Azərbaycanın Rus İcmasından seçki açıqlaması

Azərbaycanın Rus İcmasından seçki açıqlaması

Azərbaycanın Rus İcması qarşıdan gələn Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib.
Aktual.az xəbər verir ki, bu barədə icmanın yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, icma üzvləri Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək seçkilərdə İlham Əliyevin Azərbaycan Prezidentliyinə namizəd olaraq irəli sürməsi ilə bağlı qərarını məmnunluqla qarşılayıblar.
"Əminik ki, İcma üzvləri bundan sonra da Prezidentimizə, onun sülhün möhkəmləndirilməsi, dostluq və qardaşlıq şəraitində çoxmillətli cəmiyyətin qorunub saxlanması, ölkənin Silahlı Qüvvələrinin daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətini dəstəkləyəcək və fevralın 7-də də Vətənimizin parlaq gələcəyi naminə İlham Heydər oğlu Əliyevə səs verəcəklər”, - bəyanatda vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan xalqı 30 ildən artıq dövr ərzində ölkə ərazisinin qonşu Ermənistan tərəfindən işğalının bütün çətinliklərini şərəf və ləyaqətlə dəf edib: "Müxtəlif millətlərdən olan Azərbaycanın qəhrəman övladları çoxdan gözlədikləri sülhün bərqərar olması, Vətəninin çiçəklənməsi, nəsillərinin rifahı üçün canlarından keçiblər. Ali Baş Komandan, müzəffər Prezident İlham Əliyevin ətrafında sıx birləşən igid əsgərlərimiz doğulduqları, boya-başa çatdıqları, sevdikləri ölkənin əsl vətənpərvərləri kimi Azərbaycanın suverenliyin və ərazi bütövlüyünün qorunmasında bütün imkanlarından istifadə ediblər.
Bütün bu illər ərzində Azərbaycan xalqı öz haqq işinə, haqq-ədalət və müstəqillik uğrunda mübarizəsinə, qələbəsinə və əmin-amanlığına inanıb. Bu qələbə Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə əldə edilib. Azərbaycan Ordusunun igid döyüşçüləri hamımıza başımızın üstündə dinc həyat bəxş edib.
Uzun illər ərzində Ermənistanın işğalı altında olan Qarabağımız azad edilib. Bir vaxtlar öz evlərindən didərgin salınmış yüzlərlə ailə indi keçmiş məcburi köçkünlərin geri qayıtması üçün məqsədyönlü dövlət proqramı sayəsində doğma yurdlarına, evlərinə qayıdırlar".
Bəyanatda Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun ildən-ilə artması da vurğulanıb:
"Regionun inkişafı üçün həyata keçirilən genişmiqyaslı proqramlar Azərbaycanın beynəlxalq aləmdə artan roluna heç bir şübhə yeri qoymur. Respublikada yaşayan xalqlar sülhün və mehriban qonşuluğun möhkəmləndirilməsi məsələlərində Azərbaycan Prezidentinin qəti mövqeyinə hörmət bəsləyir və dəstək verirlər”.
Xatırladaq ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.
Xəbər 200 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR