Belə görünür ki, aldadıcı erməni təbliğatının qurbanına çevrilmiş hər şəxsi və qurumu 100 illik tarixi bir tərəfə qoyun, ən yaxın tarix barədə (2009-cu il) ən bəsit şəkildə məlumatlandırmağa davam etməyə məhkumuq.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Almaniya Bundestaqının 2 iyunda qəbul etdiyi “soyqırım” qərarının əksər maddələri ÜDM-in həcminə görə dünyanın üçüncü ölkəsinin qanunvericilik orqanının saxta bir təbliğatın tilovuna düşməsinin çox açıq örnəyidir.
Sürix protokollarının həyata keçirilməsi üçün Türkiyə və Ermənistan parlamentlərinə edilmiş tövsiyə də onlardan biridir. “Türk və erməni hökumətlərini dayanma nöqtəsinə gəlmiş normallaşma prosesini canlandırmaları üçün cəsarətləndirmək. Türk və erməni hökumətlərinin tarixi analiz etmək, diplomatik münasibətlərə başlamaq və sərhədləri açmaq üçün komissiya qurulmasını nəzərdə tutan 2009-cu il Sürix protokollarının parlamentlərində ratifikasiyadan keçirmələrinə cəhd göstərmək”... Bundestaqda qəbul edilmiş mətnin bir paraqrafı bizə bu şəkildə təqdim edilib. Layihənin hazırlanması və Bundestaqdan keçməsində müstəsna əməyi olmuş Yaşıllar Partiyasının millət vəkili Cem Özdəmirin və bütövlükdə Bundestaqın Türkiyə ilə Ermənistan arasındakı “normallaşma prosesi”ni yaxından izləmədiklərini görməkdəyik. İzləsəydilər, belə bir maddənin qərar layihəsinə daxil edilməsinə imkan verməzdilər. Çünki Sürix protokollarının imzalanması zamanı Ermənistandan daha çox səmimiyyət nümayiş etdirən tərəfin (xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyanın sifətlərindəki ifadələri bir daha xatırlamaq kifayətdir) Türkiyə olmasına baxmayaraq, anlaşmanı tamamilə pozan tərəf Ermənistan idi. Bir az geniş baxaq.
2009-cu ilin fevralında ABŞ-ın “Azadlıq” radiosunun erməni redaksiyası guya Türkiyə XİN-dəki mənbələrə istinadən verdiyi xəbərdə münasibətlərin normallaşması məqsədilə aparılan gizli danışıqlarda Türkiyənin Qarabağ şərtindən vaz keçdiyini gündəmə gətirincə, Azərbaycan buna etiraz etmiş və Bakı ilə Ankara arasında soyuqluq yaranmışdı, ta ki 14 may 2009-cu ildə dönəmin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Milli Məclisində çıxış edərək Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını səbəb-nəticə əlaqələrinə bağlamasına qədər. “Türkiyə-Ermənistan sərhədi niyə bağlıdır? Ermənilər Azərbaycan torpaqlarını işğal etmişlər, bu, sərhədin bağlanmasının səbəbidir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması isə nəticə olacaq, o nəticəyə varılandan sonra sərhədin açılması məsələsi gündəmə gələ bilər”. Bu sözləri cənab Ərdoğan demişdi. Türkiyə-Ermənistan münasibətlərinin normallaşma şərtinə cənab Ərdoğanın Qarabağ üzərindən çəkdiyi bu qırmızı cizgiyə rəğmən, iki ölkə arasında gizli görüşlər 2009-cu ilin yay aylarında da aparılmışdı. Gizli müzakirələrin üstünü açan CHP millət vəkili Onur Öymən 31 avqust 2009-cu ildə “Azərbaycanın xəbəri olmadan gizli görüşlərin aparılması “bir millət iki dövlət” prinsipinə uyğun deyil” - sözləriylə hökuməti sərt şəkildə tənqid etmişdi.
Proseslər davam etdirilərək 10 oktyabr 2009-da İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan xarici işlər nazirlərinin böyük dövlətlərin xarici işlər nazirlərinin müşahidəçiliyi altında imzaladıqları 2 protokol Azərbaycanın çox ciddi narazılığına əsas yaratmışdı. Həmin ilin noyabr-dekabr aylarında Türkiyə-Azərbaycan-Ermənistan-Rusiya XİN nümayəndələrinin iştirakıyla texniki səviyyədə davam etdirilən müzakirələrdə Ermənistan Qarabağın işğaldan azad edilməsi şərtini qəbul etməmişdi. Türkiyə isə Sürix protokollarını Məclisin Xarici işlər komissiyasına həvalə edərək, Ermənistanın atacağı addımı gözləmiş, İrəvanın protokolları ratifikasiya etməsi durumunda TBMM-nin sessiyasına gətirməyə hazırlaşmışdı. Yəni, Türkiyənin o vaxtkı davranışlarında hər hansı qeyri-konstruktiv niyyətdən söhbət getməmişdi. Türkiyənin atdığı imzalara sadiq qalmasına rəğmən, Ermənistan Konstitusiya Məhkəməsi 12 yanvar 2010-cu ildə qəbul etdiyi qərarla Sürix protokollarının Ermənistan Konstitusiyasına və ölkənin Müstəqillik bəyannaməsinə zidd olduğunu səbəb göstərərək həyata keçirilməsinin mümkün olmadığını açıqladı. Türkiyə XİN atdığı imzaya vəfa göstərərək Ermənistan Konstitusiya Məhkəməsi qərarının Sürix protokollarının və iki ölkə arasındakı müzakirələrin məzmun və ruhuna uyğun olmadığını vurğuladı. Sürix protokollarını TBMM Xarici işlər komissiyasında gözlədən Ankaranın gözləntisi o dönəmin sonuna qədər davam etdi və 12 iyun 2011-ci ildə keçirilmiş seçkidən sonra Sürix protokolları “kadük” (dəyərini itirmiş) durumuna düşərək Məclisin gündəmindən çıxarıldı. Yeni dönəmin başlanğıcında Sürix protokollarının Məclis gündəminə gətiriləcəyi iddia edilsə də, Xarici işlər komissiyasının müxtəlif partiyalardan olan üzvlərinin o iddialar təkzib edildi və Sürix protokolları bir daha gündəmə gətirilmədi.
Bu bəsit xronologiyadan açıq şəkildə göründüyü kimi, 10 oktyabr 2009-cu ildə imzalanmış Sürix protokollarının son dərəcə ağır şərh qoyularaq həyata keçirilməsinin əngəllənməsində başlıca rolu Türkiyə yox, Ermənistan Konstitusiya Məhkəməsi oynayıb. Ona görə də Sürix protokollarının həyata keçirilməməsinə görə Bundestaqın Türkiyəni günahlandırması məntiqə uyğun deyil.
Bundestaqın qərarında Sürix protokollarının həyata keçirilməsi üçün Türkiyəyə çağırış edilməsi də məntiqsizlikdən başqa bir şey deyil. Zira, Sürix protokollarını tarixin arxivinə Türkiyə yox, Ermənistan Konstitusiya Məhkəməsi göndərib. Ermənistan Konstitusiyası və Müstəqillik bəyannaməsi indiyə qədər dəyişmədiyinə görə, Sürix protokollarını həyata keçirməsi üçün Bundestaqın Ermənistana müraciəti də boşluğa ünvanlanmış paraqrafdır.