Bakıda "Soyqırıma son" beynəlxalq konfrans keçirilib

Bakıda

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası kitabxanasında "Soyqırıma son" adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva, İranın Təbriz, Gürcüstanın Suxumi Universitetlərinin, Moldova, Türkiyə, Özbəkistan, İsrail ölkələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən İ.Babayev bildirib ki, bu gün Azərbaycanda və digər müxtəlif ölkələrdə azərbaycanlıların soyqırımı günü qeyd olunur.

Nazir müavini deyib ki, müxtəlif tədbirlərdə baş vermiş hadisələr yenidən vərəqlənir və müzakirələrə çıxarılır: "Bu gün bir çox ölkələrdə qeyri-stabil mühit formalaşıb. Qaynar nöqtələrin sayı artmaqdadır. Hansısa qüvvələrin maraqları çərçivəsində aparılan siyasət nəticəsində milli, etnik, irqi təmizləmə və soyqırımlar baş verir. Problemlərlə daha çox gənclər üzləşirlər. Ona görə soyqırımı məsələsi yalnız tarixçilərə aid deyil. Bu, dövlət qurumlarının, ictimai təşkilatların da gündəmində olmalıdır".

İ.Babayev qeyd edib ki, 1918-ci ilin mart ayında ermənilərin quldur dəstələri 10 minlərlə soydaşımızı qətlə yetiriblər: "Ermənilərin bu siyasəti müasir dövrdə Xocalı soyqırımı hadisəsinə gətirib çıxartdı. 1918-ci il mart ayında baş verən soyqırımdan sonra uzun zaman Sovetlər İttifaqında yaşamışıq. O zaman bu hadisələr ümumiyyətlə müzakirələrdən çıxarıldı, dərsliklərdə "soyqırımı" sözü digər sözlərlə əvəz olundu. Müstəqil dövlətimiz qurulandan sonra ulu öndər Heydər Əliyevin sərəncamı ilə bu hadisələr dövlət səviyyəsində tanındı. Bu gün kifayət qədər alimlərimiz, tədqiqatçılarımız bu istiqamətdə işlər aparırlar".

Tədbirdə çıxış edən M.Əliyeva müxtəlif millətlərə və azərbaycanlılara qarşı törədilən soyqırımları xatırladıb: "Keçmişi öyrənmədən sağlam gələcək qurmaq mümkün deyil. Keçmiş gələcəyin bünövrəsi, gələcək isə keçmişin davamıdır. Keçmişinə sahib çıxmayan xalqlar gələcəyin qurbanına çevrilirlər. Bəziləri keçmişə baxmağa cəsarət etmirlər. Belə xalqlar arasında erməniləri göstərə bilərik. Onlar ləkəli keçmişləri ilə qarşılaşmaqlarından qorxurlar. Azərbaycan xalqı isə gələcəyinə inam və ümidlə baxdığı kimi, keçmişi də təmizdir".

M.Əliyeva vurğulayıb ki, xalqımızn tarixində çətin günlər çox olub: "Lakin heç zaman ümidsizliyə qapılmamışıq. Biz tolerant olaraq qalmışıq. Tarix yaradan və tarix yazan xalqlar var. Azərbaycan xalqı bütün dövrlərdə tarix yaradıb. Başqalarının yazdığı tarix isə ya saxta, yada təhrif olunmuş faktlarla olub. Xalqımız işğallara, soyqırımlara məruz qalıb, torpaqları işğal olunub. Mart soyqırımında isə 50 minə yaxın azərbaycanlı qətlə yetirilib. Bu soyqırımlardan nəticə çıxarmalıyıq".

Daha sonra konfransda iki paneldə müzakirələr başlayıb. Birinci paneldə "Soyqırımların dünya xalqlarının tarixində və dünyanın siyasi xəritəsində buraxdığı izlər. Tolerantlıq və multikulturalizm soyqırıma əks təsir faktoru kimi", ikinci paneldə isə "Soyqırımların tarixi və soyqırımlara qarşı mühafizənin hüquqi aspektləri. Beynəlxalq cinayət ədalət mühakiməsi və soyqırımı" mövzuları ətrafında dinləmələr və müzakirələr keçirilib.

Konfransda iştirak edən xarici elm adamları və ekspertlərin Azərbaycanı daha yaxından tanımaları məqsədi ilə qonaqlar Qız qalası, Şirvanşahlar Sarayı, Tarix Muzeyi, İçəri şəhər və Quba rayonunda yerləşən Soyqırım Memorial Kompleksi ilə tanış ediləcəklər.

Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR