"Balanslaşdırılmış xarici siyasət hazırki məqamda ən optimal siyasətdir"


Milli Məclisin üzvü Əli Hüseynlinin Azərbaycanın yeni geosiyasi şərtlər daxilində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü ola biləcəyi barədə fikirlərlə mən də tanış oldum.
 
Ancaq onun fikirlərinin təftiş edilməsini və top-tüfənglə qarşılanmasını düzgün saymıram. Çünki əvvəla, Ə.Hüseynlinin dilə gətirdiyi fikir sadəcə bir deputatın fikridir, bütövlükdə Azərbaycan dövlətinin mövqeyi deyil. Birdəki, hər bir fikirin səsləndirilmə və ictimaiyyətə təqdim olunma haqqı var. Bu baxımdan, Ə.Hüseynlinin də məlum fikiri ictimai müzakirəyə çıxarmasında heç bir qəbahət görmürəm. Əksinə, bu cür aktual mövzuların, məsələlərin ciddi ictimai müzakirələrə çıxarılmasında ölkəmiz, cəmiyyətimiz üçün fayda var. Məhz bu cür müzakirələrin sayəsində istər parlamentarilərimiz, istərsə də əlaqədar rəsmi qurumlarımız bu və ya digər məsələyə cəmiyyətin münasibətini öyrənmək imkanı qazanır.
O ki qaldı mövzunun özünə, mən də hesab edirəm ki, indi KTMT-na üzv olmağın zamanı deyil. Çünki üzvlük məsələsini bizim üçün avtomatik surətdə önəmsizləşdirən iki əsas səbəb var. Birincisi, işğalçı Ermənistan da sözügedən hərbi blokun üzvüdür. Özü də sadəcə üzv deyil. Çox fəal üzvüdür və həm də KTMT-na hal-hazırda məhz Ermənistan rəhbərlik edir. Torpaqlarımızı işğal etmiş bir ölkənin üzv olduğu və rəhbərlik etdiyi quruma bizim də üzv olmağımız hüquqi cəhətdən nonsensdir, heç bir məntiqə sığan deyil. Məhz işğal faktoruna son qoyulduqdan və Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən sonra, məlum quruma üzv olmağın vacib olub-olmadığını gündəmə gətirmək olar. Digər tərəfdən isə, Azərbaycanın 2011-ci ildən Bloklara Qoşulmama Hərəkatına üzv olması faktoru da avtomatik olaraq KTMT-na üzv olmağımızı mümkünsüz edir. Azərbaycanın yürütdüyü balanslaşdırılmış xarici siyasət hazırki məqamda ən optimal siyasətdir. Müxtəlif qütblər arasında qarşıdurmaların, geopolitik çəkişmələrin gündən-günə kəskinləşdiyi bu həssas durumda balanslı xarici siyasət xəttini yürütməyi davam etdirməliyik.
Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR