Azərbaycanlıların "siqnal xəstəliyi"...

Azərbaycanlıların

Çoxumuz avtomobil sürücülərinin şəhərdə, yaşayış yerlərində, məhəllələrdə səs siqnallarından yerli-yersiz istifadə etdiklərinin şahidi olmuşuq.

Hətta gecə saatlarında yüksək desibelli səs siqnalları ilə insanları yatmağa qoymayan, hətta yatanları yerindən dik atdıran, insanların rahatlığını pozan, hətta psixi pozuntulara qədər gətirib çıxaran sürücülər də var. Sürücülərin bəziləri bilərəkdən və ya bilməyərək deyirlər ki, əgər avtomobildə səs siqnalı verən qurğu varsa, deməli, ondan istifadəyə də icazə var. Onlar da istədikləri yerdə və istədikləri qədər siqnal verə bilərlər. Bəs əslində sürücülər avtomobillərin səs siqnallarından nə zaman istifadə edə bilərlər?



Aktual.az Milli.az-a istinadən xəbər verir ki, əhalidə narahatlıq doğuran bu məsələyə aydınlıq gətirən Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev  bildirib ki, yaşayış məntəqələrində səs siqnallarından istifadə edilməsinə yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə icazə verilir. Digər hallarda, eləcə də hansısa nəqliyyat vasitəsini ötmək üçün yalnız yaşayış məntəqələrindən kənarda siqnal verilə bilər: "Bəzi ərazilərdə, məsələn, xəstəxanalar, məktəblər, bağçalar və digər müəssisələrin yanında səs siqnallarınn verilməsini qadağan edən müvafiq yol nişanları var. Həmin nişanların təsir sahəsində də siqnal vermək qadağandır və qadağanı pozanlar cərimə olunurlar".


Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun 73-cü (Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi) maddəsinin birinci bəndinə əsasən, təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər.

Həmin maddənin 11-ci bəndinə görə isə səs siqnallarından yalnız yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda və yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün aşağıdakı hallarda istifadə oluna bilər.

Yəni məntiqlə adi nəqliyyat vasitələrinin digər hallarda səs siqnallarından istifadə edilməsi qadağandır və buna görə inzibati məsuliyyət nəzərdə tutulur.



Belə ki, İnzibati Xətalar Məcəlləsinin 151-2-ci (Təhlükəsizlik kəmərlərindən, motodəbilqələrdən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması) maddəsinə əsasən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğuna görə sürücülər 30 (otuz) manat miqdarında cərimə edilirlər.

İXM-nin 155.7-ci maddəsində isə göstərilir ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə 500 (beş yüz) manatdan 800 (səkkiz yüz) manatadək miqdarda cərimə edilirlər.

Bəs sürücülər bunları bilə-bilə niyə tez-tez siqnal verirlər? Bəlkə, siqnal səslərindən xoşları gəlir? Yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bununla bağlı Milli.Az-a deyib ki, səs siqnalından istifadə ilk növbədə yol mədəniyyəti məsələsidir: "Etiraf etməliyik ki, sürücülərimizin əksəriyyəti mədəniyyət məsələsində bir az "axsayırlar". Müşahidələr göstərir ki, orta statistik Azərbaycan sürücüsü aqressivdir, əsəbidir, şəraitə uyğun davranış nümayiş etdirmir. Məsələn, görürsən ki, işıqforda dayanıb, beşincidir, onuncudur, amma qırmızı işıq yanıb-sönən kimi başlayır dayanmadan siqnal verməyə".


Ekspertin sözlərinə görə, maraqlısı budur ki, yol polisi çox zaman qanunsuz olaraq səs siqnallarından istifadə edənləri cərimələyə bilmir. Bunun isə çox sadə səbəbi var: "Çünki bu qayda pozuntusunu qeydə almaq nisbətən çətindir. Sürücü lüzumsuz siqnal verəndə səs nəzarət-müşahidə kameralarına düşmür. Bütün avtomobillərdə də siqnal var. Həmin ərazidə də çoxlu avtomobil ola bilər. Səs isə cəmi bir saniyədən də az müddətdə eşidilir. Yol polisi həmin anda nə bilsin ki, səs hansı avtomobildən gəldi? Ona görə də səs siqnalından qanunsuz istifadə halları ilə bağlı məsuliyyətə cəlbetmə faktları çox azdır. Problemdən çıxış yolu isə yalnız sürücüləri öyrətmək, onları maarifləndirmək, onların mədəni səviyyəsinin qaldırılmaqdır. Demək lazımdır ki, siqnal versəniz də, verməsəniz də işıqfor öz vaxtında yanıb-sönəcək, sizdən əvvəl dayanmış avtomobillər getməsə, siz hərəkət edə bilməzsiz. Əbəs yerə siqnal verməyin və camaatı narahat etməyin də heç bir mənası yoxdur. Bax, bunları öyrətməliyik".

Xəbər 594 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR