Azərbaycanda ilk dəfə beynəlxalq "İnnovasiyalar həftəsi" keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq

Oktyabrın 26-30-da Azərbaycanda ilk dəfə beynəlxalq "İnnovasiyalar həftəsi" keçiriləcək.


"Report" xəbər verir ki, layihəni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Heydər Əliyev Mərkəzi birgə reallaşdırır. 

Layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, həmçinin dünyanın ən ağıllı robotu hesab olunan "Sofiya" ilə ünsiyyət qurmaq imkanı yaranacaq. 

Bu gün sözügedən tədbirə həsr edilmiş mətbuat konfransı keçirilib. Heydər Əliyev Mərkəzinin nümayəndəsi Orxan Həbibov bildirib ki, bu layihə hesabına gənclər innovasiyalar barədə məlumat əldə edəcəklər: "Ümidvarıq ki, layihə iştirakçılar tərəfindən böyük maraqla qarşılanacaq". 

NRYTN-in əməkdaşı Rəşad Əzizov isə bəyan edib ki, bütün qurumlar innovativ islahatlar aparır: "Azərbaycanda Heydər Əliyev Mərkəzi ən innovativ məkan hesab edilir. Həftə ərzində bir tədbir deyil, bir neçə tədbir nəzərdə tutulur. İnnovativ inkişafla bağlı vacib sənədlər təqdim ediləcək. İdeyadan biznesə layihəsinin finalı da nəzərdə tutulur. 1 000-ə yaxın gənc bu prosesə cəlb edilib. Ən uğurlu startuplar gələcəkdə maliyyəyə çevriləcək. Gənclər innovativ islahatlar aparan ən vacib qüvvədir. Qlobal "Influencer" çərçivəsində ölkəmizə robot Sofiya gələcək. "Qlobal Influencer Day" oktyabrın 27-də olacaq. "Influencer"lə bağlı iş dünyada ən vacib məsələyə çevrilib".

Nazirlik rəsmisi vurğulayıb ki, digər qurumlarla birgə maraqlı tədbir planlaşdırılır: " Eyni zamanda, "İnnovasiya həftəsi" çərçivəsində Yüksək Texnologiyalar Parkı tərəfindən NRYTN-in, eləcə də bir sıra dövlət qurumları üçün zəruri məsələlərin real zaman kəsiyində həlli yollarını təklif edən ideya yarışı "Hackathon" keçiriləcək. Yüksək Texnologiyalar Parkı ilə "AstroLabs" akselerasiya mərkəzi arasında yerli startaplar üçün xarici investisiyaların cəlb edilməsi üzrə memorandumun imzalanması da nəzərdə tutulub. "İnnovasiyalar həftəsi" çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiber İdman Federasiyası, "Keepface", "Microsoft" və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq. "İnnovasiyalar həftəsi"ndə NRYTN ilə "Microsoft" şirkətinin təşkil etdiyi "dəyirmi masa"da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, Azərbaycan Kiber İdman Federasiyası ilə birgə "Baku Open Cyber Cup" turniri keçiriləcək. Turnirin məqsədi kiber idmanın ölkəmizdə inkişafını təşviq etmək, gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdır. Həmçinin döyüş və futbol üzrə kompüter oyunları da təşkil ediləcək".

"Keepface" şirkətinin rəhbəri Emil Vəli bildirib ki, hazırda innovasiya ekosisteminin yaranmasının şahidi olurlar :"Bu gün bizim sayımız çox deyil. Lakin əhəmiyyətli qurumların innovasiya dalğasına verdikləri dəstək görünməkdədir. "Keepface" Bakıda yaranıb, komandası azərbaycanlılardan ibarətdir. Biz dünyada baş verən tendləri Azərbaycana gətiririk. Hazırda "Keepface" bazasında 14 mindən çox insan qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şəxslərin auditoriyası 1 mlrd. nəfərə yaxındır. Bizim bazadan keçənlərin sayı genişlənir". 

Onun sözlərinə görə,  "Keepface"in həyata keçirəcəyi tədbir böyük əks-səda doğuracaq.  

"FA İnternational Trade Events"in rəhbəri Nail Babayev isə bildirib ki, onlar bir sıra tədbirlərə təşkilatçılıq edirlər: "Ölkə daxili ilə yanaşı ölkə xaricində də tədbirlər təşkil edirik. Qlobal "İnfulecer" tədbirini "Keepface" şirkəti ilə birgə təşkil edirik. Həmçinin çalışırıq ki, Sofiya robotu tədbirdə Azərbaycan dilində salamlama etsin". 

Daha sonra isə Azərbaycan Kiber İdman Federasiyasının rəhbəri Ramil Əliyev tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Xəbər 578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR