BƏS SERGEY LAVROV HARA BAXIR ?

BƏS SERGEY LAVROV HARA BAXIR ?

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı azərbaycanlı jurnalist tərəfindən ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi heç də xoş olan hadisə deyil. Belə bir hərəkətə yol verməklə, Rusiya Xarici İşlər Nazirliyi əslində bütün diplomatik normaları kobud surətdə tapdalayıb və eyni zamanda da medianın yazılmış və yazılmamış qaydalarına qarşı təhqiramiz davranış nümayiş etdirib.


Mətbuat konfransının videogörüntüsündən də açıq-aşkar görsənir ki, Rusiya Xarici İşlər Nazirliyi sözçüsünün "Trend" İnformasiya Agentilyinin müxbirinə verdiyi konkret cavab öz əksini tapıb. A.Kojin həmin cavabında birmənalı surətdə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Kojinin bu sözləri aydın məsələdir ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın 
bu yaxınlarda Xankəndində səsləndirdiyi fikirlərə tənqidi cavabdır, xəbərdarlıqdır. Lakin sonradan Rusiya Xarici İşlər Nazirliyinin saytında Kojinin bu sözlərinin təhrif edilmiş şəkildə təqdim edilməsi isə anlaşılan deyil.

Maraqlıdır, A.Kojinin təmsil etdiyi Rusiya XİN-i nə üçün öz sözünün, mövqeyinin arxasında dura bilmir və yaxud da ki, durmaq istəmir? Rusiya kimdən qorxur? Əlbəttə, biz A.Kojinin məlum sözlərinin Ermənistanda hiddətlə qarşılandığını bilirik. Lakin bütün bunlar rəsmi Moskvaya əsas verirmi ki, o, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mane olan Ermənistan hakimiyyətinin və ictimaiyyətinin cığallıqları qarşısında bir addım geri çəkilsin? Bəs Sergey Lavrov hara baxır, niyə bu cür xoşagəlməz insidentə qəsdən göz yumur? Məgər ermənilərə qarşı hər zaman öz tərəfkeşliyi ilə fərqlənən qocaman diplomat S.Lavrov unudubmu ki, o, Ermənistanın yox, Rusiya Federasiyasının xarici işlər naziridir?


Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

 
Aktual.az
Xəbər 570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR