Bakıda Camal Kamalın 80 illik yubileyi qeyd olunub

Bakıda  Camal Kamalın 80 illik yubileyi qeyd olunub

Azərbaycan ədəbiyyatını özbək dilinə çevirən və təbliğ edən böyük şair Camal Kamalın 80 illik yubileyi Bakıda qeyd olunub

 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevanın rəhbərlik Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyilə Özbəkistanın xalq şairi, tanınmış tərcüməçi, alim Camal Kamalın rəhbərliyi ilə tanınmış tarixçi Şuxrat Salamov, Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin alimləri – Roza Niyozmetova və Gülbahor Aşurovadan ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində  Özbəkistan nümayəndə heyəti  Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Millət vəkili Qənirə Paşayeva ümummilli liderin Azərbaycan - Özbəkistan əlaqələrinin inkişafında böyük xidmətləri barədə məlumat verib. Sonra Özbəkistan nümayəndə heyəti Fəxri Xiyabanda Camal Kamalın dostluq və əməkdaşlıq etdiyi Bəxtiyar Vahabzadə, Xəlil Rza daxil olmaqla Azərbaycanın tanınmış şair, yazar, alim və ziyalılarının məzarlarını ziyarət ediblər. Özbəkistan nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək torpaqlarımizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər. Millət vəkili Qənirə Paşayeva qonaqlara erməni daşnaklarının XX əsrin əvvəllərində, Ermənistanın XX əsrin sonlarında xalqımıza qarşı həyata keçirdiyi soyqırımlar, işğalçılıq siyasəti, Xocalı Soyqırımı barədə geniş məlumatlar verib, bu həqiqətlərin qardaş Özbəkistan ictimaiyyətinə daha da geniş çatdırılmasının vacibliyindən danışıb. 
Sonra Bakı Avrasiya Universitetində Özbəkistanın Xalq şairi, tanınmış tərcüməçi, alim, yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan Camal Kamalın 80 illik yubileyi keçirilib. İki ölkənin dövlət himnləri səsləndirildikdən sonra giriş sözü ilə tədbiri açan universitetin rektoru, professor Nazim Hüseynli Özbəkistan və Azərbaycan ədəbi əlaqələrinin dərin köklərinə toxunaraq, bu əlaqələrin digər sahələrdə də inkişaf etməsindən danışdı.Rektor, bu gün Camal Kamalı universitetdə görməsindən məmnunluğunu ifadə edərək, şairin Azərbaycan ədəbiyyatına verdiyi tövhələrə və xidmətlərinə görə təşəkkürünü bildirdi. Tədbirdə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında müstəsna rolu olan Camal Kamalın həyat fəaliyyəti və geniş yaradıcılığına toxunaraq onun Azərbaycanın böyük şairi Nizami Gəncəvinin "Xəmsə”sini özbək dilində tərcümə etməsini, eləcədə Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin ,Xəlil Rza Ulutürkün və digər Azərbaycan ədiblərinin əsərlərini özbək xalqına təqdim və təbliğ etməsinə görə dərin təşəkkürünü bildirdi.
Tədbir – Qarabağ həqiqətlərini, Xocalı faciəsi barədə tarixi həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdıran Şuhrat Salamov, professor Gülbahar Aşurova, professor Roza Niyazəhmədova və digərlərinin çıxışı ilə davam etdirilib.
Tədbirin sonunda Özbəkistanın xalq şairinə Bakı Avrasiya Universitetinin Fəxri doktor diplomunun təqdimatı olub və xatirə şəkilləri çəkdirilib.Öz növbəsində Camal Kamal Bakı Avrasiya Universitetinin rektoruna,eləcədə universitetin professor-müəllim kollektivinə ona yüksək adın verilməsinə görə təşəkkürünü bildirib.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda isə Özbəkistanın Xalq şairi Camal Kamalın anadan olmasının 80 illiyi münasibətilə "Camal Kamal və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından söz açıb, son illərdə iki ölkə arasında mədəni-ədəbi əlaqələrin daha da genişləndirildiyini bildirib. Alim rəhbərlik etdiyi qurumda Özbəkistan ədəbiyyatının nümayəndələrinin yaradıcılığının təbliği istiqamətində mühüm işlərin görüldüyünü deyib. Qeyd  edib ki, ötən il Ədəbiyyat İnstitutunda Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsi fəaliyyətə başlayıb və aparılan tədqiqatlar nəticəsində bir sıra kitablar nəşr olunub. "Ölkələrimiz arasında ədəbi əlaqələrin inkişafında Camal Kamalın müstəsna xidmətləri vardır" -deyən akademik İ.Həbibbəyli ədibin yaradıcılığında Azərbaycan ədəbiyyatının xüsusi yer tutduğunu, şairin hazırda Nizami Gəncəvinin "Xəmsə”sinin özbək dilinə tərcüməsi üzərində işlədiyini diqqətə çatdırıb. Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafından danışan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva  Özbəkistanın Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini beynəlxalq arenada dəstəklədiyini vurğulayıb. Millət vəkili çıxışında  Camal Kamalın hər zaman Azərbaycan ədəbiyyatına xüsusi önəm verdiyini deyib. Bildirib ki, C.Kamal böyük Azərbaycan şairi Məhəmməd Füzuli, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və digər şairlərin əsərlərini özbək dilinə tərcümə edib.
Konfransda Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvinin "Ədəbiyyatın 60-cılar nəslinin görkəmli özbək nümayəndəsi Camal Kamal”, həmin şöbənin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəylinin "Çağdaş özbək poeziyasının baş canlı klassiki, Xalq şairi Camal Kamal”, institutun dissertantı Sənubər Səmədovanın "Camal Kamal yaradıcılığında Azərbaycan izləri”, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbahor Aşurovanın "Camal Kamalın həyat və yaradıcılığı”, Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi, professor Roza Niyozmetovanın "Ədəbiyyat tədrisinin aktual məsələləri haqqında” məruzələri dinlənilib. Sonda çıxış edən Camal Kamal tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Camal Kamalın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın böyük şairi Nizami Gəncəvinin abidəsini ziyarət edib, Azərbaycanın tanınmış alimləri, ədəbiyyatçıları ilə və bir sıra KİV qurumlarının rəhbərləri ilə görüşüb, Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələrin daha dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.









Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR