Dövlət pulunu dağıdanlar üçün yeni cəzalar

Dövlət pulunu dağıdanlar üçün yeni cəzalar

"İctimai Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri, hüquqşünas İlqar Altay Milli Məclisin son iclasında Cinayət Məcəlləsinə edilən dəyişiklikləri təhlil edib.

Aktual.az  qafqazinfo-ya istinadən İlqar Altayın bu təhlil yazısını təqdim edir:

Azərbaycan prezidenti İlham Əliyevin dövlət büdcəsinin təyinatı üzrə istifadəsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər barədə verdiyi sərəncam diqqətçəkən məsələdir.

İndiki, bu gərgin geosiyasi və müharibə şəraiti dövrü verilən sərəncam Cinayət Məcəlləsi kimi mühüm sənəddə dəyişikliyi nəzərdə tutursa, bu addım vacib şərtlərdən irəli gəlir. Vəzifəli şəxslərə qarşı belə qəti addım boş yerdən yarana bilməz və bunun arxasında ciddi məqamlar olmaya bilməz.

Bu məsələ ilə bağlı müxtəlif ictimai xadimlər, hüquqşünaslar və media orqanları bəzən dərin təhlilə varmadan nəticələr çıxarırlar. Məsələni irəli sürən Milli Məclisin nümayəndəsi zəhmət çəkib bu barədə ictimaiyyətə izah vermir. Bu hal isə, yanlış yozulmalara, anlaşılmazlığa gətirib çıxarır.

Bir çoxları belə hesab edirlər ki, bununla qanundakı hansısa maddələr və cəzalar ağırlaşdırılır, ya yüngülləşdirilir. Və yaxud, yeni qanun məmurlar üçün yeni güzəşt mənbəyidir. Əslində isə belə deyil, cinayət qanununa yeni bir əlavədir və əksinə, məmurlara əlavə məsuliyyət yaradır.

Cinayət Məcəlləsinin korrupsiya, dövlət, qeyri-dövlət qullugu cinayətlərilə bağlı 33-cü fəsli var. Orada vəzifə səlahiyyətlərindən qanunsuz üstünlük, yəni ki, mənfəət məqsədilə sui-istifadəni və ona uyğun cəzaları nəzərdə tutan 308.1 və 308.2 maddələri var. Dəyişiklikdə bunlar olduğu kimi qalır və bu maddələrə daha bir, yeniləri əlavə olunur, olur 308.1.1. və 308.1.2.

Bu yeni əlavələr isə, oxşar 33-cü fəsil cinayətləri qrupuna daxil olmaqla, xüsusi olaraq, dövlət büdcəsinin təyinat üzrə istifadə pozuntularına qarşı yönəlir. Yəni söhbət, xüsusi olaraq mənimsəmədən və oğurluqdan getmir və bu hallara qarşı daha ağır və sərt cəzalar nəzərdə tutan maddələr var.

Söhbət mənfəət, qanunsuz üstünlük məqsədli, qəsdən büdcənin istifadə pozuntusu hallarından da getmir. Çünki belə əməllər də 308.1 və 308.2 maddələrində nəzərdə tutulub. Bəs nədir onda bu dəyişikliyin mahiyyəti, onu yaradan vacib şərt?

Belə nəticə çıxır ki, söhbət şəxsi mənfəət güdmədən belə, büdcə vəsaiti xərclənməsində səhlənkarlıq, səhvlər, israfçılıq və məsuliyyətsizlikdən gedir. Yəni lazım oldu-olmadı dövlətin pulunu hansısa effektsiz bahalı proyektlərə, mənasız riskli addımlara, komfort şəraitlərə sərf etməkdən gedir. İndiki iqtisadi böhran və qənaət şəraitinə uyğun gəlməyən artıq və boşuna xərclərə yol verilməsindən gedir.

Məhz bu halların qarşısının alınmasına görə yeni 308.1.1 maddəsi xeyli miqdarda israf üçün maksimum 3 il, 308.1.2 maddəsi isə, külli miqdarda israf üçün isə 6 il cəza nəzərdə tutur.

Qaldı ki, cəmiyyətdə sual yaradan məsələ. Niyə, Cinayət Məcəlləsindəki digər, mənimsəmə və oğurluq kimi maddələrdə "külli miqdar" cəmi 7 min manat oduğu halda, yeni maddədə 250 min hesab olunur? Görünür ki, böyük idarə, müəssisələrin milyonluq işlərində və proyektlərində qəsdən törədilməyən israfçılıqda 7 minə görə ağır cəza tətbiq etmək adekvat və məqbul sayılmayıb.

Təbii ki, bu hərəkətlər, yəni, mənfəət güdmədən belə, dövlət pulunu və malını göyə sovurmaq da cinayət hesab olunmalıdır. Cünki bu hal da mənfəət məqsədli istifadə, mənimsəmə və oğurluq halları kimi dövlətə ziyandır. Nə fərq edir ki, vəzifəni düzgün yerinə yetirməyib və dövlətin büdcəsinin bilrəkdən, yaxud da biləməyərəkdən talanına yol verdin? Bilməyərəkdən, ehtiyatsızlıq üzündən qəza, ziyan, xəsarət və ya ölüm törədən sürücülər, adi vətəndaşlar cəza almırlar ki?

Bunlar onu göstərir ki, illərlə, ölkədə neft gəlirlərinin çox oldugu dövrdə nazirlik və idarələr, məmurlarımız israfçılıqla məşğul olublar. Beyinlərinə gələn, istər özünü işgüzar, təşəbbüskar göstərmək və istərsə də başqa məqsədlərlə əsassıs, lazımsız, başdansovdu işlərə, proyektlərə vəsaitlər xərcləyiblər. Və indi də onların bu tendensiyanı həmin inersiya ilə davam etdirmə ehtimalı qalır.

Görünür ki, bunlara görə də dövlət rəhbərliyi qanunun gücü hesabına qabaqlayıcı addımlarin atılmasına qərar verib. Və hesab edirəm ki, çox düzgün qərar verib. Qoy hər kəs öz vəzifəsində, fəaliyyət və qərarında məsuliyyətli olsun.

Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR