Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir – FOTOLAR

Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir – FOTOLAR

Noyabrın 16-da Bakı Konqres Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Forumda dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi - Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, ölkəmizin müxtəlif zonalarından Foruma nümayəndə seçilmiş gənclər, idmançılar, hərbçi gənclər iştirak edirlər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birinci vitse-prezidentin köməkçisi - Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra Azərbaycan Gənclərinin VII Forumundan ötən müddətdə ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə hazırlanan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov VIII Forumun ölkəmiz üçün əlamətdar tarixdə - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə keçirilməsindən məmnunluğunu bildirib.
Qeyd edək ki, tədbir zamanı zona toplantılarından Foruma seçilmiş nümayəndə heyətlərinin rəhbərləri təmsil etdikləri bölgələrdə görülən işlər barədə məruzələrlə çıxış edəcəklər.
Tədbirin yekununda qətnamə və VIII Forumun iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediləcək.
Müstəqil Azərbaycan Gənclərinin ilk Forumu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilib. 1997-ci il fevralın 1-də Forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən ulu öndər Heydər Əliyev ilk Forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında Fərman imzalayıb. Forum Azərbaycanın müasir ictimai-siyasi tarixində layiqli yer tutaraq dövlətin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş strategiyasına mühüm təkan verib. Sonuncu – VII Forum 2014-cü il iyunun 2-də Heydər Əliyev Sarayında keçirilib.





Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR