Xalqımıza məxsus tarixi və mədəni irsin yaşadılmasında onların böyük payı var. İşə sevgi ilə yanaşır, tapşırılan vəzifəni səbirlə yerinə yetirirlər. Onlar dünəndən bu günə ötürülən mədəni irsimizin keşikçiləridirlər. Muzeylərdə gördüyümüz bir çox tarixi və mədəni irs nümunələrinin ömrünü uzadanlar onlardır.
Bu qəhrəmanlar mədəni irsimizin sistemli şəkildə qorunmasında xüsusi əmək sərf edirlər. Onlara tapşırılan hər bir iş tarixi əhəmiyyət kəsb edir.
Haqqında danışdığımız qəhrəmanlar Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində çalışan bərpaçı-rəssamlardır.
AZƏRTAC Mərkəzin 65 illiyində burada çalışan işçilərin fəaliyyətini və görülən işlərin maraqlı məqamlarını oxucularla bölüşür.
Onlarla eksponat bərpa mərhələsində
Mərkəzə daxil olduğumuz zaman əməkdaşları xüsusi iş paltarında - ağ xalatda görürük. Hamı iş başındadır və hər kəs bir məmulatın bərpa və konservasiyası ilə məşğuldur. Bizi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi-işlər üzrə direktor müavini İranə İbrahimova qarşılayır.
Bərpa prosesində olan hər bir əşya ilə yaxından tanış olduqda, zəngin məlumat əldə edirik.
İranə İbrahimova Mərkəzin şöbələri, burada çalışan bərpaçı-rəssamlar və onların gördüyü işlərdən danışır. Əvvəlcə, Mərkəzdə dörd şöbə - "Elmi – tədqiqat”, "Rəngkarlıq”, "Qrafika” və "Tətbiqi incəsənət” şöbələrinin olduğu haqqında məlumat alırıq. Səbirsizliklə eksponatların Mərkəzə daxil olma prosesi və sonrakı etapları barədə öyrənmək istəyirik. Həmsöhbətimiz deyir ki, hər yeni eksponat Mərkəzə daxil olduğu zaman özü ilə maraqlı informasiyalar gətirir. Eksponatlar barədə əldə edilən yeni informasiyalar sonradan aid olduğu sahə üçün yeni sübutlara və tarixi faktlara çevrilir. Hazırda burada Milli İncəsənət Muzeyi, Dövlət Rəsm Qalereyası, Milli Xalça Muzeyi, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Teatr Muzeyi, Saatlı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi, Bərdə Tarix-Diyarşünaslıq Muzeyi, S. Rəhmanın ev-muzeyi, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Qusar Tarix-Diyarşünaslıq Muzeyi, M. F. Axundzadənin ev-muzeyi və Sabirabad Tarix-Diyarşünaslıq Muzeyindən daxil olan eksponatlar bərpa olunur.
Mərkəzə daxil olan onlarla eksponatın bərpa mərhələsində olduğunu görürük. Direktor müavini bizə bərpa və konservasiya prosesi haqqında məlumat verir. Bildirir ki, hər bir eksponat çətin mərhələlərdən keçdikdən sonra həyata qaytarılır.
"Şuşa İli”ndə 2073 eksponat bərpa olunub
Mərkəzə daxil olan eksponata ilkin mərhələdə müdaxilə etmək olmaz. Onun sözlərinə görə, bərpa üçün gətirilmiş sənət nümunəsi əvvəlcə dezinfeksiya olunur. Sonra onun adına elmi pasport açılır, hazırkı vəziyyətini əks etdirən fotosu çəkilir. Sonra Mərkəzin mütəxəssislərindən ibarət elmi şura bərpaçılara zəruri tövsiyələrini verir. Bərpa metodu müəyyən edildikdən sonra işə başlanılır. Bərpa və konservasiya prosesi yekunlaşanadək mütəmadi məsləhətləşmələr aparılır. Direktor müavininin sözlərinə görə, bu il – "Şuşa İli”ndə Mərkəzdə rayon və şəhər muzeylərinə məxsus 2073 ədəd eksponatın bərpa prosesi həyata keçirilib.
"Bəzən tarixi lap qədimə dayanan eksponatlar olur ki, onlarla kövrək davranmaq tələb edilir. Bu günədək Mərkəzdə bərpa prosesi aylarla, illərlə davam edən eksponatlar olub. Ancaq elə məmulatlar olub ki, bir neçə günün içində bütün işləri yekunlaşdırılıb. Burada əşyanın tarixi əhəmiyyəti böyük önəm daşıyır. Ən birinci iş daxil olan əşyalara xüsusi həssaslıq göstərməkdir”,- deyə Mərkəzin direktor müavini söyləyib.
Bərpaçı-keşikçilər iş başında
Mərkəzdəki müşahidələrimiz davam edir. Bərpaçı-rəssam Əsmayə Abduləzimovanın işini izləyirik. Hazırda gördüyü işlə bağlı bizi bilgiləndirir. O qeyd edir ki, əlindəki yun, xovlu toxunuşlu xalçanın dublirə (yeni əsas verilmə) prosesini həyata keçirir. Bu eksponat XIX əsrin sonuna aiddir və Gəncə Tarix Diyarşünaslıq Muzeyindən daxil olub.
