Bakıdan Parisə gedənlər fikrindən daşınırlar

Bakıdan Parisə gedənlər fikrindən daşınırlar

Parisdə törədilən silsilə terror aktlarından sonra Bakıdan Parisə turist paketi və təyyarə bileti alan insanlar planlarından imtina edirlər.

Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, Parisə təyyarə bileti olan bəzi müştərilər biletlərini geri qaytarırlar.

"STİ Azerbaijan" turizm şirkətindən  bildiriblər ki, dünən axşam Parisdə törədilən terror aktlarından sonra bir neçə müştəri bu ölkəyə olan təyyarə biletlərini qaytarıb: "Hətta elə dünən gecə bu barədə xəbər yayılandan sonra müştərilər şirkətə zəng edərək planlarından imtina etdiklərini bildirib və biletləri geri qaytarıblar. Dünəndən bəri, 2 gün ərzində isə Fransa, xüsusilə Parisə heç kim nə təyyarə bileti, nə də turist paketi sifariş etməyib".

"Turizm.az" şirkətindən də Milli.Az-a verilən məlumata görə, hələlik onlara Parisə bilet və ya turist paketi sifariş edilməyib. Hətta kimsə sifariş etsə belə, onlara qəti cavab verilməyəcək və onlar yekun cavabı almaq üçün bir neçə gün gözləməli olacaqlar: "Çünki artıq bir neçə ölkədən Parisə reyslər və turist paketlərinin satışı dayandırılıb. Bunun üçün Fransa səfirliyinin qərarını gözləyəcəyik".

"Voyage Travel" şirkətinin əməkdaşı da Milli.Az-a açıqlamasında qeyd edib ki, Parisdəki məlum olaylardan sonra hələlik heç kim Parisə turist paketləri sifariş etməyib: "Yəqin ki, bu hadisələrdən sonra çətin ki, kimsə o istiqamətə getmək istəsin. Böyük ehtimalla bu, bir müddət belə olacaq. Hətta getmək istəyən olsa belə, onlara mütləq bu barədə məlumat verib xəbərdarlıq edəcəyik. Bir neçə gün əvvəl Şarm-Əl-Şeyx istiqamətinə getmək istəyənlərə də bu cür xəbərdarlı edirdik. Bəziləri, həqiqətən də, fikrindən daşınırdı. Amma kimsə fikrində israrlı olursa, biz ona heç nə deyə bilmərik".

Qeyd edək ki, Fransanın paytaxtı Parisin 7 ayrı-ayrı yerində terror aktları törədilib. Hadisələr nəticəsində 150 nəfərdən çox insan ölüb. Terror aktlarının törədilməsinə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR