Rusiya Prezidenti Vladimir Putin üçün indiki şəraitdə ən yaxşı variant Ukraynada hazırkı təmas xətti boyunca atəşkəsə razılaşmaq olardı. Onun Donbası tam ələ keçirmək, hətta bütün Ukraynanı özünə tabe etdirmək cəhdi Rusiyanın müharibədə tam məğlubiyyətinə səbəb ola bilər.
Aktual.az xəbər verir ki, bu açıqlama ilə İsveçin keçmiş baş naziri və xarici işlər naziri Karl Bildt çıxış edib.
"Əgər Vladimir Putin Ukraynaya qarşı apardığı müharibənin gedişini soyuqqanlı şəkildə qiymətləndirə bilsəydi, atəşkəsə can atardı. Lakin görünür, onun mühakiməsi bulanıqdır, çünki bütün əlamətlər onun müəyyən eskalasiyaya hazırlaşdığını göstərir. Əgər o, həqiqətən də bu yolu seçərsə, vəziyyəti hamı üçün, ilk növbədə isə özü üçün daha da pisləşdirəcək", – o vurğulayıb.
Onun sözlərinə görə, Ukraynanı güzəştlərə məcbur etmək mümkün olmadığından danışıqlar dalana dirənib və indi Kreml məqsədlərinə hərbi yolla nail olmağa çalışır:
"Putin hesab edir ki, mülki əhaliyə və kritik infrastruktura endirilən zərbələr Ukraynanı təslim olmağa məcbur edə bilər. Lakin o, şübhəsiz ki, böyük əzablar yaşatsa da, təkcə hava bombardmanları heç vaxt müharibədə qələbə qazandırmayıb və bu, Ukraynada da dəyişməyəcək".
Xəbər 47 dəfə oxunub.