Bölgələrdə ümummilli lider Heydər Əliyevin anım mərasimləri keçirilir

Bölgələrdə ümummilli lider Heydər Əliyevin anım mərasimləri keçirilir

KANAL S (REGİON TV) xəbər verir ki, bu  gün bölgələrdə ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib. Bu tədbirlərdə ulu öndərin həyatı və fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salınıb.

Şəkidə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb. Şəki Şəhər İcra Hakimiyyətində bu münasibətlə keçirilən tədbirdə ulu öndərin müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi əvəzsiz xidmətlərindən danışılıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə də ölkədə güclü iqtisadi infrastruktur yaradılıb, yeni şəhərlər salınıb, fabrik və zavodlar tikilib. Bu dövrdə təhsil sahəsində davamlı islahatlar həyata keçirilib. Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra xalqımız müstəqilliyin ilk illərində üzləşdiyi təhlükələrdən xilas olub. Ölkədə ictimai-siyasi sabitlik bərpa edilib, demokratik təsisatlar yaradılıb, dövlət idarəçilik sistemi formalaşdırılıb və bütün sahələrdə uğurlu islahatlar aparılıb. Ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulub. Məhz bu tədbirlərin nəticəsi olaraq Azərbaycan dünya birliyində öz layiqli yerini tutub. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib. Vətənə, ulu öndərə həsr olunmuş şeirlər, musiqilər səsləndirilib.

Balakəndə də ümummilli lider Heydər Əliyevin xatirəsinin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib. Ulu öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Rayon Mədəniyyət Mərkəzində davam edən anım mərasimində Heydər Əliyevin böyük siyasətçi, fitri istedada malik olan fenomen şəxsiyyət olduğu bildirilib. Ulu öndərin Azərbaycan dövlətinin qurucusu və xalqın xilaskarı olduğu diqqətə çatdırılıb. Xalqımızın tarixi taleyinin həll olunmasında, ölkənin mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətləri diqqətə çatdırılıb. Ölkənin inkişafı, eləcə də Balakəndə müxtəlif istehsal sahələrinin yaradılması, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının fəaliyyətə başlaması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətinin möhkəmlənməsində müstəsna rol oynayan ulu öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək. Anım mərasimi İrəvan Xalq Teatrının təqdimatında nümayiş edilən "Nurlu ömür yolu" tamaşası ilə davam edib. 

Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR