Bolqarıstanın nazirləri Bakıya gələcək

Bolqarıstanın nazirləri Bakıya gələcək

Azərbaycanın Energetika naziri Natiq Əliyev Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maya Xristovanı qəbul edib. 

Bu barədə Energetika Nazirliyindən bildirilib.

Görüşdə sentyabrın 29-30-da Bakıda keçiriləcək Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının IV iclasına hazırlıq məsələləri müzakirə edilib.

Tədbirdə iştirak etmək üçün energetika naziri Temenujka Petkova və iqtisadiyyat naziri Bojidar Lukarskinin rəhbərliyi ilə geniştərkibli nümayəndə heyətinin Bakıya səfəri barədə məlumat verən səfir bildirib ki, iclas çərçivəsində iş adamlarının iştirakı ilə biznes-forumla yanaşı, bır sıra görüşlərin keçirilməsi də planlaşdırılır.

M.Xristova Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək məsələlərin müzakirəsi baxımından iki ölkənin energetika nazirlərinin görüşünün vacibliyini diqqətə çatdırıb.

N.Əliyev də bildirib ki, həyata keçirilən birgə layihələr və birləşdirici kəmərlərlə bağlı görülən işlərin nəzərdən keçirilməsi üçün belə bir görüşə ehtiyac var. Nazir Bolqarıstanın da təmsil olunduğu “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının gələn il keçiriləcək növbəti iclası ilə əlaqədar da T.Petkova ilə müzakirələrin əhəmiyyətli olacağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR