"Azərbaycan media azadlığı ilə bağlı qanunvericiliyi təkmilləşdirib"


Bu gün Bakıda Avropa İttifaqı və Avropa Şurasının birgə "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi"nin "İfadə və media azadlığı" layihəsi üzrə "dəyirmi masa" keçirilib.

Aktual.az Trend-ə istinadən bildirir ki, "dəyirmi masa"da Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç və digər qonaqlar iştirak ediblər.

D.Filipoviç çıxışında bildirib ki, Avropa Şurası media prülalizmini üzv ölkələrdə, o cümlədən Azərbaycanda təşviq edir. O qeyd edib ki, Avropa Şurası bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq edir, "Azərbaycanda ifadə azadlığı və media azadlığı" layihəsi də bu istiqamətdədir.

D.Filipoviç vurğulayıb ki, diffamasiya barədə qanunun məqsədi ifadə azadlığını müdafiə etməkdir.

Onun sözlərinə görə, Avropa Şurasının baş katibi T.Yaqland Avropa Şurasına üzv 47 dövləti bu barədə qanunu qəbul etməyə çağırıb: "Azərbaycan müstəqillik əldə etdikdən sonra media azadlığı ilə bağlı qanunvericilik aktlarını təkmilləşdirib, ancaq diffamasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutur. Avropa Şurası Nazirlər Kabineti media azadlığı ilə bağlı üzv ölkələrdən qanunvericiliyi nəzərdən keçirməyə çağırıb".

Tədbirdə çıxış edən Avropa Şurası İnformasiya Cəmiyyəti İdarəsinin rəisi Patrik Pennikx qeyd edib ki, Avropa Şurası "Azərbaycanda ifadə azadlığı və media azadlığı" layihəsi çərçivəsində jurnalistlərə təlimlər keçməklə informasiya azadlığına dəstək verməyə çalışır: "Jurnalistləri hüquq və öhdəlikləri barədə maarifləndirmək qarşıya məqsəd qoyulub. Bu yaxınlarda 15 jurnalistin Avropa Şurasına səfərini təşkil etmişik".

P.Pennikx bildirib ki, diffamasiya qanunları istisna hallarda tətbiq olunmalıdır. Onun sözlərinə görə, yüksək vəzifəli şəxslər tənqidə daha dözümlü olmalıdırlar: "Açıq siyasi məsələlərin müzakirəsinə heç bir məhdudiyyət qoyulmamalıdır. Jurnalistlər və media isə insanların hüquq və reputasiyalarına münasibətdə hədləri keçməməli, jurnalistikanın etik qaydalarına riayət etməlidirlər. Biz hansısa diffamasiya qanunvericiliyi ilə məşğul olmamalıyıq. Cinayət Məcəlləsi ilə bərabər, Mülki Məcəllədən də bu maddələr çıxarılmalıdır".

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı üçün bütün imkanlar yaradılıb. Ə.Amaşov qeyd edib ki, Azərbaycanda heç bir jurnalist səsləndirdiyi fikirlərə görə həbs edilmir.

Ə.Amaşov deyib ki, demokratiya heç də ifadə azadlığından sui-istifadə demək deyil: "Bu gün Avropa ölkələrində də diffamasiya mühiti yoxdur".

Ə.Amaşov qeyd edib ki, bir sıra ekspertlər Azərbaycanda diffamasiya haqqında qanun layihəsinin qəbulunun hələ tez olduğunu bildirirlər: "Deputatlar arasında da bu qanun layihəsi ilə bağlı ortaq mövqeyə nail olunmayıb. Bir sıra deputatlar bu qanun layihəsinin Azərbaycan üçün hələ tez olduğu qənaətindədirlər".

Xəbər 525 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR