Azərbaycan və Qazaxıstan: Qarşılıqlı fəaliyyətin yeni dövrü başlanır

Azərbaycan və Qazaxıstan: Qarşılıqlı fəaliyyətin yeni dövrü başlanır

Azərbaycan və Qazaxıstanı ümumi tarix, din, dil, gələcəyə istiqamətlənmiş qarşılıqlı faydalı əməkdaşlıq strategiyası ilə yanaşı, Xəzər hövzəsi regionu da birləşdirir. Böyük enerji ehtiyatları olan hər iki qardaş ölkə oxşar iqtisadi maraqlara malikdir və buna görə də, mühüm siyasi və iqtisadi platformalarda rəqib ölkələr kimi deyil,  müttəfiq dövlətlər kimi çıxış edirlər. Tərəflər iqtisadi, enerji, investisiya, kənd təsərrüfatı, mədəni və ümumilikdə humanitar sahələrdə əməkdaşlıq üçün mövcud olan bütun imkanlardan yararlanmaqla nümunə sayılacaq bir birlik nümayiş etdirirlər.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri və imzalanmış sənədlər belə deməyə əsas verir ki, hər iki ölkə münasibətlərdəki hazırkı inkişaf tempini daha da yüksəltməkdə və mövcud potensialdan maksimum yararlanmaqda israrlıdırlar.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycan və Qazaxıstan SSRİ-nin dağılmasından sonra təkcə dostluğu qoruyub saxlamayıb, həm də ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə nail olublar. Əlaqələrin möhkəmlənməsi istiqamətində ilk addımı heç şübhəsiz Ulu öndər Heydər Əliyev atıb və bu da sonrakı dövrlərdə iki qardaş xalq arasında münasibətlərin inkişafında müstəsna rol oynayıb. Bu siyasətin nəticəsi olaraq hər iki ölkə bu gün regional inteqrasiya və təhlükəsizliyin arxitekturasını müəyyən edir, inkişaf paradiqmalarını uğurla tənzimləyir, qlobal uğura töhfəsini verir. Bununla yanaşı, hər iki ölkə regionda əsas inteqrator rolunda çıxış edir, yüklərin Çindən Avropaya və geriyə daşınmasında uğurlu fəaliyyət göstərirlər. TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində sıx qarşılıqlı, faydalı əlaqələr bunun sübutudur. Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının Abşeron stansiyasına gəlməsi iqtisadi nailiyyət kimi tarixə yazıldı. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bu hadisə TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsinin, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. 

Hazırda Prezident İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səyləri nəticəsində bu əlaqələr daha da dərinləşərək strateji əməkdaşlıq, tərəfdaşlıq və qardaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Qazaxıstan ikitərəfli, o cümlədən çoxtərəfli əlaqələr formatında, həmçinin beynəlxalq platformalarda sübut ediblər ki, ölkələr arasındakı əlaqələr təkcə regionumuzda sülhə və sabitliyə kömək etmir, həm də qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq nümunəsidir. Hər iki dövlət bu münasibətlərin bütün sahələrdə daha da inkişaf etdirilməsinə və xalqlarımızın daha da yaxınlaşmasına inanır. 

Sevindirici haldır ki, ölkələrimiz arasında sıx siyasi və iqtisadi dialoqla yanaşı, mədəni-humanitar, elm və təhsil sahələrində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Aydındır ki, mədəni mübadilə və sıx əlaqə iki xalq arasında qarşılıqlı anlaşmada mühüm rol oynayır. Xalqlarımız arasında münasibətlər dilin, mədəniyyətin oxşarlığına, dinlərin birliyinə, tarixi köklərə və coğrafi yaxınlığa əsaslanır. Ölkələrimiz arasında vaxtaşırı mədəniyyət günləri, dəyirmi masalar, beynəlxalq konfranslar, təqdimatlar, sərgilər və  yaradıcılıq görüşlərinin keçirilməsi münasibətlərin doğmalaşmasına, əlaqələrimizin daha da inkişafına geniş imkanlar açıb.

Xalqımız 44 günlük Vətən müharibəsində Qazaxıstanın rolunu və sərgilədiyi mövqeyini heç vaxt unutmayacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ərazi bütövlüyünü və suverenliyini bərpa etməkdə Azərbaycana göstərdiyi daimi dəstəyə görə Qazaxıstana minnətdarıq. Dünən haqq savaşımızda ölkəmizin yanında olan Qazaxıstan bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq prosesinə öz töhfələrini verir. 

Prezident Kasım-Jomart Tokayevin işğaldan azad olunmuş tarixi yurd yerlərimizə səfər etməsi Qazaxıstan dövlətinin işğal dönəmində ölkəmizin ərazi bütövlüyünü tanımasının siyasi yekunu olaraq qardaşlığın, birliyin və Azərbaycana olan sevgisinin ifadəsi kimi yadda qaldı.

Qazaxıstanın "Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikintisi hesab edirəm ki, tarixi qələbəmizə qardaşlıq töhfəsi oldu.

Liderlərin iştirakı ilə  rəsmi açılışı olan mərkəz uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək istiqamətində böyük rol oynayacaq.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri ölkələrimizin münasibətlərində keyfiyyətcə yeni səhifənin açılmasına şərait yaradacaq. Sirr deyil ki, liderlər arasında şəxsi münasibətlər və təmaslar ikitərəfli əməkdaşlığın inkişaf dinamikasına və möhkəmlənməsinə müsbət təsir göstərir. Bu kontekstdə demək olar ki, cənab Tokayevin Azərbaycana səfəri dövlətlərarası əlaqələrin daha da genişləndirilməsi üçün yeni konturların müəyyənləşdirilməsi istiqamətində mühüm addım olacaq. Artıq yeni konturlar müəyyən edilib, konkret razılaşmalar əldə olunub, sənədlər paketi imzalanıb.

Ali Dövlətlərarası Şuranın birinci iclası onun göstəricisidir ki, bütün planlar vaxtında və ən yüksək səviyyədə həyata keçiriləcək. Liderlərin siyasi iradəsi nəzərdə tutulan bütun hədəflərə çatmağa əminlik yaradır.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru

Xəbər 608 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR