Dənizdə bu nişanı keçməyin: FHN-dən vacib xəbərdarlıq

Dənizdə bu nişanı keçməyin: FHN-dən vacib xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu tədbirlərdən əsas istiqamətlərdən biri çimərliklərdə sualtı müayinələrin aparılmasıdır.

Bu barədə Aktual.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliiyinin Mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, sualtı müayinələr zamanı ilk növbədə su altında mövcud ola biləcək təhlükələr müəyyən edilir. Eyni zamanda, suyun dibində olan daşlar, qaya parçaları və digər yad cisimlər təmizlənir. Bundan əlavə, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə üzmə sərhədlərini müəyyən edən nişanlar quraşdırılır.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, bu nişanlar 1 metr 75 santimetr dərinlikdə quraşdırılır və həmin nişanları keçərək dənizə doğru üzmək qadağandır.

Lakin çimərlik mövsümü ərzində bəzən vətəndaşların müəyyən olunmuş üzmə sərhədlərini keçərək dənizə doğru uzaqlaşması hallarına rast gəlinir. Belə hallarda xilasedicilər səs gücləndirici vasitəsilə vətəndaşlara xəbərdarlıq edir və təhlükəsiz əraziyə geri qayıtmalarını xahiş edirlər. Bəzi hallarda isə xilasedicilər su nəqliyyatı vasitəsilə həmin şəxslərə yaxınlaşaraq onların təhlükəsiz şəkildə geri qayıtmasını təmin edirlər.

"Fürsətdən istifadə edərək vətəndaşlarımıza bir daha müraciət edirik ki, çimərliklərdə istirahət zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər. Xüsusilə uşaqları və yeniyetmələri nəzarətsiz qoymasınlar, müəyyən edilmiş üzmə sərhədlərini keçməsinlər və nəzarətsiz, təhlükəsizlik baxımından uyğun olmayan çimərlik ərazilərindən istifadə etməsinlər.

Unutmayaq ki, çimərlikdə təhlükəsizlik qaydalarına riayət etmək həm özümüzün, həm də ətrafımızdakı insanların həyat və sağlamlığının qorunması baxımından olduqca vacibdir", - deyə rəsmi məlumatda vurğulanıb. 
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR