"Bakcell": İnternetin kəsilməsi ən az bizim abunəçilərə təsir göstərib


"Bakcell" şirkəti noyabrın 16-da Azərbaycanın qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator - “Delta-Telekom” MMM-in Data Mərkəzində yaranmış nasazlıqla bağlı açıqlama yayıb.

Aktual.az-ın İKT.lent.az-a istinadən məlumatına görə, “Bakcell” şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova açıqlamasında bildirib ki, nasazlıq səbəbindən internet xidmətində yaranmış kəsintiyə görə mobil operatorların abunəçiləri internet xidmətindən istifadə etməkdə problemlə üzləşiblər.

Onun sözlərinə görə, bu problem ən az "Bakcell" abunəçilərinə təsir göstərib: "Çünki xidmətimizin həmişəki keyfiyyətini təmin etmək üçün biz şəbəkəmizi ehtiyat rabitə kanalları ilə təchiz etmişik. "Azertelecom" kanalları daxil olmaqla, belə ehtiyat rabitə kanallarından bizim bütün şəbəkəmizdə digər xidmətlərlə yanaşı, internet bağlantısını da təmin etmək üçün istifadə olunur ki, gözlənilməz vəziyyətlərdə abunəçilərimizə keyfiyyətli rabitə xidməti göstərilsin. Dünən baş vermiş internet kəsintisi zamanı "Bakcell" bütün trafiki "Azertelecom" kanallarına keçirməklə, yaranmış problemin həll olunması üçün bütün səylərini səfərbər etdi. "Bakcell"in texniki komandasının çevikliyi sayəsində alternativ kanallar vasitəsilə İnternet bağlantısı tam şəkildə təmin olundu. "Bakcell" hətta dünən baş vermiş gözlənilməz hadisə kimi vəziyyətlərdə belə abunəçiləri üçün şəbəkəsinin ən yüksək keyfiyyətlə işləməsini təmin etməkdə davam edir".

Xəbər 501 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR