Biz Qərbdən yox, onlar bizdən uzaqlaşır”-Qüdrət Həsənquliyev

Biz Qərbdən yox, onlar bizdən uzaqlaşır”-Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

Aktual.az həmin müsahibəni təqim edir:

-Qüdrət bəy, Azərbaycanın Qərbdən uzaqlaşıb rusiyayönlü siyasət yürütməsi barədə deyilənlərə münasibətinizi bilmək istərdik.

-Bunu Qərbin "pet”ləri tutuquşu kimi dayanmadan təkrarlayır. Qərb bizi ərazi bütövlüyümüzü bərpa etməyimiz münasibətilə təbrik etmək əvəzinə etnik təmizləmə həyata keçirməkdə ittiham edir, hədələyir. Sizcə nə etməliyik? Onlara cavab verməməliyik? Deməməliyik ki, erməni işğalı nəticəsində Azərbaycanda 30-35 il il ağır qaçqın, məcburi köçkün həyatı yaşayan bir milyon insanı niyə görmürsünüz? Soruşmayaq ki, həmin bir milyon insan niyə ev-eşiyindən didərgin düşüb? Axı, Qərbin ən mötəbər tribunalarından erməni liderlər onların üzlərinə deyirdilər ki, "biz azərbaycanlılarla birgə yaşaya bilmərik”. Bu sözləri biz demirdik axı. Bizimlə birgə yaşamaq istəmədilər və çıxıb getdilər. İndi, buna görə biz günahkarıq? Bizi ittiham edən ləyaqətini itirmişlər yaxşı bilirlər ki, ermənilər bizə hansı acıları yaşadıblar, torpaqlarımızın 20%-ni işğal edib, 30 il işğal altında saxlayıb, şəhər və kəndlərimizi necə yer üzündən siliblər. Biz Qərbdən yox, onlar bizdən ermənilərə görə uzaqlaşır. Biz sadəcə müdafiə olunuruq. Azərbaycan onların bizə münasibətindən asılı olmayaraq Qərbdə formalaşmış dövlət ədəb-ərkanın ölkəmizdə bərqərar olması üçün çalışmalıdır. Onlar işğalçıları müdafiə etməklə yanaşı, istəyirlər ki, biz Rusiya ilə düşmən olaq. Bir vaxtlar Türkiyəni Rusiya ilə vuruşdurmaq istəyirdilər, indi də bizi. Rusiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq biz Rusiya ilə yaxşı münasibətlər üçün səy göstərməliyik, çünki Rusiya bizim böyük qonşumuz və vaz keçilməsi mümkün olmayan, 2 milyon azərbaycanlının yaşadığı ölkədir. Çoxsaylı digər səbəblər barədə əvvəllər danışmışam. Fransaya-bizimlə düşmənçilik edən dövlətə sığınıb vətənpərvərlikdən danışanlar sadəcə utanıb- ölməli, yerə girməlidirlər. Biz heç kimin yanında deyilik, özümüzləyik. Müttəfiqlərimiz haqlı olduqda onların yanındayıq, haqq işini müdafiə edirik. Dövlətimizin maraqları nəyi tələb edirsə hüquq çərçivəsində onu da etməliyik.

-İslam ölkələri İsrail- Fələstin savaşına qoşula bilərmi?

-Bunun baş verəcəyini düşünmürəm. Söz savaşı başqadır, real müharibə başqa. İsrailin sahillərində ABŞ-ın iki böyük, döyüş təyyarələri daşıyan, gəmisi dayanıb. ABŞ İsrailə savaş açmaq istəyən ölkələrə ciddi zərbələr endirə bilər. HƏMAS-ın "müttəfiqləri” müharibəyə qatılmalarından daha çox ölkələrinin Qərb tərəfindən müharibəyə cəlb edilməsi təxribatlarından və buna yol verməməklə Qərbin planlarını pozduqlarından fəxrlə danışırlar. Onlar müharibəyə qatılmaq barədə yox, ondan necə qurtulmaq barədə səy göstərirlər. Bu, ağıllı siyasətdir. Dinc insanların ölümü hər bir normal insanı üzməlidir və hər birimizi üzür. Amma onların ölümündən münaqişənin daha da qızışdırılması üçün istifadə olunmamalıdır. Çünki münaqişə qızışdıqca daha çox dinc insan ölür. Liderlərin daxildə öz seçicilərinə hesablanmış ritorikası ölçülüb biçilmiş olmalıdır. Dünyanın tarixi sübut edir ki, haqlı olub-olmamağından asılı olmayaraq özündən güclüyə müharibə elan etmək ağıllı və cəsarətli davranış deyil, təxribatdır, ya da sadəcə axmaqlıqdır. Müsəlman ölkələri Qəzzada savaşı İsraili hədələməklə yox, İsrail və ABŞ- la yaxından əməkdaşlıq etməklə dayandıra bilərlər.

-Üçüncü dünya savaşının baş vermə ehtimalını necə qiymətləndirirsiniz?

-Bunun baş vermə ehtimalı olduqca azdır. Çünki bu nüvə müharibəsinə gətirib çıxara bilər. Nəticələr isə bəşəriyyət üçün, hər kəs üçün çox faciəvi olar. Nüvə silahının çox böyük çəkindirici gücü var. Yoxsa,çoxdan həmin müharibə başlamışdı, çünki 2-ci dünya müharibəsinin ağrı-acıları, dağıntıları nəsillərin dəyişməsi ilə çoxdan yaddan çıxıb.

Xəbər 3167 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR