Dabaq xəstəliyinə qarşı peyvəndləmə başladı

Dabaq xəstəliyinə qarşı peyvəndləmə başladı


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq dünəndən respublika ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirinə başlayıb.
Aktual.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.
Türkiyədə baş vermiş dabaq xəstəliyi ilə bağlı Azərbaycan ərazisinin epizooloji sabitliyinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər görüldüyünü bildirən Y.Xanvəli əlavə edib ki, iribuynuzlu heyvanların peyvəndlənməsi ilk növbədə ölkənin sərhəd rayonlarında keçirilir: “Bu tədbirlər ilk olaraq Balakən, Ağstafa, Samux, Qazax rayonlarında, cənub zonasında, Naxçıvan Muxtar Respublikasında başlayıb”.

Dabaq xəstəliyinin çox sürətlə yayılan bir infeksion xəstəlik olduğun vurğulayan Y.Xanvəli əlavə edib ki, xəstəliyə qarşı əsasən yaz, payız aylarında vaksinasiya aparılır. Ancaq bu dəfə təhlükə ehtimalı olduğundan erkən başlayıb.

Y. Xanvəli qeyd edib ki, hazırda respublikanın epizootik vəziyyəti sabitdir və peyvəndləmə prosesi sərhəd rayonlarından sonra digər rayonlarda da həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyənin bir sıra bölgələrində dabaq xəstəliyinin baş verməsi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən imzalanmış əmrə əsasən,həmin ərazilərdən və risk zonasına yaxın olan Kastamonu, Çankırı, Kırıkkale, Amasiya, Samsun, Ardahan, Ağrı, Erzurum bölgələrindən də diri heyvanların və heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə Türkiyə Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında arayışı olduğu təqdirdə baxılması nəzərdə tutulub.

Xəbər 369 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR