“Düşün Səmranın ətəyindən!” – Millət vəkili sosial şəbəkələrə od püskürüb, “Eurovision” təmsilçimizin müdafiəsinə qalxdı...

“Düşün Səmranın ətəyindən!”   – Millət vəkili sosial şəbəkələrə od püskürüb, “Eurovision” təmsilçimizin müdafiəsinə qalxdı...

Millət vəkili Elşən Musayev musavat.com-a yazı göndərib. Yazının mövzusu aktualdır və hazırda ölkənin xəbər məkanında, sosial şəbəkələrdə əsas müzakirə mövzusudur. Onu təqdim edirik. 
 
 
Günlərdir sosial şəbəkələrin müzakirə predmeti dəyişib. Daha heç kim Qarabağdan, neftin qiymətindən, devalvasiyadan danışmır. “Hərşeyşünaslar” üçün əla bir ortaq mövzu tapılıb: “Səmranın ətəyi”.
 
Qızı didib-yeyirlər. Söymədikləri, təhqir eləmədikləri yeri, aşağılamadıqları tərəfi qalmayıb. Ki, bəs demə Azərbaycanın “Eurovision” təmsilçisi öz geyimi ilə biabırçılıq edib, bəzi papaqları, qeyrət fışqıran damarları, namus mücəssimələrinin qanını yerindən oynadıb.
 
 
Bir uzaq tanışım var, təxminən 4 il bundan öncə bərabər iştirak etdiyimiz toy məclislərinin birində şıdırığı rəqs edən arvadına göz ağartmışdı. Arvad da dinməz durmayıb nümayişkəranə şəkildə və hamının eşidəcəyi tərzdə bu cavabı vermişdi: “Qudurma ha, təpəni dağıdaram”. Bax, həmin qardaş da dünən feysbukda status yazıb: “Səmranın atası, qardaşı, qohum əqrəbası hara baxır? Bir kişi yoxmu bunu yerində otuzdurmağa?”
 
Ay balam, ay dədə, ay yoldaş, ay qadan alım, “Eurovision”dur e bu! Anlayırsız? – “Eurovision”!. Biz kilsəyə kahin, məscidə molla, yas yerində dil deyib arvad-uşaq ağlatmağa nümayəndə deyil, xüsusi geyim protokolu olan musiqi yarışmasına müğənni göndərmişik. O yerə ki, həmin məkanda kiminsə əyin-baş söhbətini eləmək təxminən çimərlikdə “zaqar” alan birinə “şalvarın hanı?” sualını vermək kimi bir şeydir!
 
Barı bunun fərqinə varın...
 
 
İndiyə qədər xatırlayıram: İlk “Eurovision” yarışmasında uğursuz çıxışından sonra Elnurun alnına yapışdırılmayan damğa, kürəyinə saplanmayan bıçaq növü qalmadı. Nə var-nə var qələbə yoxuydu deyə. Amma elə ki, “O səs Türkiyə”nin qalibi oldu,  bir an içində hər kəs öpüb alnının üstündə, ürəyinin başında gəzdirdi adamı. Qardaş, oğlum, doğmam, əzizim deyib səsləndi.  Evində ərə getməmiş qızı olanlar Elnur kimi kürəkən, oğlu olmayanlar o cür oğul, yeznəsi olmayanlar belə bir yeznə arzuladı...Qəflətən! 
 
Bəlkə yalan deyirəm?!
 
Bir vaxtlar şəhərdə şalvar geyinən qızları haydı-huyduya tutdunuz – bir baxdıq , zaman keçdikcə sizlərin təxminində elə ən abırlı geyim şalvarmış demə. Sonra saçını saraldan qadınları iyrənc düşüncə tərzi ilə hədəfə aldınız – bir baxdıq, arvadlarınızın sarı rəngə boyanması artıq öz təşəbbüsünüzmüş demə. Daha sonra ipi atdınız maşın sürən qadınların boynuna. Ki, özünə hörmət edən kişinin xanımı maşın sürməz. Amma yenə də...bir baxdıq, kredit götürüb avto-salon gəzirsiniz. Arvadla!
 
“Ən gözəl sənət müğənnilikdir” – deyib müdrikyanə görkəm alacağınız gün də uzaqda deyil.  
 
 
Erməni şərəfsiz fahişə Kardaşyanına da sahib çıxıb e, cənablar. Unutdunuzmu bunu? Amma sizlər Azərbaycanı layiqincə təmsil edən namuslu balamızı, gənc xanımı mənəvi aşınmaya sürükləmək, sındırmaq, kökdən, həvəsdən salmaq üçün əlinizdən gələni əsirgəmirsiniz! Niyə?! Səbəb?!
 
Səmra qalib də olsa eyni fikirləri, eyni məntiqi bölüşəcəksinizmi? Çətin. Vallah ki, billah ki çətin. Bütün inandıqlarıma and olsun palaz-palaz statuslar yazıb mədhiyyələr söyləyəcəksiniz, nəslimdəki bütün xanımlar kaş Səmraya bənzəyəydi-deyəcəksiniz, adamı idealınıza, kumirinizə çevirəcəksiniz, ilk fürsətdə avtoqraf alıb şəkil çəkdirəcəksiniz.
Xəbər 5529 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR