Böyrək daşlarından necə azad olaq? - VİDEO

Böyrək daşlarından necə azad olaq?  - VİDEO

Holmium-lazerin böyrək daşlarının müalicəsində rolu

Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsili cərrah, uroloq-androloq Araz Bayramovun Aktual.az-a müsahibəsi

- Araz bəy, böyrək ağrılarından şikayətçi olanların sayı durmadan artır. Sizcə, problemin kökündə nə dayanır və hansı üsullar böyrək daşlarının müalicəsində daha etibarlıdır?

- Azərbaycanda xüsusi endemik zonalar var ki, həmin regionlarda, məsələn, Şəki, Lənkəran, Naxçıvan, Gəncə və digər zonalarda böyrək daşlarına rast gəlmək tezliyi yüksəkdir. Regionlarda xeyriyyə aksiyalarında olduğum zaman bir daha bunun əyani şahidi olduq. Bunun da həmin regionların spesifik xüsusiyyətləri ilə bilavasitə bağlılığı var. O ki qaldı böyrək daşlarının müasir üsullarla müalicəsinə, qeyd edim ki, son illər ölkəmiz bu sahədə ciddi yeniliklərə imza atır. Xüsusən təbii yollarla böyrək səviyyəsinə qalxıb, böyrəyin istənilən kasacığına daxil olaraq, böyrək daşlarını holmium-lazerlə parçalamaq mümkündür. Eyni zamanda böyrək daşları arasında ən ağırı sayılan – mərcanvari böyrək daşlarını heç bir kəsik olmadan perkutan üsulla çıxarırıq.

- Böyrək daşlarının müalicəsi bu qədər asandırsa, bəs niyə xəstələr ən sonda həkimə müraciət edirlər?

- Bu biz uroloqları da narahat edən mühüm məsələrdən biridir. Çox təəssüf ki, xəstələr adətən şiddətli ağrıların intensivləşdiyi dövrdə uroloqa müraciət edirlər. Bu dövrdə sidik yollarında infeksiya olduğundan ağırlaşmalara daha çox rast gəlirik. Bu da xəstənin təcili böyrək daşlarından azad olmaq imkanlarını məhdudlaşdırır. Biz məcbur qalıb, əvvəlcə infeksiyanı müalicə edir və sonra böyrək daşlarını endoskopik yolla çıxarırıq. Əlavə edim ki, son dövrlər, xüsusən gənclər arasında ilkin dövrlərdə həkimə müraciət edən xəstələrin sayı artır. Əlbəttə, hər kəsin vaxtlı-vaxtında həkimə müraicət etməsinə və yaxşı mənada onlardan nümunə götürməsinə ehtiyac var.

- Bəzən belə fikirlərə də rast gəlirik ki, böyrək daşlarından təbii yolla xilas olmaq mümkündür. Həqiqətənmi, nanə suyu, itburnu, qarğıdalı saçağı böyrək daşlarını tökür?

- Gülür. Bizim qəbul etdiyimiz istənilən qida, o cümlədən meyvə-tərəvəz məhsulları, həmçinin də adını çəkdiyiniz bitkilər insan orqanizmi üçün faydalıdır. Yaxşı olar ki, hər bir insan qida rasionuna xüsusi diqqət yetirsin və faydalı qidalar qəbul etsin. Amma demək ki, nanə suyu, itburnu və digər bitkilərdən müntəzəm istifadə etməklə, böyrək daşlarından azad olmaq olar, bu düzgün deyil. Xəstələr ilk növbədə o məqama diqqət yetirməlidirlər ki, özbaşına müalicə üsulları bəzən onlarda ciddi fəsadlara yol açır. Məsələn, böyrək daşından əziyyət çəkən xəstə bitki çayları qəbul edir. Həmin daşda böyrəkdən sidik axarına düşür. Bu dövrdə bəzən kəskin ağrılar olmadığına görə, xəstə sağaldığını düşünür. Sonradan məlum olur ki, xəstədə hidronefroz var. Yəni, böyrək ləyəni və kasacıqları genişlənib və sidik ləngiməsi müşahidə olunur. Belə hallarda ən qısa müddətə endoskopik müdaxilə olmazsa, xəstə böyrəyini itirə bilər.

- Holmium-lazer böyrək daşlarının müalicəsində ən effektiv üsul sayılır. Maraqlıdır, bu üsulun xüsusi üstünlüyü nədir?

- Müasir urologiyada sidik yollarının, yəni, böyrək, sidik axarı, sidik kisəsi daşlarının, o cümlədən prostat adenomasının holmium-lazerlə müalicəsi ən etibarlı üsuldur. Holmium-lazerin üstünlüyü hesabına böyrəklərə fleksbl-urs ilə təbii yolla qaxlmaq olur ki, bu da öz növbəsində spinal anesteziyası altında, yəni xəstəyə ümumi narkoz verilməyərək, böyrək daşlarını parçalamağa zəmin yaradır. Bu üsul xüsusən yaşlı adamlarda, böyrək daşları ilə yanaşı şəkərli diabet, ürək, qan-damar sistemi xəstəliklərindən əziyyət çəkən xəstələrdə endoskopik müdaxiləyə imkan yaradır.

Adnan//Aktual.az

Xəbər 14210 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR