Bu gün Avropa Liqasının final matçı keçiriləcək

Bu gün Avropa Liqasının final matçı keçiriləcək

Bu gün Fransanın Lion şəhərində futbol üzrə Avropa Liqasının final matçı keçiriləcək.


"Report”un məlumatına görə, qitənin ikinci ən nüfuzlu klub turnirinin qalibi adı uğrunda Fransanın "Marsel” və İspaniyanın "Atletiko” komandaları üz-üzə gələcəklər.

Madridlilər 2010 və 2012-ci illərdə turnirin qalibi olduqları halda, marsellilər 1999 və 2004-cü illərdə həlledici görüşlərdə uduzublar. Ümumiyyətlə, hər iki kollektiv yetərincə avrokubok təcrübəsinə malikdir.

"Marsel” indiyədək 5 dəfə avrokuboklarda finalçı olub və bunlardan 2-də qalib gəlib. Fransa təmsilçisi 1993-cü ildə Çempionlar Liqasında (ÇL) İtaliya "Milan”ını (1:0), 2005-ci ildə isə İntertoto Kubokunda İspaniyanın "Deportivo” komandasını məğlub edib (0:2, 5:1).

"Atletiko” tarixi ərzində ikinci dəfə Lionda final oyununa çıxacaq. 1986-cı ildə Kuboklar Kubokunun həlledici qarşılaşmasında Kiyev "Dinamo”suna uduzan (0:3) ispanlar indiyə qədər 12 dəfə avrokuboklarda finalda iştirak ediblər və bunlardan 6-da qalib gəliblər. Madrid təmsilçisi 1962-ci ildə Kuboklar Kubokunda İtaliyanın "Fiorentina” komandasını (3:0), 2007-ci ildə isə İntertoto Kubokunda Rumıniya "Qloriya”sını (2:2, səfər qolu sayəsində) məğlub edib.

2010 və 2012-ci illərdə Avropa Liqasının qalibi kimi UEFA Superkuboku uğrundan görüşə çıxan "Atletiko” hər iki görüşdə güclü tərəf olub. İspanlar müvafiq olaraq, İtaliya "İnter”i (2:0) ilə İngiltərə təmsilçisi "Çelsi”ni məğlub ediblər (4:1).

"Marsel” və "Atletiko” fərqli yollarla finaladək irəliləyiblər. Marsellilər başlanğıcıdan bu turnirdə mübarizə apardıqları halda, "Atletiko” ÇL-in qrup mərhələsində "Qarabağ”la görüşlərdə xal itirdiyi üçün (0:0, 1:1) 3-cü yerin sahibi kimi mübarizəni Avropa Liqasında davam etdirməli olub.

"Atletiko” La Liqada mövsümün başa çatmasına bir tur qalmış 78 xalla 2-ci pillədə qərarlaşıb və ÇL-ə vəsiqəni təmin edib. "Marsel” isə 37 turdan sonra 74 xalla 4-cü pillədə qərarlaşıb və ÇL-ə vəsiqə verən 3-cü sıradakı "Lion”dan 1 xal geri qalır.

Final

16 may

22:45. "Marsel” (Fransa) – "Atletiko” (İspaniya)

Baş hakimi: Byörn Keypers (Hollandiya)

Lion. Stad-de-Lion

Xəbər 540 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR