Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə

Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə

Rusiya Federasiyasının Soçi şəhərində noyabrın 9-dan 12-dək Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) “Terrorizm və zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda Rusiya Baş Prokurorluğunun təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün 7-ci regional konfransı keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, tədbirdə ölkəmizi Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisi, BPA-nın İcraiyyə Komitəsinin üzvü Kamran Əliyev və Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovdan ibarət nümayəndə heyəti təmsil edib.

Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka və BPA-nın prezidenti Gerhard Yaroş tədbirdə çıxış edərək son dövrlər artma tendesiyaları müşahidə edilən terrorizmə və ekstremizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın və bu prosesdə prokurorların rolunun vacibliyini qeyd ediblər. Konfransda terrorizm və zorakı ekstremizmlə mübarizədə yeni çağırışlar, ayrı-ayrı ölkələrin prokurorluq orqanları tərəfindən tətbiq edilən təcrübə və mexanizmlər, bu bəşəri bəlaya qarşı beynəlxalq əməkdaşlıq və digər aktual məsələlər müzakirə edilib.



Tədbirin plenar iclasında çıxış edən baş prokurorun müavini K.Əliyev ölkəmizin qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə sahəsində qəbul edilən bütün beynəlxalq və regional konvensiyalara qoşulduğunu bildirib. 

Qeyd edilib ki, ölkəmiz ötən əsrin sonlarında terrora məruz qalaraq 20% ərazisi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş və nəzarətdən çıxan həmin ərazilər terrorçular üçün düşərgələrin yerləşdirilməsi, axtarışda olan terrorçulara sığınacaq verilməsi, təlimlərin keçirilməsi, terror aktlarının planlaşdırılması və törədilməsi üçün əlverişli zəmin və şərait yaradır.

Tədbirin sonunda terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə prokurorluq orqanları tərəfindən beynəlxalq əməkdaşlığın davam etdirilməsi, genişləndirilməsi və bu istiqamətdə bütün lazımi səylərin göstərilməsi qərara alınıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti BPA, Rusiya, Çin, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Ukrayna və digər ölkələrin, eləcə də beynəlxalq təşkilatların nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirərək ikitərəfli əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR