Azərbaycanda qanunsuz miqrantlar evlənə BİLƏCƏKLƏR

Azərbaycanda qanunsuz miqrantlar evlənə   BİLƏCƏKLƏR

Nazirlər Kabineti "Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları"nı təsdiq edib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu Qaydalar Mərkəzin işçiləri, orada saxlanılan əcnəbilər və bu Mərkəzlərə baş çəkən şəxslər üçün məcburidir.
 
Mərkəz orada yerləşdiriləcək əcnəbilərin hüquqi vəziyyəti nəzərə alınmaqla, xüsusi layihələr üzrə tikilir və ərazisində Mərkəzin inzibati binası, nəzarət buraxılış məntəqəsi, ziyarətçilər üçün gözləmə otağı, görüş otağı, fotoçəkilişlərin və daktiloskopik qeydiyyatın aparıldığı otaq, axtarış otağı, yataqxana tipli adi yaşayış binaları, müsahibə otağı, sanitar-təmizləmə otağı, Mərkəzə yeni qəbul edilmiş əcnəbilər üçün ilkin (müvəqqəti) saxlanılma otaqları (karantin yerləri), yeməkxana, kitabxana, istirahət otağı, idman meydançası, uşaqlar üçün oyun meydançası, camaşırxana və hamam, bərbərxana, tibb məntəqəsi, gəzinti üçün yerlər, anbar, qaraj, nəqliyyat vasitələrinin dayanacaq yeri və digər yardımçı xidməti tikililər yerləşir, zəruri avadanlıqlarla və ləvazimatlarla təchiz edilir. İdman oyunları üçün lazımi əşyalarla təchiz olunmuş idman meydançası, uşaqlar üçün oyun meydançası və gəzinti üçün yerlər təmiz havada və ya təmiz havanın daxil olduğu yerlərdə təşkil edilir. Mərkəzin ərazisi hündürlüyü 3 metrdən az olmayan hasarla hasarlanır. Mərkəzdə yerləşdirilən əcnəbilər Mərkəzdə saxlanıldıqları binaların yaşayış otaqlarında hər əcnəbi üçün 4 kv.m-dən az olmayaraq yaşayış sahəsi ilə təmin olunurlar.  Əcnəbilərin Mərkəzdə saxlanıldıqları binalarda yaşayış otaqlarının pəncərələri zərbəyədavamlı materialdan hazırlanır və orada saxlanılan əcnəbinin normal təbii işıqlanma şəraitində oxuması və təmiz hava ilə təmin edilməsi üçün kifayət qədər böyük (0.25 m2-dən az olmayaraq) olmalıdır. Yaşayış otaqlarının döşəmələri taxta ilə örtülür, divarları sement qatışığı ilə malalanır və rənglənir. Yaşayış otaqları sanitar qovşağı, istilik sistemi, hər saxlanılan əcnəbi üçün yaşayış sahəsinin normasına uyğun çarpayı, yataq ləvazimatları, stol, oturacaq və dolabla təchiz olunur. Yaşayış otaqları siqnalizasiya ilə təchiz edilir, radioreproduktor və nəzarətçilərin çağırılması üçün siqnal düymələri quraşdırılır. Daxili intizam qaydalarını pozan Mərkəzdə yerləşdirilən əcnəbilərin saxlanılması üçün bir  nəfərlik xüsusi otaqlar təşkil edilir. Əcnəbilər üzərində şəxsi axtarış paltarları soyunmaqla keçirilən tam və ya paltarları soyunmadan keçirilən natamam axtarış formalarda aparılır. Axtarış zamanı xüsusi texniki avadanlıqdan istifadə etmək olar. Axtarış zamanı əcnəbiyə ilk növbədə qadağan olunmuş əşyaları təhvil vermək təklif edilir. Mərkəzdə saxlanılan əcnəbi özü ilə hər hansı dərman preparatları gətirdiyi halda, onlardan istifadə olunması ilə əlaqədar qərarı həkim qəbul edir. Tam axtarış üstü axtarılanla eyni cinsdən olan şəxs tərəfindən onların bədənini, paltarını, ayaqqabısını diqqətlə nəzərdən keçirməklə yerinə yetirilir. Axtarılan şəxsə üst paltarını, ayaqqabısını, yüngül paltarlarını (alt paltarı istisna olmaqla) çıxarmaq barədə göstəriş verilir. Bundan sonra əl və ayaq barmaqlarının arası, əllərin içi və üstü, dəri örtüyü, qulağın içi, qoltuq altları, ağızın içi, bədəndəki cərrahi tikişlər, həmçinin protezlər nəzərdən keçirilir. Başın saçı daranır. Üstü axtarılan əcnəbinin paltarı, paltarların tikiş yerləri, astarı və digər qat yerləri əllə diqqətlə yoxlanılır. Paltara tikilmiş əşya varsa, həmin yerdən bizlə deşilib çıxarılır. Paltarın ciblərinin, qollarının, eləcə də şalvarların və corabların astarı üzünə çevrilir. Ayaqqabının iç və çöl tərəflərinə baxılır, ayaqqabının dabanları xüsusi olaraq yoxlanılır. Natamam axtarış üstü axtarılanla eyni cinsdən olan şəxs tərəfindən və paltarlar soyunulmamaqla diqqətlə yerinə yetirilir. Mərkəzdə saxlanılan əcnəbilərdə qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar tərtib edilmiş axtarış protokolunda müvafiq qeydlər aparılmaqla götürülür və anbara təhvil verilir, yaxud Mərkəz rəisinin əsaslandırılmış qərarına əsasən məhv edilir.
 
Mərkəzdə saxlanılan əcnəbi bir Mərkəzdən başqa Mərkəzə keçirildikdə, həmin əcnəbilərdən götürülmüş əşyalar və könüllü olaraq anbarda saxlanılması üçün təhvil verdikləri əşyalar siyahıya alınaraq, onları qəbul edən Mərkəzə göndərilir. Mərkəzdə saxlanılan əcnəbilərin könüllü olaraq anbara təhvil verdikləri əşyaları və ya ərzaq məhsullarını onların öz vəsatətləri ilə Mərkəz rəisinin qərarı əsasında yaxın qohumlarına və ya digər şəxslərə onların razılığı olduqda verilir.  Mərkəzdə saxlanılan əcnəbilər vəfat etdikdə, ona məxsus əşyalar Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin şəxsin varisinə verilir və bu barədə təhvil-təslim aktı tərtib olunur.  Mərkəzə yeni qəbul edilmiş əcnəbilər mövcud sanitar-epidemioloji normalarla müəyyən edilmiş qaydada tibbi müayinədən və eynicinsli şəxslər tərəfindən sanitar təmizləmədən keçirilir, münasib paltarları olmadıqda iqlimə və insan ləyaqətinə uyğun paltarla təmin edilirlər. Kompleks sanitar təmizləmə zamanı əcnəbilərin (kişilərin) razılığı ilə onların saçları və saqqalları qırxılır. Mərkəzdə məcburi yerləşdirilmiş əcnəbi üçün yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək məqsədi ilə telefonla zəng etmək şəraiti yaradılır. Müdafiəçisi ilə telefon danışıqları istisna olmaqla, Mərkəzdə saxlanılan əcnəbinin telefonla zəng etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesinin araşdırılmasını həyata keçirən orqanın və ya Mərkəzdə rejimi təmin etmək zərurəti yarandıqda, Mərkəz rəisinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Mərkəzdə saxlanılan əcnəbilər heç bir halda işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməzlər.  Əcnəbilər Mərkəzdə 2, 6 və daha çox nəfərlik xüsusi yaşayış otaqlarında bir ailəyə mənsub olmaları, yaşı, cinsi, məhkumluğu, səhhəti nəzərə alınmaqla saxlanılırlar. Məcburi saxlanılanlar könüllü saxlanılanlardan, qadınlar kişilərdən (ailə üzvləri istisna olmaqla), yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan (ailə üzvləri istisna olmaqla), Mərkəzdə saxlanılan əcnəbilər onların həyat və ya sağlamlığına təhlükə törədən Mərkəzdə saxlanılan digər əcnəbilərdən (Mərkəzin rəisinin qərarı ilə) ayrı saxlanılır. Qadınlar kişi cinsindən olan 12 yaşınadək uşaqları öz yanlarında saxlaya bilərlər. Hamilə və ya yanında uşağı olan qadınlar, yetkinlik yaşına çatmayanlar, habelə tibbi nəzarətə ehtiyacı olan əcnəbilər yaxşılaşdırılmış maddi-məişət şəraiti olan yaşayış otaqlarında yerləşdirilirlər, xüsusi tibbi yardım və xüsusi yemək normaları ilə təmin edilirlər.  Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar, yetkinlik yaşına çatmayan əcnəbilər bir nəfərlik xüsusi otaqlarda saxlanıla bilməzlər. Mərkəzdə saxlanılan əcnəbilər iş günlərində bağlama, sovqat və banderol qəbul etmək, o cümlədən şəxsi hesabları vasitəsilə pul baratları almaq və ya göndərmək hüququna malikdirlər.
 
Mərkəzdə yerləşdirilən şəxsin Mərkəzdə saxlanıldığı (tutularaq gətirilən şəxslər barədə isə harada tutulduğu) barədə onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verilir və belə məlumatın verildiyi qeydə alınır. Mərkəzdə saxlanılan əcnəbilərə öz dövlətinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, habelə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla təxirə salınmadan əlaqəyə girmək imkanı yaradılır.  Əcnəbilərin Mərkəzdə saxlanılması barədə onların vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, habelə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla məlumat mübadiləsi Mərkəzin tabe olduğu dövlət orqanının beynəlxalq əlaqələr idarəsi vasitəsilə aparılır.  Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər hər gün üç saatdan az olmayaraq, gündəlik gəzintiyə çıxarılmaq hüququna malikdirlər. Mərkəzdə saxlanılan əcnəbilər gün bölgüsünə uyğun olaraq, Mərkəzdə idmanla məşğul olmaq və stolüstü oyunlar (şahmat, dama, domino, nərdtaxta) oynamaq, habelə televiziya verilişlərinə baxmaq hüququna malikdirlər. Mərkəzdə saxlanılan əcnəbilər bədən tərbiyəsi ilə yataq otaqlarında, idmanla isə gəzinti yerlərində və ya idman ləvazimatları ilə təchiz edilmiş idman zallarında, meydançalarda məşğul ola bilərlər. Yaşayış binalarında Mərkəzdə saxlanılan əcnəbilərin asudə vaxtlarının maraqlı keçməsi üçün stolüstü oyun ləvazimatları ilə təchiz edilmiş otaqlar və televiziya verilişlərinə baxmaq üçün mərkəzləşdirilmiş qoşucu qurğu ilə idarə olunan televizor quraşdırılmış istirahət otaqları nəzərdə tutulur. Mərkəzdə saxlanılan əcnəbiyə Mərkəzdə yerləşdirilməsi barədə qərarın ona elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşməsinə və konfidensial ünsiyyət saxlamasına şərait yaradılır. Rejim qaydalarına riayət etmək şərtilə Mərkəzdə saxlanılan əcnəbilərə Mərkəzdə dini ayinlərin yerinə yetirilməsinə icazə verilir. Mərkəzdə saxlanılan əcnəbilərə dini ayinlərin icrası üçün fərdi əşyaların və dini ədəbiyyatın saxlanılmasına icazə verilir. Tarixi və mədəni sərvət hesab edilən qiymətli metal və daşlardan hazırlanan, həmçinin kəsici-deşici alət şəklində olan dini əşyaların saxlanılması qadağandır. Mərkəzdə saxlanılan əcnəbilərin vicdan və din azadlığına təminat verilir. Onlar Mərkəzlərdə dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək hüququna malikdirlər. Dini ayinlərin yerinə yetirilməsi üçün Mərkəzin rəhbərliyi tərəfindən müvafiq şərait yaradılır. Mərkəzdə saxlanılan əcnəbilərin saxlandıqları yaşayış otaqlarında və yaxud bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi otaqlarda dini ayinlərin yerinə yetirilməsi Mərkəzdə saxlanılan digər əcnəbilərin  hüquqlarını pozmamalıdır. Mərkəzdə saxlanılan əcnəbilərin xahişi ilə Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş dini birliklərdən onlara mənəvi yardım göstərilməsi və dini ayinləri icra edilməsi üçün din xadimləri dəvət oluna bilərlər.
 
Mərkəzdə saxlanılan əcnəbilər ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər ailə hüquq münasibətlərində iştirak edirlər. Mərkəzdə saxlanılan əcnəbilər notarius xidmətlərindən istifadə etmək hüququna malikdirlər. Mülki-hüquq, ailə-hüquq münasibətlərində iştirak etmək, yaxud notariusun xidmətlərindən istifadə etmək məqsədi ilə Mərkəzdən kənara çıxmaq zərurəti yarandıqda, Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər və ya onların nümayəndələri bu barədə Mərkəz rəhbərliyinə əsaslandırılmış yazılı müraciət edirlər. Mərkəzin rəisi müraciətə baxır və Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin razılığı olduğu təqdirdə, həmin əcnəbilərə Mərkəzin işçilərinin müşayiəti ilə və müəyyənləşdirilmiş vaxt çərçivəsində Mərkəzdən kənara çıxmağa icazə verir. Mərkəzdə saxlanılan əcnəbi vəfat etdikdə, Mərkəzin rəisi bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına (teleqram vasitəsilə), onların vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə əcnəbiyə himayədarlığı öz üzərinə götürmüş beynəlxalq  təşkilatlara və aidiyyəti orqanlara məlumat verilməsini təmin edir. Mərkəzdə saxlanılan əcnəbinin meyiti aidiyyəti üzrə təhvil verilir.

Xəbər 680 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR