Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Tərlan İmanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Aktual.az report-a istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclasının fevralın 7-nə təyin edilib.
Qeyd edək ki, ötən il sentyabrın 28-də saat 19 radələrində Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü İmanov Tərlan Cəmil oğlu idarə etdiyi "ZİL-130" markalı, 10-GL-195 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Şəhər şosesi küçəsində hərəkətdə olarkən piyada keçidində 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri - 2008-ci il təvəllüdlü Əfqan Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub.
Hadisə nəticəsində zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. G.Salmanova və A.Məmmədova aldıqları xəsarətlər nəticəsində xəstəxanada ölüblər.
Daha sonra sürücü T.İmanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Xəbər 291 dəfə oxunub.