Bərpaçı -rəssam Rasim Cəfərovun əlindəki gümüşdən olan kəmər diqqətimizdən yayınmır. Yaxınlaşıb məlumat alırıq. R.Cəfərov deyir ki, XIX əsrə aid bu məmulat da Gəncə Tarix Diyarşünaslıq Muzeyindən daxil olub. Bərpaçı-rəssam uzunluğu 127 sm , eni -2 sm , çəkisi 759 qram olan bu kişi kəmərinin dəri üzərində bərpa işini həyata keçirir.
Mərkəzdə müxtəlif forma və ölçüyə malik sikkələr marağımızı çəkir. Məlumat verilir ki, sayı 1494 ədəd olan sikkələr Saatlı Tarix Diyarşünaslıq Muzeyinə məxsusdur. Tarixləri təxminən orta əsrlərə aiddir. Onlar müxtəlif ölçü və formaya (kəsmə, döymə, zərb) malikdirlər. Sikkələr Saatlı rayon Seyidoba kəndi ərazisindən təsadüfi qazıntı zamanı tapılıb. Hazırda bərpa prosesindədir.
Bərpaçı -rəssam Elmira Səfərova deyir ki, tarixi XX əsrə aid əlindəki eksponat rəssam Salam Salamzadəyə aid "Laçın dağları” mənzərəsidir. Dövlət Rəsm Qalereyasından gətirilib. Bu əsər kətan üzərində yağlı boya ilə çəkilib. Hazırda bərpaçı-rəssam portretin üzərində zəminin təmizlənməsi prosesi ilə məşğuldur.
Gündüz Məmmədov də işini peşəkarlıqla yerinə yetirən bərpaçı -rəssamdır. Deyir ki, hazırda əlindəki məmulatın adı "Qora döyən qab”dır. Sabit Rəhmanın ev-muzeyinə məxsusdur. İndi onun başlıca işi bu eksponatın qoruyucu layla örtülmə işini həyata keçirməkdir.
Digər bərpaçı -rəssam Xatirə Tağıyevaya yaxınlaşırıq. O, Azərbaycan Milli İncəsənət Muzeyinə aid və Əzim Əzimzadənin kağız, sulu boya ilə çəkilmiş əsərlərinin paspartuya salınma prosesini işləyir. Qarşıdakı günlərdə bu işin yekunlaşacağını qeyd edir.
Bərpaçı -rəssam Sima Bəydəmirovanın da gördüyü iş maraqlıdır. O, əlindəki Meysen istehsalı olan vaza üzərində bərpa işi görür. Bildirir ki, Milli İncəsənət Muzeyindən daxil olan bu eksponatın tarixi XVIII-XIX əsrlərə aiddir. Ölçüsü 34 sm olan eksponatın şirə üstü naxışları bərpa olunmalı, zərləmə prosesi dəqiq işlənilməlidir.
Bərpaçı -rəssam Xatirə Əmirova Azərbaycan Milli Xalça Muzeyindən daxil olan XX əsrin əvvəlinə aid üzərində həndəsi formalı güllərlə bəzədilən məfrəş (xalça məmulatı) konservasiya prosesini həyata keçirir. Məfrəşin maraqlı görünüşü var. Əsasən ağ, sumağı, göy, yaşıl rənglərdən istifadə olunub. İndi onu elə bərpa etmək lazımdır ki, əvvəlki vəziyyətini almış olsun. Xatirə xanım işin böyük bir qisminin görüldüyünü qeyd edir. O, yaxın günlərdə bu eksponatın aidiyyəti üzrə təhvil veriləcəyinə ümidvardır.
28 minə yaxın eksponat bərpa və konservasiya edilib
Azərbaycanda muzey sərvətlərinin bərpa işinin təməli 1957-ci ildə bərpaçı-rəssam Fərhad Hacıyev tərəfindən qoyulub. Respublikamızda muzey sərvətlərinin elmi bərpasına başlanılması XX əsrin 50-ci illərinə təsadüf edir. Mərkəz respublikanın 225-dən çox aparıcı, ev, rayon tarix–diyarşünaslıq muzey müəssisələri üçün bərpa xidməti göstərir. Yarandığı gündən bu günədək Mərkəz 28 minə yaxın müxtəlif növ muzey əşyasının bərpa və konservasiyasını həyata keçirib. Bunların sırasına tikmə, geyim, parça nümunələri, xalça və xalça məmulatları, bədii metal nümunələri (o cümlədən gümüş məmulatı), keramika nümunəsi, ağac əşya və işləmələr, musiqi alətləri, arxeoloji qazıntılardan əldə olunmuş əşyalar daxildir. Mərkəzin başlıca vəzifəsi Mədəniyyət Nazirliyinə tabe olan muzeylərdə bərpaya ehtiyacı olan məmulatların qeydiyyata alınması, praktiki və konservasiya əməliyyatlarının aparılması, muzeylərdə əşyaların mühafizə vəziyyətinin yoxlanılması və lazımi məsləhətlərin verilməsindən ibarətdir.
Aldığımız məlumatlar əsasında onu da öyrəndik ki, Mərkəz tərəfindən "Şuşa İli” çərçivəsində bir neçə layihələr icra olunub, hazırda regionlarda maarifləndirici tədbirlər davam edir.