Deputatdan AB-Azərbaycan sazişi əleyhinə olanlara sərt cavab

Deputatdan AB-Azərbaycan sazişi əleyhinə olanlara sərt cavab

Elşən Musayev: "Sənədin hər bəndində, maddəsində Azərbaycanın maraqları qorunacaq, buna kimsənin şübhəsi olmasın...”

Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanacaq saziş ətrafında hər keçən gün müzakirələr qızışır. Bu ilin sonuna qədər tərəflər arasında müqavilənin imzalanacağı yönündə fikirlər səslənməkdədir. Artıq saziş sənədinin hazırlanıb yekunlaşmaq üzrə olduğu deyilir.
Azərbaycan daxilində sazişlə bağlı müxtəlif mövqelər sərgilənir. Doğrudur, əksəriyyət bu müqavilənin imzalanmasına müsbət baxır və ölkəmiz adına əhəmiyyətinin böyük olduğunu vurğulayır. Onların düşüncələrinə görə, sazişin imzalanması ilə Azərbaycan Avropaya daha yaxın olacaq. Bununla belə, bəzi fərqli mövqe daşıyıcıları var ki, bunlar da daha çox müxalifət düşərgəsində təmsil olunurlar. Bu fikir daşıyıcıları hesab edirlər ki, saziş imzalansa belə, ölkəmizdə demokratiya, insan haqları, siyasi məhbuslar və digər məsələlərlə bağlı problemlər aradan qalxmayacaq. Onlar Avropa Şurasına üzvlüyümüzü önə çəkərək, son 18 ildə bu problemlərin aradan qalxmadığını qeyd edirlər.
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev sazişin əleyhinə olan qüvvələrə sərt cavab verdi: "Avropa Birliyi ilə Azərbaycan arasında imzalanması nəzərdə tutulan sazişin mahiyyətinə geniş spektrdə və radiusda baxmaq, yanaşmaq lazımdır. Əvvəla, bu proses bütün sahələr üzrə inteqrasiya mərhələsini özündə ehtiva edir. Üstəlik, yeni dövrün tələblərinə, bu tələblərin realizəsinə doğru ciddi bir addım səciyyəsi daşıyır. Əhəmiyyətli kəsimin də məlum məsələyə münasibəti ona görə müsbət, ən uzağı loyaldır. Azərbaycan daxilində yalnız qaragüruh dediyimiz təbəqənin nümayəndələri həmin sazişlə bağlı dolayı iradını bildirir, narazılığını ifadə edir. Bu da kökündən yanlışdır. O baxımdan yanlışdır ki, münasibətdə, əsaslandırmada adekvatlıq, arqument yoxdur. Yenə qısqanc, qısascı anti-Azərbaycan mövqeyi həmin insanların timsalında öz estafetinə davam edir. Dünən (srağagün-red.) bir neçə radikal müxalifətçinin məlum sazişlə bağlı fikirlərini oxudum. Absurd ittihamlar səslənir. Amma danışanda demokratiyadan, insan hüquq və azadlıqlarından dəm vururlar. Demokratiya, insan hüquqları sizə həqiqətən bu qədər lazımdırsa, niyə inteqrasiya istəmirsiniz ki? Bu saziş həm də Avropa məkanına, onun təsisatlarına daha rahat giriş-çıxış imkanı verməyəcəkmi? Əli Kərimli sətir-sətir, bənd-bənd tezislər yazıb öz statusunda. Amma bircə onu demir ki, konkret olaraq Azərbaycan bu sazişi niyə imzalamamalıdır. Əvvəl ərazi bütövlüyü məsələsindən yapışmışdılar. Azərbaycan tərəfi açıqca bəyan etdi ki, bu mövzu müzakirə predmeti ola bilməz. Yəni Azərbaycanın ərazi bütövlüyü və erməni işğalının təsdiqi faktı nəinki bu sazişdə, ümumən dövlətin imzaladığı və qoşulduğu bütün beynəlxalq müqavilələrdə öz əksini mütləq şəkildə tapır. Burada da öz əksini tapacaq. İndi də deyirlər, başqa detallar məlum deyil. Detallar hələ işlənilir. Qoy bir özümüzə məlum olsun, sonra sənin də xəbərin olar da. Hara tələsirsən? Ayrıca millətə, dövlətə zidd nə detal ola bilər? Əli Kərimlinin,  onun kimi düşünənlərin fikri deyəsən özlərinə gedib. Elə bilirlər hamı onlar kimidir, ən kritik məsələlərdə ümumi maraqları şəxsi maraqlara qurban verirlər. Azərbaycan iqtidarı və hakimiyyəti min şükür olsun ki, qlobal hadisələrə elə qlobal rakursdan da baxır və milli, dövlət maraqlarına zidd heç vaxt heç bir addım atmaz. Üstəlik, onu da deyim ki, radikal müxalifətçilər bu mərhələdə həmin sazişə əngəl törətmək istəyən konkret qüvvələrin də əllərinə oynayırlar ki, növbəti etapda bəlkə bunlara qəyyumluq eləsinlər, pul-para versinlər. Fəqət, bütün hallarda ayıbdır! Həm də müxalifətçilik adına ayıbdır! Məsələ burasındadır ki, sazişlə bağlı hətta radikal müxalifətin öz daxilində belə Əli Kərimli qrupundan daha fərqli düşünənlər var. Ortaya ədalətli mövqe qoyanlar var. Rəqibimiz olsalar belə, aramızda ciddi anlaşılmazlıq olsa belə, həmin qrupun mövqeyini təqdir edirəm. Belələri heç olmasa fərqindədirlər ki, daxili-siyasi mübarizəni millət, dövlət maraqlarına qatmaq olmaz. Bunlar ayrı-ayrı məsələlərdir”.
Deputat sazişin uzanmasına da mövqe bildirdi: "Bəli, sazişin imzalanması uzanır. Çünki onun imzalanmamasında maraqlı olan xarici, destruktiv, öz maraqlarını güdən qüvvələr var. Amma saziş əvvəl-axır imzalanacaq və hər bənddə, hər maddədə Azərbaycanın maraqları qorunacaq. Buna kimsənin şübhəsi olmasın”.
 
 
Mənbə: "Yeni Müsavat”
 
Aktual.az


Xəbər 737 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR