Rusiyanın Stavropol şəhərində bir qrup azərbaycanlı saxlanılıb.
Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, onlar Azərbaycandan Avropaya heroin ötürüblər. Bu barədə Rusiya Federasiyasının federal təhlükəsizlik xidmətindən məlumat yayılıb.
Təhlükəsizlik Xidmətindən bildiriblər ki, dəstəyə Sahibə Klepaç və Emil Cəfərov başçılıq edib. Onlar Azərbaycandan Avropa ölkələrinin ərazisinə heroin üzrə davamlı satış kanalı təşkil ediblər. Cinayətkar qrupun üzvlərindən təxminən beş kiloqram heroin götürülüb.
Dəstənin iştirakçıları qanunsuz olaraq narkotik maddə saxlamaqda təqsirli bilinərək Klepaç altı il azadlıqdan məhrum edilib və 100 min rubl (2210 AZN) həcmində cərimələnib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Emil Cəfərov isə 9 il 5 ay müddətində azadlıqdan məhrum edilib və 250 min rubl (5525 AZN) həcmində cərimələnib.
Analoji hal ötən ay da Rusiya baş verib, yəni burada narkotik alveri ilə məşğul olan azərbaycanlı tutulub. Vladivostokda Lenin rayonunda pasport qeydiyyatı şöbəsinin əməkdaşı narkotik alverçisi ilə əməkdaşlıq edib. Narkotik vasitə olan heroinin alverçisi isə Azərbaycan vətəndaşı olub.
Aparılan araşdırmaların nəticəsinə əsasən, dövlət qulluçusu əslən azərbaycanlı olan Özbəkistan vətəndaşından bir qrama yaxın heroin əldə edib. Bu az miqdarda olsa da, lakin məsuliyyətə cəlb olunmaq üçün əsas olub. Belə ki, hal-hazırda həmin pasport qeydiyyatı şöbəsinin əməkdaşı evdə nəzarət altında saxlanılır.
Polis əməkdaşları heroini satan azərbaycanlını isə həbs edib. Onun yaşadığı ünvanda aparılan yoxlamalar nəticəsində külli miqdarda narkotik vasitələr və pullar aşkar edilərək, ələ keçirilib. Həbs olunan azərbaycanlı haqqında məlumatlarda onun Rusiyaya Özbəkistandan gəldiyi, burada bir ilə yaxın sənədsiz yaşadığı və bundan əvvəl də soyğunçuluğa görə ittiham olunduğu aşkar olunub.
Aktual.az