Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı 8-ə çatıb

Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı 8-ə çatıb

Azərbaycanın sabiq maliyyə naziri Fikrət Yusifov növbədənkənar Prezident seçkilərində namizəd olacağını açıqlayıb.
O, bu barədə Aktual.az-a açıqlamasında məlumat verib.
F.Yusifov öz təşəbbüsü ilə Prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib: "Qoy bu seçkini baykot edənlər, onda iştirakdan imtina edənlər bilsinlər ki, biz bu cəmiyyətdə qarşıdurma deyil, vətəndaş həmrəyliyi yaratmaq üçün varıq. Seçkini baykot etməyə cəhd göstərənlər və onda iştirakdan imtina edənlər unutmasınlar ki, onlar bu addımları ilə Qarabağ Zəfəri əldə etmiş bir xalqın sevgisini deyil, nifrətini qazana bilər. Biz bu seçkilərə vətən sevgimizi reallaşdırmaq üçün gedirik. Biz bu seçkilərə daha güclü Azərbaycanın yaradılmasına töhvə verə bilmək üçün gedirik. Biz bu seçkilərə yüksək vətəndaş həmrəyliyi yaratmaq üçün gedirik. İnanıram ki, xalqımız kirli, məkirli "siyasilərin” Prezident seçkilərinə qara yaxmaq istəyənə fevralın 7-də keçiriləcək Zəfər seçkilərinə bir nəfər kimi qatılmaqla cavab verəcək".
Keçmiş nazir namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlərini bir qədər sonra Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də bildirib.
Bununla da Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı 8-ə çatıb.
Qeyd edək ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyev, dekabrın 21-də isə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Xəbər 610 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR