Demokratik İslahatlar Partiyası Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə bəyanat verib.
Aktual.az xəbər verir ki, bəyanatda deyilir:
"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilib və etnik azərbaycanlılara qarşı soyqırımı törədilib. Nəticədə yüzlərlə azərbaycanlı qətlə yetirilib, ailələr tamamilə məhv edilib, əsir götürülənlərin taleyi isə bugünədək məlum deyil. Bu qanlı hadisədən 30 il ötməsinə baxmayaraq, hələ də ona hüquqi qiymət verilməyib və günahkarlar layiqli cəzalarını almayıblar.
Azərbaycan 44 günlük müharibə ilə ərazilərinin böyük bir hissəsini Ermənistanın işğalından azad etməyə nail olub. İndi Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qətliama beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinə nail olmaqdır. Azərbaycan İnterpolun xətti ilə Xocalıda, eləcə də Azərbaycanın digər ərazilərində hərbi və mülki cinayətlər törətmiş şəxslərin saxlanılaraq haqlarında beynəlxalq tribunalın təşkil edilməsinə çalışmalıdır. Azərbaycanlılara qarşı qanlı cinayət törətmiş bu şəxslər Nürnberq prosesinə oxşar bir beynəlxalq məhkəmə ilə öz əməllərinin cəzasını almalıdırlar. Odur ki, biz dünyadakı hər bir azərbaycanlını "Xocalıya ədalət” istəməyə, buna nail olmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çağırırıq”.
Xəbər 380 dəfə oxunub.