Azərbaycana 5 milyon turist gələcək

Azərbaycana 5 milyon turist gələcək

Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Pri yarışları növbəti illərdə Azərbaycan turizminə müsbət təsir göstərəcək.

Aktual.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov bildirib. Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə, yüksək səviyyəli idman yarışları hər bir ölkənin turizminə öz müsbət təsirini göstərir: "İlk növbədə sürətli təbliğat aparılır, ikincisi isə, gələn qonaqlar buraya bir daha gəlmək, ölkə ilə daha yaxından tanış olmaq istəyirlər. Formula 1 yarışları futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra ən çox izlənən nüfuzlu idman yarışıdır. Nəzərə alsaq ki, bu yarış ən azı növbəti 5 ildə də Bakıda keçiriləcək, növbəti illərdə bunun ölkə turizminə birbaşa müsbət təsirini görə biləcəyik".

V.Şıxəmmədov qeyd edib ki, yarışların keçirilməsində əsl məqsəd də elə ölkəyə gələn turistlərin sayını artırmaqdır: "Azərbaycanın turist qəbul etmə potensialına gəlincə, hazırda indiyədək 2,5 milyona yaxın insan ölkəmizə səfər edib. Məqsəd də ondan ibarətdir ki, bu rəqəmi daha da artıra bilək. Bunu etmək tamamilə mümkündür. Yəni bu rəqəm 2 dəfə artacağı təqdirdə Azərbaycanın il ərzində 5 milyon insanı qəbul edə bilmək imkanı var".

Qeyd edək ki, prezident İlham Əliyev ötən həftə Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı bildirmişdi ki, "Formula-1"i izləyəcək 500 milyon insandan 1 faizi Bakıya gəlsə, bu, turizm sənayemiz üçün böyük əhəmiyyət kəsb edəcək: "İki həftədən az müddətdə başlayacaq "Formula-1" ölkəmizə böyük diqqət cəlb edəcək. Beş yüz milyon insan bu yarışı izləyəcək və bu, şəhər halqası olduğundan onlar təkcə stadion və avtomobilləri deyil, inkişaf etmiş Bakı şəhərini görəcəklər. Ümid edirəm ki, hətta yarışı izləyənlərin cəmi 1 faizi Bakıya gəlsə, bu, bizim turizm sənayesi üçün böyük əhəmiyyət kəsb edəcək. Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var - əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Düşünürəm ki, "Formula-1" bunu etmək üçün ən yaxşı yoldur", - deyə prezident bildirib.

Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR