“Azəryolservis” gücləndirilmiş iş rejiminə keçdi – Selə görə

“Azəryolservis” gücləndirilmiş iş rejiminə keçdi   – Selə görə

“Hazırda Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarının Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin balansında olan bütün avtomobil yollarında vəziyyət nəzarət altındadır”.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində yarana biləcək hər-hansı bir problemin dərhal aradan qaldırılması üçün bütün texnika, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib.

A.Nəcəfli bildirib ki, İstisu-Havzana yolunun 5-ci kilometrliyində, Mollaoba kəndində, Veravul çayı üzərində və Diryan yolunda yerləşən körpülərin yanaşma yollarının müəyyən hissələrini sel suları yuyub: “Dərhal əraziyə cəlb olunmuş canlı qüvvə və texnika vasitəsi ilə həmin hissələr bərpa olunub. Körpülərə heç bir ziyan dəyməyib. Əşlə kəndinə gedən yolda Lənkəran çayı üzərində yerləşən körpünün orta dayağında sel sularının güclü axını nəticəsində bir-neçə santimetr çökmə qeydə alınıb. Sözügedən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətində hazırda hər-hansı bir problem yoxdur.

Lerik rayonunda Piran-Veri və Piran-Bürsülü yollarında yerləşən su ötürücüləri sel suları nəticəsində yuyulub dağılsa da əraziyə cəlb olunmuş qüvvələr qısa müddət ərzində həmin istiqamətlərdə problemləri aradan qaldıraraq, nəqliyyat vasitələrinin hərəkətini bərpa ediblər.

Hazırda Lerik rayonunun Vənədi yolunda və Cəlilabad rayonunun Cəlilabad-Seyidbazar avtomobil yolunun 6-cı kilometrliyində su nizamlayıcı boruların sel suları səbəbi ilə yuyularaq dağılması istiqamətində bərpa işləri həyata keçirilir. Yaxın saatlarda həmin istiqamətlərdə də nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək”.

Qurum sözçüsü bildirib ki, Lənkəran-Lerik, Masallı-Yardımlı və Ələt-Astara-İran İslam Respublikası sərhədi avtomobil yollarında hazırda nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem yoxdur.

Qeyd edək ki, oktyabrın 30-dan Lənkəran, Masallı, Biləsuvar rayonları ərazisində sel suları kəndləri basıb. Bunun nəticəsində avtomobil yolları sıradan çıxıb, korpülər dağılıb və evlər su altında qalıb. Ailələrin böyük əksəriyyəti təhlükəsiz əraziyə köçürülüb.

Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR