ilə seçilən azərbaycanlılardan, daha doğrusu onların keçdiyi həyat yolundan bəhs ediləcək.
Haqqında bəhs edəcəyimiz növbəti azərbaycanlı, Rusiyanın "Avropa meydanı” ASC-nin idarə heyətinin sədri, adını "Forbes”in milyarderlər siyahısına salan Zarah İliyevdir.
Zarah İliyev kimdir: Çəkməçi oğlu, daraq satan, Rusiyanın "əmlak kralı”...
Yəhudi əsilli azərbaycanlı biznesmen Quba rayonunun Qırmızı qəsəbəsində dünyaya göz açıb. 50 yaşlı sahibkar dünyaya ticarətçi kimi göz açıb desək, yanılmarıq. Atası Bension çəkməçi idi və sahib olduğu 5 oğluna da uşaqlıqdan bu sənəti öyrətmişdi. Zarah isə baş geyimləri tikməklə məşğul olurdu. Onun hazırladığı papaqlar qonşuluqda yerləşən Qubanın bazarlarında satılırdı.
Zarahın 17 yaşı olduqda iki əmisinin və əmisi oğlunun bizneslə məşğul olduğu Moskvaya gedir. Buraya ilk gəldikdə bazarda daraq satırmış. Daha sonra o gül satmaq, mağazalara şərab paylamaqla məşğul olurmuş. Müəyyən kapital yığdıqdan sonra isə İsmayılov bazarında ticarət məntəqələri alaraq sahibkarlara icarəyə verirdi.
Sovetlərin çöküşü: İliyev və Nisanovun qarşısında yeni imkan...
SSRİ-nin çöküşü ilə postsovet məkanına daxil olan ölkələrdə, xüsusən Rusiyada sahibkarlar üçün unikal fürsət yarandı. Təsadüfi deyil ki, bu gün adını "Forbes”in milyarderlər siyahısına salan, milyardlarlara sahib olan aparıcı sahibkarlar məhz sovetlər sisteminin çöküşü ilə tərəqqi etdilər. Bu siyahıda Rusiyada yaşayan yəhudi əsilli azərbaycanlılar, o cümlədən Zarah İliyev də yer aldı.
1993-cü ildə o Çərkəz bazarının bir hissəsini idarə edən "İliev” şirkətini yaradır. 2000-ci ildə isə İlievin şirkəti " "Moskva” topdan və pərakəndə ticarət mərkəzi”nin 57% səhmlərini əldə edir. Zahar İliev 2000-ci ilin dekabr ayında "Safra Instruments” şirkətini yaradır. 2009-cu ildən isə o Belizdə qeydiyyatdan keçirilmiş Binston Investments Limited şirkətinə məxsusdur. Forbes jurnalına əsasən, 2003-cü ilin sonuna qədər İliev "Safra” şirkətindən yeni investisiyalar əldə edir.
Putinin tələbəlik dostu ilə şəriklik, inqilabi dəyişiklik...
Putinin hakimiyyətə gəlişi, Rusiya prezidentinin tələbəlik dostu, professor İlham Rəhimovun Moskvaya köçməsi, Qırmızı qəsəbədən olan biznesmenlər – Qod Nisanov və Zarah İliyevlə işbirliyi sonuncunun qarşısında inanılmaz imkanlar açır.
Professor İlham Rəhimov "Forbes Azərbaycan” layihəsi çərçivəsində Aktual.az portalının baş redaktoru Azər Niftiyevə eksklüziv müsahibəsində qeyd edir ki, onların ortaq şirkətləri Moskva şəhərində mülkiyyətin, daşınmaz əmlakın dəyərinə görə birinci yerdə dayanır.
Rusiya mətbuatının yazdığına görə, Zarah İliyev ortaqları İlham Rəhimov və Qod Nisanovdan ayrıca biznesi də var. Onun 2005-ci ildə Zurab Çereteli ilə "Möcüzələr şəhəri” adlı şirkət təsis etdiyi iddia olunur. 2009-cu ildən isə Moskvadakı dağ yəhudiləri icmasından olan ortaqları ilə "Elektron cənnət” ticarət məntəqəsi, "Grand” mebel mərkəzi, "Moskva” avtomobil hipermarketlərini yaradıb.
Xeyriyyəçilikdən yan qaçan sahibkar...
Həzrəti Əli buyurur ki, sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır. Həzrəti Əlinin bu kəlamı yəhudi əsilli biznesmenə aiddirmi, bunu deyə bilmərik. Amma görünən odur ki, Zarah İliyev indiyə qədər ciddi xeyriyyə tədbirləri keçirməyib. Bunu gizli edir, yoxsa ümumiyyətlə etmir, bu barədə ictimaiyyətin hər hansı məlumatı yoxdur.
Azərbaycan diasporunun fəaliyyətində də yaxından iştirak etməyən Zarah İliyev yalnız bahalı əmlak almaq, sərvətinin artması ilə gündəmə gəlir.
İki uşaq atası olan Zarah İliyev "Forbes”in hesablamalarına görə, 3,6 milyard dollarlıq sərvətə sahibdir.